"44 günlük Vətən savaşı böyük güclərin siyasi laylarını tərpətdi" - MÜNASİBƏT BİLDİRİLDİ

"44 günlük Vətən savaşından sonra Cənubi Qafqazda yeni bir situasiya yarandı". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib.

O bildirib ki, ümumilikdə Cənubi Qafqazda böyük güclərin maraqları toqquşmuşdu: "Azərbaycanın qələbəsi ilə yeni bir situasiya yarandı. Bu baxımdan Cənubi Qafqazda böyük güclərin maraqları var. Bu maraqlar isə Azərbaycan üzərindən həyata keçirilə bilər. Azərbaycan həm coğrafi baxımdan, həm də siyasi və iqtisadi baxımdan strateji bölgədir. Bolşeviklərin lideri olan Leninin bir sözü var: "Azərbaycan Şərqin qapısıdır". Bu fikir bir daha onu göstərir ki, Azərbaycanın razılığı olmadan heç bir proyekt həyata keçirilə bilməz.

Azərbaycanın uğurlu qələbəsindən sonra Azərbaycan geosiyasi proseslərə birbaşa təsir edəcək dövlətə çevrilib. Prezident İlham Əliyev demişkən "44 günlük Vətən savaşı böyük güclərin siyasi laylarını tərpətdi". Bu baxımdan Azərbaycan Cənubi Qafqazda aparıcı dövlət olmaqla yanaşı geosiyasi proseslərə birbaşa təsir edən dövlətdir. Cənubi Qafqaz - Orta dəhliz layihəsi Azərbaycan üzərindən reallaşa bilər. Şimal-Cənub dəmir yolu infrastrukturu Azərbaycan üzərindən həyata keçirilə bilər. Enerji layihələri Azərbaycan üzərindən həyata keçirilir. Eyni zamanda Azərbaycan Avropanın üçdə birini enerji təhlükəsizliyi ilə təmin edən dövlətdir. Bu proyektlərin hamısı isə Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir. Çünki Azərbaycan xarici siyasət doktrinasının ana xətti balans siyasətidir".

"Azərbaycan həm Şimal-Cənub, həm Şərq-Qərblə maraqlarını uzlaşdırmaqdadır. Azərbaycan Avropa ilə yanaşı BRİCS təşkilatı ilə də əməkdaşlıq etmək üçün müraciət edib. Bu yaxınlarda Kazanda keçiriləcək toplantıda bu təşkilata üzv olacaq. Həm də Azərbaycan Rusiya ilə də dostluq və əməkdaşlıq sahəsində fəaliyyətini gücləndirir. Eyni zamanda Türkiyə və türk dövlətləri ilə də maraqlarını genişləndirməkdədir. Turan İttifaqının yaradılmasında strategiya Azərbaycan üzərindən qurulur.

Azərbaycan Prezidentinin apardığı siyasət qlobal güclərin maraqlarının diqqət mərkəzindədir. Ona görə də Azərbaycan Prezidenti Avropaya səfər etdikdə onunla şəkil çəkdirmək üçün rəqabətdə olurlar. Bu, Azərbaycanın apardığı siyasətin məntiqi nəticəsidir. Bu da birbaşa Prezidentin iradəsi ilə formalaşır. İstər 44 günlük Vətən savaşı olsun, istərsə də, iqtisadiyyat, iqtisadi strategiyamızda aparılan siyasət olsun, ümumiləşdirərək birmənalı ifadə edə bilərik ki, Azərbaycan geosiyasi proseslərin episentridir. Qlobal güclər Azərbaycanın razılığı olmadan bu bölgədə heç bir proyekt həyata keçirə bilməz. Çünki gələcək Orta Dəhliz layihəsi məhz Azərbaycan üzərindəndir. Hətta Azərbaycan yaşıl enerji strategiyasını dünyaya təqdim edir. Bu yeni siyasət dünyanın da diqqət mərkəzindədir. Hesab edirəm ki, bu proseslərdə Azərbaycan söz sahibidir, dünyanın həm iqtisadi, həm də siyasi episentrinin mərkəzinə çevrilib" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə