"Reallıqları dünyaya qəbul etdirmək əhəmiyyətli rol oynayacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

"Antiterror əməliyyatlarının birinci ildönümünün Qarabağ Universitetinin tələbələri qarşısında onlarla birlikdə və ölkə Prezidentinin iştirakı ilə qeyd olunması əlamətdar, tarixi rəmzlərdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, bu hadisə bir neçə hadisənin üst-üstə düşməsi kimi qiymətlidir: "Çünki antiterror əməliyyatları Azərbaycanın tam suverenliyinin bərpa olunma prosesinin əsasını təşkil edir. Eyni zamanda antiterror əməliyyatları ölkəmizdə erməni separatizmini son yuvasının kökünə qədər məhv etmiş əməliyyatdır. Eyni zamanda Qarabağ Universiteti tariximizdə ilk dəfə yaradılmış universitetdir. Bu universitet ilk dəfə tələbələri ilə birlikdə keçmiş və bu gün məhv edilmiş separatizm ocağında antiterror əməliyyatlarının birinci ildönümünü qeyd edir. Təbii ki, burada edilən çıxışların, xüsusilə də, ölkə başçısının hər bir mesajının həm orada təhsil alan tələbələr üçün, həm Azərbaycan ictimaiyyəti üçün, həm də dünya üçün qiymətli məzmunları var. Bu antiterror əməliyyatlarının keçirilməsini zəruri edən amillərin təkrar olaraq, fasiləsiz şəkildə dünyaya çatdırılmasına böyük ehtiyac var. Çünki hələ də ermənilər məğlubiyyətlə barışmırlar, regionda yaradılmış yeni reallıqları qəbul etmirlər. Bütün dünyaya var gücləri ilə sübut etməyə çalışırlar ki, Qarabağ münaqişəsi hələ həll olunmayıb. Yüz mindən artıq erməni, guya, Qarabağdan deportasiya olunub. "Deportasiya olunmuş" yüz min erməninin hansısa mifik beynəlxalq qarantiya altında Qarabağa qayıdışına ehtiyac var.

Hətta Amerika kimi super dövlətlər özlərinin tarixinə bu gün daşıdıqları və dünyaya qəbul etdirmək istədikləri dəyərlərin tam əksinə olaraq belə bir mövqedən çıxış edirlər ki, Qarabağ ermənilərinin, guya, ötən bir il ərzində məhrum olduqları gəlirlərin bərpası üzrə xüsusi beynəlxalq fond yaradılmalıdır. Guya, Qarabağda seperatizmlə məşğul olan ermənilər orada dünyanı yaşadan böyük maddi-mənəvi istehsal və yaradıcılıq işləri ilə məşğul olurmuşlar. Bu bir ildə onların buralardan məhrum olmaları, guya, dünyaya böyük maddi-mənəvi itkilər gətirib. Belə şəraitdə antiterror əməliyyatlarının tariximizdə çox vacib rol oynadığı və onun labüd şəkildə həyata keçirilməsi ilə bağlı əsl həqiqətləri dünyaya təkrar da olsa, açmağa böyük ehtiyac var. Bu bizim tariximizdir. Bundan sonra da Qarabağ münaqişəsinin həllindən sonrakı reallıqları dünyaya qəbul etdirmək də bizim üçün olduqca əhəmiyyətli rol oynayacaq".

"Burada Azərbaycanın antiterror əməliyyatından sonra dünyada öz nüfuzunu daha da gücləndirməsi və daha sözü ötkəm dövlətə çevrilməsi faktının da dünyaya çatdırılması xüsusilə önəmlidir. Çünki dünya görməlidir ki, onlarla danışan ölkə ərazisinin böyük bir hissəsini itirmiş ölkə deyil, bilməlidirlər ki, böyük bir təcavüzkara haqlı şəkildə qalib gəlmiş bir dövlətlə üz-üzə dayanıblar. Onunla təmaslar qururlar. Buna görə də Qarabağ Universitetindən verilmiş mesajların həm böyüməkdə olan gənc nəslimizin tərbiyəsi üçün, həm yaxın tariximizin öyrənilməsi üçün əhəmiyyəti var, həm də Qarabağ münaqişəsinin həlli uğrunda mübarizə tarixinin əsl həqiqətlərini öyrətmək baxımından dəyərlidir" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə