"Azərbaycan əməkdaşlıqdan yana mövqe sərgiləyir" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Amerika Birləşmiş Ştatları, Fransa kimi ölkələr Azərbaycana təzyiq üçün çox müxtəlif variantlardan istifadə etməyə çalışırlar ki, bunlardan da biri Qarabağ erməniləri məsələsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, 44 günlük savaş zamanı Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi ölkələr tərəfindən isterika ilə qarşılandı: "Onlar yaranmış yeni reallıqları qəbul etməkdə çətinlik çəkdilər. Məhz bu səbəbdən Azərbaycana qarşı təzyiq mexanizmlərini işə salmağa çalışdılar. Bu müddət ərzində beş dəfə BMT Təhlükəsizlik Şurasının toplantısını çağırıb Azərbaycana qarşı qərar alınması cəhdləri də boşa çıxdığından Azərbaycana qarşı qəzəb var. Azərbaycan bu dövlətlərin Cənubi Qafqazda gərginlik yaratmaq və buranı özlərinə savaş poliqonuna çevirmək niyyətinlərinə qarşı duran əsas dövlət rolunda çıxış etdiyi üçün bu kimi vasitələrdən istifadə edirlər. Bundan sonra da etməyə çalışacaqlar".

Onun sözlərinə görə, keçən il bu antiterror əməliyyatlarına qarşı çıxsalar da, ona əngəl ola bilməyən Fransa və ABŞ Qarabağdan ermənilərin köçünün təşkilində aktiv rol almaqla sonradan bundan Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə etməyə çalışır: "Amerika Konqresində keçirilən dinləmələr də məhz buna həsr olunub. Həm keçən ilin noyabrı, həm də bu ilin sentyabrındakı dinləmələr məhz Amerikanın bölgədəki konstruktiv olmayan, əksinə bölgəni qarışdırmaq, bölgədə gərginlik yaratmaq niyyətlərini özündə əks etdirən tədbirlərdir. Bu toplantılarda Azərbaycana qarşı çağırışların edilməsi də bununla bağlıdır. Təsadüfi deyil ki, məşhur Samanta Pauer keçən ilin sentyabrında Qarabağdan ermənilərin köçü ilə bağlı açıqlamasında Gorusa gələrək bildirmişdi ki, burada hesabat hazırlamağa gəlib, fakt toplayır. O zamandan Amerikanın niyyəti bəlli idi. Amma ABŞ Azərbaycana təzyiq etməklə Ermənistanı həm xilas etmək, şərtləri əsasında hansısa yarımçıq sülh müqaviləsi imzalatmaqla gələcəyə yeni münaqişə mənbəyi saxlamaq və bölgədə öz marağını təmin etməyə çalışır. Təbii ki, Azərbaycan buna getməyəcək və Amerika Birləşmiş Ştatları əgər bu cür mürtəce və destruktiv fəaliyyətini davam etdirəcəksə, Azərbaycanın da buna verəcəyi cavablar var. Sadəcə olaraq Azərbaycan Amerika və digər ölkələrlə münasibətlərin normal qalmasında maraqlıdır. Amma münasibətlərin bundan sonrakı inkişafı hər iki tərəfdən asılıdır.

Azərbaycan əməkdaşlıqdan yana mövqe sərgiləyir. Amerika Birləşmiş Ştatları və ermənipərəst Bayden administrasiyası əgər bu cür anti-Azərbaycan siyasətini davam edəcəksə, təbii ki, bunun Amerika üçün müəyyən problemləri olacaq. Ən azı Azərbaycanın Amerikanın bölgədəki rolunu bloklamaq, o cümlədən kommunikasiya xətlərindən istifadə etməklə bağlı tədbirlər görə bilər. Bu da Amerikanı kifayət qədər problematik vəziyyətə sala bilər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə