ABŞ Təhlükəsizlik Şurasını toplayıb: Müharibə yoxsa sülh üçün? - TƏHLİL
İranın İsrailə qarşı cavab addımı atacağı ilə bağlı narahatlıqlar artdığı bir vaxtda ABŞ prezidenti Co Bayden milli təhlükəsizlik şurası ilə görüş keçirib. Bayden İsrailə hücum ediləcəyi təqdirdə ona dəstək üçün hazırlıqlara dair brifinq keçirdiyini bildirsə də, dövlət katibi Antoni Blinken tərəflərarası gərginliyin qarşısını almaq üçün “gecə-gündüz” çalışdıqlarını söyləyib. Xatırladaq ki, HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsi ilə bölgədəki gərginlik ən yüksək həddə çatıb. Belə ki, İran sui-qəsdə görə İsraili günahlandırıb və buna cavab verəcəyini bildirib. İsrail isə sui-qəsdə görə məsuliyyəti üzərinə götürməyib.
Beynəlxalq aktorlar İranın dəstəklədiyi Hizbullahın da İsrailə qarşı cavab əməliyyatlarında rol oynaya biləcəyindən ehtiyatlanırdı. Belə ki, son iki gündə Hizbullah bu gözləntiləri doğruldaraq İsrailə raketlərlə hücum edib. Nəticədə ABŞ, Böyük Britaniya və Türkiyə də daxil olmaqla bir çox ölkə də öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb. G7 ölkələrinin xarici işlər nazirləri ilə görüşən ABŞ rəsmisi Blinken, İran və Hizbullahın 24-48 saat ərzində İsrailə cavab verə biləcəyini bildirib. Bayden həmçinin bildirib ki, o və vitse-prezident Kamala Harris vəziyyəti müzakirə etmək üçün təhlükəsizlik şurası ilə görüşüb. G7 ölkələrinin verdiyi birgə bəyanatda isə vurğulanıb ki, “Biz Yaxın Şərq regionunda daha geniş münaqişəni alovlandıra biləcək hadisələrə görə dərin narahatçılıq hissi keçiririk”.
Bayden eyni zamanda İraqdakı Amerika bazasına edilən hücumdan sonra Amerikan əsgərlərinin yaralandığını diqqət mərkəzinə gətirərək, ABŞ qüvvələrini müdafiə etmək və onun şəxsi heyətinə qarşı istənilən hücuma cavab vermək üçün addımlar atıldığını da bildirib. Daha əvvəl jurnalistlərə açıqlama verən Blinken isə "Bütün tərəflər gərginlikdən qaçmalıdır" deyərək "gecə-gündüz gərgin diplomatiya apardıqlarını" bildirib. "Eskalasiya heç kimə maraqlı deyil" deyən Blinken "Bu, yalnız daha çox münaqişəyə, daha çox zorakılığa və daha çox qarşılıqlı etibarsızlığa səbəb olacaq" bildirib.
Amerikalı nazir vurğulayıb ki, “atəşkəs, təkcə Qəzzada deyil, həm də münaqişənin yayıla biləcəyi digər bölgələrə də əminamanlıq gətirə bilər”. Nəticə olaraq görünən odur ki, ABŞ tərəfi belə, münaqişənin hiddətlənə biləcəyindən ehtiyatlanır və bunu arzulamır. Beləliklə onlar kifayət qədər həlledici olan bu günlərdə tərəflərin dialoqa üz tutmasını və uzlaşmasını istəyir. Əslində ABŞ bunun üçün gecikib. Belə ki, ABŞ, Netanyahunu alqışlayıb onun hərəkətlərinə tam dəstək verəndə, İsrailin cəsarətlənib daha şiddətli addımlar atacağını gözləməli idi. Bu gün isə ABŞ, ya etdiyi hesablanmamış əməllərindən peşman olub ya da bilərək atdığı addımları gizlədərək formal peşmançılıq obrazı yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB