“Sülh müqaviləsi ilə bağlı addımların atılma ehtimalları yüksəkdir” - ŞƏRH OLUNDU

“Ermənistanın verdiyi açıqlamalar arasında çox böyük fərq var. Yəni, deyilənlər ilə təcrübə biri-birinə daban-dabana ziddir. Ermənistan hakimiyyətində təmsil olunanlar sülh müqaviləsi istədiklərini vurğulayırlar. Digər tərəfdən isə sülh prosesindən dəm vuran Paşinyan hökuməti Azərbaycan əleyhinə addımlar atmağa davam edirlər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, bu gün Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh məsələsində 16 bəndin 13-nün razılaşdırıldığını vurğulayır: “Amma ötən həftələrdə həmin Ermənistan Kəlbəcər və Naxçıvan istiqamətində provakasiyalar törətmişdir. Bu baxımdan düşünmürəm ki, Ermənistan hakimiyyətinin sülhlə bağlı verdiyi açıqlamalar səmimidir. Ermənistan digər tərəfdən müharibə üçün də cəsarətə malik deyil. Amma Ermənistanı qızışdıran, silahlandıran qüvvələr Cənubi Qafqaz regionunda öz şərtlərinin öndə olmasına çalışır. Bu baxımdan da Azərbaycanla Ermənistan arasında razılaşmaların əldə edilməsini əngəlləyirlər.

Bütövlükdə kiçik anlaşılmazlıqları kənara qoysaq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının gec tarixdə olmadığını düşünürəm. Hər bir halda sülh müqaviləsi ilə bağlı addımların atılma ehtimalları yüksəldir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə