Banqladeşin Baş naziri ölkədən qaçdı - Qiyama səbəb nədir? - TƏHLİL
Banqladeşdə təxminən üç həftə davam edən hökumət əleyhinə etirazlardan sonra Baş nazir Şeyx Hasina istefa verməli olub. Hasinanın helikopterlə paytaxt Dakkadən ayrılaraq Hindistana getdiyi bildirilir. Onu da qeyd edək ki, Şeyx Hasina ölkəni ümumilikdə 21 il idarə edib. Etirazçılar isə bazar ertəsi Hasinanın rəsmi iqamətgahına basqın ediblər. Nümayişlərdə ölənlərin sayı isə 300-ü keçib. Onu da qeyd edək ki, iyul ayında başlayan hadisələrdə həyatını itirənlərin çoxu polis tərəfindən güllələnib.
Banqladeşdən yayım edən televiziyalar Baş nazirin iqamətgahında bayram edən 1500-dən çox adamın, bütün əşyaları sındırdığını qeydə alıb. Beləliklə Qanabhaban Sarayında kameraya əl sallayan izdihamın görüntüləri bütün dünya gündəminə sürətlə yayılıb. Ölkənin Baş Qərargah rəisi Vaker-uz-Zaman isə xalqa müraciətində ölkəni müvəqqəti hökumətin idarə edəcəyini açıqlayıb. O çıxışında həmçinin bütün Banqladeş xalqı üçün “ədalət” vəd edib. Prezident Məhəmməd Şahabuddinlə görüşəcəyini bildirən Vaker-uz-Zaman bazar ertəsi gününün sonuna kimi “həll yolunun” tapılacağına ümid etdiyini əlavə edib. Beləliklə hökumətə kimin başçılıq edəcəyi hələlik bəlli deyil.
Hadisənin arxa fonuna baxarsaq, Banqladeşdə dövlət qulluğu üçün kvotaların bir hissəsinin ləğvi ilə bağlı başlayan etirazların, hökumət əleyhinə hərəkata çevrildiyini görə bilərik. Daha sonra isə etirazçıların əsas hissəsini təşkil edən tələbələr Haşinanın mühakimə olunmasını istəyiblər və onun dialoq təklifini rədd ediblər. Belə ki, tələbə hərəkatının liderlərindən biri olan Nahid İslam, Hasinanın istefasından əvvəl verdiyi açıqlamada baş nazirin “cinayət və korrupsiyada” mühakimə olunmasını istəyib.
Banqladeşdəki sosial narazılıqları daha yaxşı anlamaq üçün kvotalarla bağlı qərarı daha yaxından incələməliyik. Belə ki, qərara görə dövlət qulluğu üçün kvotaların 30 faizinin 1971-ci il müstəqillik müharibəsi iştirakçılarının uşaqları üçün ayrılıb. Ali Məhkəmənin keçən ay mübahisəli kvota sistemini qəbul etməsindən sonra yeni qərar qüvvəyə minib. Məhz bu qərara qarşı nümayişlər ölkə daxilində şiddətli toqquşmalara səbəb olub. Bazar günü isə Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib. Amma bu addım etirazçıları sakitləşdirməyə yetərli olmayıb. Hasina tələbə təşkilatı liderlərinə dialoq təklif edərək, "Hərəkatın təşviqatçı tələbələri ilə oturub onları dinləmək istəyirəm. Mən heç bir münaqişə istəmirəm" desə də, etirazçılar bu təklifi rədd ediblər.
Banqladeşdəki vəziyyəti daha obyektiv anlamaq üçün Hasinanın da fəaliyyətini göz önündə tutmaq vacibdir. Baş nazir Şeyx Hasinanın ikinci 15 illik hakimiyyət müddəti ərzində Banqladeşdə yeni yollar, körpülər, fabriklər və hətta paytaxt Dakkada tikilmiş metro xətti kimi böyük dəyişikliklər baş verib. Adambaşına düşən gəlir son on ildə üç dəfə artıb və Dünya Bankının hesablamalarına görə, son 20 ildə 25 milyondan çox insan yoxsulluqdan xilas edilib. Lakin müxaliflər iddia edir ki, bu artımın əsas hissəsi yalnız Hasinanın iqtidar partiyası olan Avami Partiyasından olanlardır. Son aylar Banqladeşin gündəmində Hasinanın məmurlara, o cümlədən yüksək rütbəli işçilərə və dövlət qulluqçularına qarşı korrupsiya iddiaları müzakirə olunub. Korrupsiya iddiaları ilə yanaşı, son 15 ildə ölkədə demokratik fəaliyyətin çətinləşdiyini də qeyd ediblər. İddiaların əsaslarına baxarsaq görərik ki, müxalifətdəki Banqladeş Milliyyətçi Partiyası "BNP" 2014 və 2024-cü il seçkilərini boykot edərək, Hasina hakimiyyətdə olduqca azad və ədalətli seçkilərin mümkün olmadığını deyiblər.
Müxalifət liderləri həmçinin deyirlər ki, son 15 ildə hökuməti tənqid edən 80-dən çox adam yoxa çıxıb və ailələri onlardan xəbər almayıb. Eyni zamanda 160 milyon əhalisinin əksəriyyəti müsəlman olan Banqladeşin radikal İslama əsaslanan zorakılıqdan tutmuş yoxsulluq və korrupsiyaya qədər bir çox problemləri var. Ölkə həm də Myanmadakı çətin vəziyyətdən qaçan yüz minlərlə miqrant müsəlmanın evidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB