Naxçıvan MSK-ya yeni üzv seçilib

Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibində dəyişiklik edilib. SİA “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin növbədənkənar sessiyasının bu gün keçirilən ilk iclasında Naxçıvan MSK-nın tərkibində dəyişiklik edilməsi barədə məsələ də müzakirə olunub.

Naxçıvan MR Ali Məclis sədrinin müavin, Ali Məclis sədrinin səlahiyyətlərini icra edən Anar İbrahimov qeyd edib ki, Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının sonuncu tərkibi Ali Məclisin 2020-ci il 30 dekabr tarixli Qərarı ilə seçilib. Cari il iyulun 22-də keçirilmiş Mərkəzi Seçki Komissiyasının iclasında komissiyanın sədri Əliyev Əjdər Zahid oğlu öz ərizəsi əsasında sədr vəzifəsindən azad edilib.

Bu il iyulun 24-də komissiya üzvü Əjdər Əliyev 1 sentyabr 2024-cü il tarixdə Ali Məclisə keçiriləcək növbədənkənar seçkilərə deputatlığa namizədliyini irəli sürüb. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq maddəsinə əsasən Ali Məclisin deputatlığına namizəd olduqda seçki komissiyası üzvünün səlahiyyətlərinə xitam verilir. Beləliklə, Əliyev Əjdər Zahid oğlu Mərkəzi Seçki Komissiyasının üzvü ola bilməz.

Naxçıvan Muxtar Respublikası Konsitusiyasına əsasən Ali Məclis Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin təyin edilməsi məsələsini həll edir. Sədr müavini qeyd olunanları nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd olaraq Orucəliyev Ramil Əli oğlunu təklif edib.

Namizəd haqqında məlumat verilib və Ramil Orucəliyevin Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü seçilməsi ilə əlaqədar Ali Məclisin 2020-ci il 30 dekabr tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı qərar oxunduqdan sonra səsə qoyularaq qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə