"Azərbaycanda 26 avqust - Laçın şəhəri günüdür. 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal olunan Laçının bir hissəsi 44 günlük Vətən Müharibəsi zamanı Müzəffər Ordumuz tərəfindən döyüş yolu ilə azad edildi. Bu mərhələdə 10 noyabr Üçtərəfli Bəyanatı imzalandı və döyüş dayandı, sözügedən Bəyanata uyğun olaraq Laçın rayonu Ağdam, Kəlbəcərlə yanaşı döyüşsüz Azərbaycana təhvil verildi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.
Elşad Məmmədli sözlərinə belə davam edib: "Rayonun əksər hissəsi 2020-ci il dekabrın 1-də Azərbaycanın nəzarətinə keçsə də, Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalmışdı. Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 2022-ci il avqustun 26-da Laçın şəhərinə yerləşdi, orada bayrağımız ucaldıldı, eyni zamanda Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyevin azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq, 26 avqust – Laçın şəhəri günü kimi təsis edilib.
Laçın olduqca füsunkar təbiətə malikdir, eyni zamanda strateji əhəmiyyəti çox böyükdür. Qısa zamanda Azərbaycan Laçında abadlıq işləri aparıb, minalardan təmizlənməkdə davam edir. Faktiki olaraq burada turizm cənnəti yaradılır. Xeyli sayda laçınlı ailə artıq dədə-baba yurduna köçüb, burada yaşayır, işləyir.
Laçında aeroport inşası da sürətlə davam edir. Hesab edirəm, bir neçə ildən sonra Laçın dünyanın ən gözəl turizm məkanlarından biri kimi dünyanın diqqət mərkəzində olacaq və bura kütləvi axın baş verəcək.
Laçını, Qarabağı azadlığa qovuşduran Qalib Ordumuza, Müzəffər Ali Baş Komandanımıza bir daha təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə möhkəm can sağlığı versin".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB