Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimlər müşavirəyə gediblər

Sentyabrın 21-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun parlament seçkiləri ilə bağlı keçirilən iclasında hakimlər qərarın elan olunması üçün müşavirəyə gediblər. SİA xəbər verir ki, iclasda iki məruzəçi hakim təyin edilib.

Məruzəçi kimi çıxış edən hakim Rövşən İsmayılov bildirib ki, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarındakı bütün məlumatları ümumilləşdirərək sentyabrın 1-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin nəticələri barədə 2024-cü il 16 sentyabr tarixli protokol tərtib edib. Səsvermənin nəticələri haqqında Mərkəzi Seçki Komissiyasının protokolu, qərar və ona əlavə olunmuş sənədlər səsvermənin nəticələrinin təsdiq və rəsmən elan edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunub.

Sonra məruzəçi hakim Kamran Şəfiyev çıxış edib. O, parlament seçkiləri ilə bağlı prokurorluq və polis orqanlarına daxil olan şikayətlər barədə məlumat verib.

Daha sonra MSK sədri Məzahir Pənahovun parlament seçkiləri ilə əlaqədar məlumatı dinlənilib.

Məzahir Pənahov, həmçinin Konstitusiya Məhkəməsinin hakimlərinin suallarını cavablandırıb.

Eyni zamanda, iclasda Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti Nəsib Şükürov ekspert qismində çıxış edib.

İclasda, həmçinin Dövlət Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib etdiyi arayışla Fərid Əhmədovun çıxışı dinlənilib.

Məhkəmə araşdırması başa çatdıqdan sonra hhakimlər müşavirəyə gediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə