Qərbin İNFORMASİYAYA NƏZARƏTİ ƏLƏ KEÇİRMƏK NİYYƏTİ - TƏHLİL

Qərbion hər sahədə hegemonluq niyyəti artıq şəksiz-şübhəsiz özünü biruzə verir və bu məqam indi heç gizlədilmir də. Acıq-aşkar şəkildə hər şeyin ələ alınması, xüsusən də informasiyaya nəzarəti ələ keçirmək cəhdləri də müşahidə edilməkdədir. Nəzərə alsaq ki, əsrimiz informasiya əsridir və informasiyanın daha böyük təsir gücünə malik olduğu özünü göstərir, deməli, artıq informasiyaya nəzarəti ələ keçirmək cəhdləri ilə Qərbin çox şeyi əldə etmək niyyətində olduğu ortaya çıxır.

İnformasiyaya nəzarəti ələ keçirmək niyyətinin reallaşması yolunda Durov ilk qurbanlardan biri hesab oluna bilər

Pavel Valeriyeviç Durovun saxlanılması bütün dünyada rezonans doğurdu. Bu rezonans səbəbsiz də sayılmır. İlk növbədə onu nəzərə almaq lazımdır ki, Durovun saxlanılması bütün rabitə və kütləvi informasiya sahəsinə ciddi şəkildə təsir etdi. Həmin təsirin əhəmiyyətli dərəcədə olduğu dünyanın hər yerində asanlıqla müşahidə edildi. Deməli, məhz informasiya sahəsində hansısa nəzarət mexanizminin ələ keçirilməsi niyyəti artıq özünü göstərməkdədir.

Qəsdən yalan uydurmaların yayılmasını məhdudlaşdırmaqdan imtina etdiyinə görə Rusiya Federasiyasında qadağan edilmiş Facebook sosial şəbəkəsinin yaradıcısı Mark Elliot Eduardoviç Zukerberq bildirib ki, Amerika Birləşmiş Ştatlarının administrasiyası və kəşfiyyat xidmətləri dəfələrlə informasiyanı bloklamağa şəbəkəni məcbur edib. Təbii ki, bu, Demokrat Partiyası üçün əlverişsiz olduğuna, sərf etmədiyinə görədir. Fransa prokurorluğu Pavel Valeriyeviç Durovu, əslində, Telegram-ın heç bir ölkənin belə təzyiqinə boyun əymədiyini səbəb bilərək ittiham edib. Bunlar absurd məqamlardır və heç bir normalara uyğun deyil. Deməli, ortada hansısa niyyət var və bu niyyətin heç də yaxşı olmadığı daha inandırıcıdır. Belə görünür ki, Qərb informasiyaya nəzarəti ələ keçirmək niyyətindədir və bu niyyətin reallaşması yolunda Durov ilk qurbanlardan biri hesab oluna bilər.

Bütün cəhdlərin informasiya ilə bağlı nəzarəti ələ keçirməyə hesablandığı zərrə qədər də şübhə doğurmur

Diqqətə çatdıraq ki, Pavelin qardaşı Nikolayın rəhbərliyi altında hazırlanmış şifrələmə sistemi hətta Telegram-ın özünə də mesajlara giriş imkanı vermir. Məhz ona görə də hərbçilər də bundan istifadə edirlər. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov şəxsən özü bildirib ki, bütün messencerlər təhlükəlidir və dövlət qulluqçularımız onların heç birindən öz işlərində istifadə etməməlidirlər. Belə çıxır ki, nəzarət məsələsi diqqət altındadır və bu, heç də səbəbsiz deyil. Hətta narahatlıq belə doğurduğu özünü göstərir. İstənilən halda, Qərbin, xüsusən də Makron hakimiyyətinin iç üzünün ortaya çıxması ilə doğan narahatlıqdır. “Bütün bunlar söz və ifadə azadlığının qorunması sahəsində beynəlxalq normaları “təntənəli şəkildə” tapdalayan Fransa rəhbərliyinin həqiqi münasibətini bir daha nümayiş etdirdi”, deyə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbərinin açıq-aşkar şəkildə bildirməsi özü çox şeydən xəbər verir.

Görünən odur ki, Fransa hakimiyyəti üçün Durovu mühakimə etmək həddindən artıq çətindir. Hətta onların saxladıqlarını buraxmağa qorxduqları da bir reallıqdır. Amma bununla belə Fransa qanunlarının icazə verdiyi şəkildə Durov tam dörd gün həbsdə saxlanılıb. Özü də məhkəmə nəzarəti altında saxlanılıb və girov da beş milyon yevro həddində olub. Doğrudur girov milyarder Durov üçün heç də böyük bir şey sayılmazdı və ümumiyyətlə, onun üçün Rusiya Federasiyasına qaçmaq da çətin olmazdı. Onun Fransaya təhvil verilməyəcəyi də məlum məsələ idi. Amma nəzərə almaq lazımdır ki, belə bir qaçış ittihamların haqlı olduğu təəssüratı yarada bilərdi. Məsələ burasındadır ki, təəssüratlar artıq fərqlidir və belə görünür ki, Durovun həbsində əsas diqqət mərkəzində olan informasiya ilə bağlı nəzarət məsələsidir. Yəni bütün cəhdlərin informasiya ilə bağlı nəzarəti ələ keçirməyə hesablandığı zərrə qədər də şübhə doğurmur.

Aciz vəziyyətdə qalan Qərbin çirkin niyyətinin nə məqsədə xidmət etdiyi bəlli olurA

Bir faktı diqqətə çatdıraq ki, İsveçrədə yaşayan İrina Bolqar adlı şəxs Durovun məhz onun üç uşağının atası olduğunu və aliment ödəməkdən imtina etdiyi üçün valideynlik hüququndan məhrum edildiyini iddia edir. Belə görünür ki, İsvecrənin timsalında bir neçə ölkə Fransa nümunəsinə uyğun olaraq, Telegram-a qarşı ittihamlar hazırlamaqda maraqlıdır. Hətta senzuranın olub-olmaması məsələsi ilə bağlı da ittihamlar var. Belə məlum olur ki, Avropa İttifaqı özü də bütün sosial şəbəkələri məhz istifadəçilərə istənilən məzmunun bloklanmasını tələb etmək üçün vasitələr təqdim etmək niyyətindədir. Deməli, niyyətin məhz informasiyaya nəzarət olduğu artıq sadalanan nümunələrdə öz təsdiqini tapmış olur.

Həqiqətən də informasiyanın nə qədər önəmli olduğu, böyük təsir imkanlarına malik olduğu bütün dünyada nəzərə alınmaqdadır. Bir sıra münaqişələrin belə məhz informasiya sayəsində yoluna qoyulduğu da bəllidir. Döyüş meydanlarında müharibə başa çatdıqdan sonra informasiya cəbhəsində mübarizənin davam etməsi də təkzibedilməzdir. İnformasiya cəbhəsində daha güclü, daha tutarlı arqumentlərə sahib olan tərəfin qələbə qazanması da, bundan sonra da uğurlara imza atacağı da bir reallıqdır. Görünür, bu reallıqları Qərb dərindən təhlil edib, düşünüb və informasiyaya nəzarət etmək barədə bir qənaətə gəlib. Daha dəqiq desək, Qərbin məhz informasiyaya nəzarəti ələ keçirmək niyyəti artıq aydın şəkildə görünür. Bunun üçün mümkün bütün tədbirlərə əl atılır. Durovun həbsi məsələsində də məqsəd elə informasiyaya nəzarəti ələ keçirməkdir. Axı belə bir nəzarət olmadığı təqdirdə Qərb özünü və istədiyi tərəfi haqsız ola-ola haqlı çıxara bilmir. Azərbaycan kimi bir ədalətli mübarizə aparan ölkə əgər informasiya cəbhəsində öz həqiqətlərini sübut edirsə və Qərb də aciz vəziyyətdə qalırsa, deməli, niyyətin nə məqsədə xidmət etdiyi bəlli olur...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə