"Qisas" və "Qətiyyətli cavab" əməliyyatları Ermənistana layiq olduğu yeri göstərdi

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük İkinci Qarabağ müharibəsində dünya hərb tarixinə yeni səhifə yazan yenilməz Azəbaycan Ordusu – 2023-cü il sentyabrın 20-də növbəti qələbəyə imza atdı. Belə ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının "Dəmir yumruq" siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitləri Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi daha bir böyük missiyanı uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Qısa müddətdə - bir günə təmin etdiyi qələbə yenilməz Ordumuzun malik olduğu imkanların olduğunu və Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı bütün təxribatların qarşısı qətiyyətlə alınır və alınacağının sübutu idi.

Sentyabarın 19-da Ermənistan silahlı birləşmələrinin törətdikləri terror aktı Azərbaycanı lokal antiterror tədbirlərinə başlamasına rəvac verdi. Dövlət başçısı İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində antiterror tədbirlərini nə zamana dayandıracağımızla bağlı irəli sürülən şərtlərdən geniş bəhs etdi. Ermənistan ordusunun ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, ərazimizdən tamamilə çıxarılmalı, eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik. Qarşı tərəfin qısa zamanda, bir gün ərzində irəli sürülən şərtlərdə razılaşması Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir.

Qalib Liderimiz, Prezident İlham Əliyev müraciətində lokal antiterror tədbirlərinə başlanmasını şərtləndirən amillərə diqqəti yönəldərək bildirdi ki, bu tədbirlər nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini qeyd edən dövlətimizin başçısı deyib: "Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır".

Bəli, sözü imzası qədər dəyərli və keçərli olar Ali Baş Komandan, Prezident İlham Əliyev nə vaxt, nəyi, necə etmək lazımdır – bunu özü bilir. Dövlət başçımız Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bir daha özlüyündə yaranan "Bu vəziyyətə gətirib çıxarmaq kimə xeyir gətirdi" sualına cavab olaraq bildirib ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra biz haqlı narahatlığımızı ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır: "Biz deyirdik ki, qanunsuz xunta rejimi öz əski parçasından artıq olmayan dırnaqarası bayraqlarını büküb cibinə qoyub bizim torpağımızdan çıxmalıdır. Bu, bizim suveren hüququmuzdur. Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb. Əgər vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyirdisə, indi "Qarabağ Azərbaycandır" deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, bunu öz xoşu ilə etməyib, bunu "Dəmir yumruq" hesabına etməyə məcbur olub. Amma fakt göz qabağındadır. Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyandan sonra Qarabağda 30 il at oynadan kriminal rejimin hansı statusu ola bilər?! Hansı dövlət atributları ola bilər?! Hansı seçkilər ola bilər?!"

Dövlət başçımız sözügedən müraciətdə onu da söylədi ki, İkinci Qarabağ müharibəsi başa çatanda, Ermənistan ağ bayraq qaldıranda, diz çökəndə, kapitulyasiya aktına imza atanda mən demişdim ki, status cəhənnəmə getdi. Ona görə bütün bu amillər bir daha onu göstərir ki, qanunsuz kriminal xunta rejimi azğınlaşıb, harınlaşıb və qudurub. Unudub ki, onlar Azərbaycan ərazisində yaşayırlar. Ona görə bizim bütün addımlarımız legitimdir, hüquqidir, ədalətlidir və bütün addımlara görə biz həm məsuliyyət daşıyırıq, həm qürur hissi keçiririk.

Bəli, sözü imzası qədər dəyərli, keçərli olan Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bir daha növbəti mesajını da ünvanladı ki, nə vaxt, nəyi, necə etmək lazımdır – bunu özü bilir: "Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik. Hesab edirəm ki, yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında!".

Bir sözlə, dövlət başçımızın söylədiyi kimi: "bizə xor baxanlara, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, "Dəmir yumruq" yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!".

ZƏRİFƏ QULİYEVA

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə