"Putinin səfəri zamanı yeni bir mərhələyə start verilə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
"Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri kifayət qədər mühüm məsələdir. O baxımdan ki, səfər çərçivəsində kifayət qədər ciddi məsələlər müzakirə olunacaq, qərarlar veriləcək". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Elşad Məmmədli sözlərinə belə davam edib: "Səfərdə müzakirə olunacaq məsələlərlə bağlı verilən rəsmi açıqlamalardan belə aydın olur ki, səfər çərçivəsində əsasən regionda sülh və təhlükəsizlik, habelə nəqliyyat, enerji məsələləri müzakirə ediləcək. Bu kontekstdə düşünə bilərik ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi, eyni zamanda Ukraynada atəşkəsə nail olmaqla bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin, bilirsiniz ki, Rusiya və Azərbaycan strateji müttəfiq ölkələrdir, bununla bağlı imzalanmış müqavilənin ruhuna və şərtlərinə uyğun əməkdaşlığın daha da inkişaf etdirilməsi yönündə razılaşmalar, qərarlar ola bilər.
Xüsusilə nəqliyyat layihələri, logistik məsələlər, enerji mübadiləsi məsələləri baxımından Putinin səfəri zamanı yeni bir mərhələyə start verilə bilər. Rusiya-Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi hər iki tərəfin maraqlarına uyğundur və bu, mühüm bir prosesdir. Şimal qonşumuz olan Rusiya dünyanın əsas qütblərindən, nəhənglərindən biridir və onunla əməkdaşlıq yalnız faydalı ola bilər. Ələlxüsus onu qeyd etməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində dövlətimiz regionda və dünyada söz, nüfuz sahibidir. Bu kontekstdə Moskva da Bakı ilə daha sıx əməkdaşlıqda maraqlıdır, bundan ciddi faydalar əldə edir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB