Dövlətçilik tariximizin qürur səhifəsi

Əli Hüseynli

Milli Məclisin deputatı

Azərbaycanda uzun illər mövcud olmuş erməni separatizminə son qoyan, Qarabağ da daxil olmaqla ölkəmizin bütün ərazilərində suverenliyimizin tam bərpası ilə başa çatan lokal antiterror tədbirlərindən düz bir il ötür.

O dövrə qədər artıq Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində hərbi-siyasi yolla öz torpaqlarını 30 illik erməni işğalından azad etmişdi. Hələ o zaman Xankəndini və digər əraziləri Ermənistanın qanunsuz hərbi birləşmələrindən təmizləmək imkanı olsa da, rəsmi Bakı hərbi güc tətbiqinə üstünlük vermədi. Postmüharibə dövründə Qarabağ ermənilərinin sivil reinteqrasiyasına çalışan ölkə rəhbərliyi humanist yanaşma göstərdi, qarşı tərəfi dəfələrlə danışıqlara dəvət etdi. Lakin Ermənistanın və Qarabağda süquta uğradılmış separatçı rejimin rəhbərliyi üç ilə yaxın müddətdə Azərbaycanın dayanıqlı sülh və reinteqrasiya üçün təklif etdiyi bütün səmərəli təklifləri rədd etdi, hərbi təxribatlarla bölgədəki vəziyyəti gərginləşdirmək yolunu seçdi. Azərbaycan qarşı tərəfin destruktiv gedişlərinə cavab olaraq, “Fərrux”, “Qisas” və “Qətiyyətli cavab” kimi sülhə məcburetmə əməliyyatlarını uğurla reallaşdırsa da, öz xarici havadarlarından dəstək alan və beynəlxalq hüququ ayaqları altına atan Ermənistan yenə də düzgün nəticə çıxara bilmədi. Bu, Azərbaycanın hərbi-siyasi, diplomatik gücünün adekvat dəyərləndirilməməsinin, revanş iddialarının nəticəsi idi.

Müharibə bitdikdən sonra belə Rusiya sülhməramlılarının gözləri önündə əraziyə külli miqdarda silah-sursat daşınması, ardı-arası kəsilməyən siyasi-hərbi təxribatlara rəvac verilməsi, minalanma işlərinin daha sürətlə davam etdirilməsi, bütün bunlarla müşayiət olunan çoxlu sayda insan itkiləri, nəhayət Qarabağda antiterror tədbirlərinin keçirilməsinin zəruriliyini və labüdlüyünü ortaya qoydu. Bu, ilk növbədə məhz Ermənistan tərəfindən 2020-cü il noyabrın 10-da Moskva şəhərində imzalanmış üçtərəfli Bəyanatın 4-cü bəndinin tələblərinin kobud şəkildə pozulmasının məntiqi nəticəsidir və bütün bunlara görə məsuliyyət yalnız İrəvan hökuməti üzərindədir. Bu baxımdan dinc mülki əhalinin və hərbçilərin təhlükəsizliyinə təhdid yaradan Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi ölkəmizin təbii və qanuni haqqıdır.

Beləliklə, 2023-cü il sentyabrın 19-20-də reallaşdırılan lokal antiterror tədbirlərinin nəticələri Azərbaycanın ədalət dəyərlərinə söykənərək öz haqqını qazandığını sübut etdi. Bu əminlik aşağıdakı meyarlarla ölçülür:

  • Azərbaycan beynəlxalq hüququn işləmədiyi yerdə öz gücü ilə tarixi ədaləti bərpa etmək imkanını və qələbə əzmini dünyaya nümayiş etdirdi;
  • Antiterror tədbirləri Azərbaycanın hərbi gücünün ən mükəmməl standartlar səviyyəsinə qalxdığını, ölkəmizdə hərbi quruculuq işinin ardıcıl şəkildə davam etdirildiyini bir daha təsdiq etdi;
  • Azərbaycan bu nailiyyəti ilə həm də işğaldan və müstəmləkəçilikdən əziyyət çəkən xalqlar üçün bir nümunə yaratmış oldu;
  • Antiterror tədbirləri xalqın etimadına və ordumuzun gücünə arxalanan Prezident, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz siyasi iradəsinin və bənzərsiz sərkərdəlik istedadının təcəssümünə çevrildi;
  • “İldırım sürətli” lokal tədbirlər Azərbaycanın separatçılıqla heç zaman barışmayacağını, şanlı ordumuzun dövlət müstəqilliyinin, dövlətçiliyinin və ərazi bütövlüyünün keşiyində etibarlı şəkildə durduğunu sübut etdi;
  • 24 saatdan az müddətdə düşmənin tam məğlub edilməsi və mininmum itkilərlə sona çatan bu əməliyyatı dünya hərb tarixinin mükəmməl örnəyi saymaq olar. Belə ki, bu tədbirlər zamanı yalnız legitim hərbi hədəflər yüksək dəqiqlikli atəş vasitələri ilə sıradan çıxarıldı, mülki əhaliyə və infrastruktura zərbə endirilmədi;
  • Əldə olunmuş razılaşmaya uyğun şəkildə, silahı yerə qoymaqla tərk-silah olunan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və mülki əhalinin Qarabağ bölgəsindən təhlükəsiz çıxışına imkanın yaradılması Azərbaycan tərəfindən beynəlxalq humanitar hüququn bütün normalarına əməl edildiyinin bariz sübutudur. Ermənistanın əsassız iddialarına rəğmən, Beynəlxalq Qızıl Xaç Komitəsi də daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar bu həqiqəti təsdiqləmək məcburiyyətində qaldılar;
  • Qanunsuz rejimin ideoloji-siyasi rəhbərlərinin, yəni etnik-dini qarşıdurmanı təşviq etməkdə, ağır müharibə cinayətlərində təqsirli bilinən şəxslərin tutularaq Bakıya gətirilməsi göstərdi ki, ölkəmiz hərbi caniləri qətiyyən bağışlamır, hüququn aliliyini, tarixi ədaləti bərpa edir;
  • Həmin hadisələrdən ötən cəmi bir il ərzində Azərbaycanın Xankəndi də daxil olmaqla, suverenliyini bərpa etdiyi tarixi ərazilərində reallaşdırdığı genişmiqyaslı abadlıq-quruculuq işləri, Qarabağ Universitetinin fəaliyyətə başlaması, keçmiş məcburi köşkünlərin yurdlarına qayıtmaları revanş xülyasından əl çəkməyən Ermənistanın müəyyən hərbi-siyasi dairələrinə sərt ismarıcdır. Başqa sözlə, artıq bütün dünya ictimaiyyəti qəbul edir ki, bölgədə yeni geosiyasi reallıqlara nail olmuş, sülhün və inkişafın əsas dayağına çevrilən Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi dönməzdir və bu reallığı dəyişmək mümkün deyil.

Prezident İlham Əliyev ötən il oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldarkən o anları böyük xoşbəxtlik və tarixi hadisə adlandırmışdır: “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.

Antiterror tədbirlərinin ildönümü ərəfəsində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli Sərəncamında dəyişiklik edilməsi barədə dövlət başçısının müvafiq Sərəncamına əsasən, 20 sentyabr tarixinin “Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü” elan edilməsi böyük rəmzi məna daşıyır. Həmçinin hər il sentyabrın 20-də qeyd ediləcək Dövlət Suverenliyi Gününün təsis olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı mühüm əhəmiyyətə malikdir. Bu sənədər lokal xarakterli antiterror tədbirlərinin siyasi və tarixi əhəmiyyətinə verilən yüksək qiymətdir. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə