"Anti-terror əməliyyatı Azərbaycanın haqqı idi" - MÜNASİBƏT BİLDİRİLDİ

"2023-cü ilin 19 sentyabr anti-terror əməliyyatı Azərbaycanın suverenliyinin tam bərpasına doğru uzun mübarizə yolunda atdığımız sonuncu həlledici addımdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

O bildirib ki, bu əməliyyat mütləq həyata keçirilməli idi: "Onu zəruri edən amillərə bu gün Azərbaycan və dünyada obyektiv baxışlı dairələrin heç biri şübhə etmir. Dünya dövlətlərinin arasında bu əməliyyata görə Azərbaycanı qınayanlar, küsənlər, düşmən kəsilənlər olsa da, həqiqəti görən və həqiqət düşüncəsində olanlar qəbul edir ki, bu antiterror əməliyyatı Azərbaycanın haqqı idi, labüd idi. Çünki bu əməliyyatı zəruri edən amillər birbaşa Azərbaycanın dövlət mənafeləri ilə bağlı idi.

2020-ci ildə Vətən müharibəsindən və 9 noyabr sənədi imzalanandan sonra Ermənistan və onun keçmiş Dağlıq Qarabağdakı əlaltılarına verilən möhlət yerinə yetirilmədi. Onlar bu müddət ərzində birinci növbədə qanunsuz silahlı dəstələrin buraxılması, yaxud da, Ermənistana aparılması kimi öhdəliyi yerinə yetirmədilər. Eyni zamanda Ermənistan separatçı rejimin rəhbərlərinin fəal iştirakı ilə hətta 2021-ci ildə Azərbaycanın hələ də onların əlində olan rayonlarında minalar basdırmaqda davam etdilər. Bütün bunlar Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinin əldə olunmasına tam şəkildə maneçilik törədirdi. Həm insanların təhlükəsizliyi üçün böyük təhdid idi, həm də Azərbaycanın dünyada nüfuzuna açıq şəkildə xələl gətirirdi ki, Azərbaycan öz içində bir boz zona ilə bacara bilmir. Belə şəraitdə artıq ölkəmizin haqqı, hüququ yarandı ki, antiterror əməliyyatı həyata keçirilsin".

"Bir gün içində həyata keçirilən tədbir Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələndi. Bu, Azərbaycanın iradəvi və qətiyyətlə atdığı addım idi. Çünki bu addımı istəməyənlər var idi. Hətta antiterror əməliyyatının həyata keçirilməsini Rusiyanın özündə belə istəməyənlər var idi. Təsadüfi deyil ki, Qərbdə də bu əməliyyatdan məmnun qalmayanlar meydana çıxdı. Onlar bu əməliyyatın qarşısını almaq üçün istənilən cəhdlər etməyə hazır idilər. Hətta 2023-cü ilin sentyabrın 17-də İstanbulda Amerika, Avropa Birliyi və Rusiya nümayəndələri məhz antiterror əməliyyatından Azərbaycanı çəkindirmək məqsədilə gizli toplantı keçirmişdilər. Bir qərar qəbul edə bilmədilər. Qəbul etdikləri qərar Azərbaycan üçün qəbuledilməz oldu. Bu da bizim tariximizin hələlik sirrli səhifələrindən biridir ki, İstanbulda 17 sentyabrda görüş keçirmiş tərəflər Azərbaycana antiterror əməliyyatı ilə bağlı hər hansı bir mesaj veriblər, verməyiblər hələlik sirdir. Ancaq əminəm ki, "dayandırın" mesajı verilmiş olsaydı belə, Azərbaycan rəhbərliyi onu qəti şəkildə rədd edərdi. Çünki antiterror əməliyyatının keçirilməsi bütün Azərbaycan xalqının istəyinə, iradəsinə və 30 ildə suverenliyə tam şəkildə qovuşmaq arzusuna uyğun idi. Tariximizdə bu hadisənin şərəfli yeri var" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə