Qərb və Rusiya arasında tarixi məhbus mübadiləsi baş verib. Mübadilə çərçivəsində ən azı 24 məhbus azad edilib. Ankarada MİT əməliyyatı ilə baş tutan prosesdə 2 uşağın olduğu da bildirilir. Eyni zamanda, Rusiyada həbsdə olan üç ABŞ vətəndaşı, o cümlədən “Wall Street Journal”-ın müxbiri Evan Qerşkoviç məhbus mübadiləsi razılaşması ilə azad edilib. ABŞ jurnalisti Evan Qerşkoviç bu yaxınlarda casusluq ittihamı ilə mühakimə olunaraq Rusiyada ağır rejimli həbsxanada 16 il müddətinə azadlıqdan məhrum edilib. “Wall Street Journal” müxbiri ötən ilin martında iş üçün getdiyi Yekaterinburqda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Prokurorlar Qerşkoviçi ABŞ kəşfiyyatına işləməkdə ittiham ediblər. Media qrupu və ABŞ administrasiyası isə bu iddiaları qəti şəkildə təkzib edib. Onu da qeyd edək ki, Qerşkoviç 30 il əvvəl Soyuq Müharibənin sonlarında, Rusiyada casusluq ittihamı ilə həbs edilən ilk ABŞ jurnalisti olub. Sərbəst buraxılan digər Amerika vətəndaşları keçmiş dəniz piyadası Pol Uilan və jurnalist Alsu Kurmaşevadır. “Green Card” qazanan rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murzanın da ABŞ-a göndəriləcəyi bildirilib. Almaniyada həbsdə olan və Rusiya Xarici Kəşfiyyat Xidmətinin (FSB) əməkdaşı olmaqda ittiham olunan Vadim Krasikov da mübadilə edilənlər arasındadır.
54 yaşlı Pol Uilan isə 2018-ci ildə Moskvada casusluqda şübhəli bilinərək həbs olunduqdan sonra 2020-ci ildə 16 il həbs cəzasına məhkum edilib. 2008-ci ildə intizamsızlıq ittihamı ilə ordudan qovulan Uilan təhlükəsizlik üzrə məsləhətçi olub və işləmək üçün Rusiyaya gedib. O, 2018-ci ilin dekabrında Rusiya kəşfiyyatı FSB tərəfindən həbs edilib və Moskvada “casusluq” edərkən tutulduğu iddia edilib.
Rus əsilli amerikalı jurnalist Alsu Kumaşeva isə altı il yarım müddətinə azadlıqdan məhrum edilib. ABŞ administrasiyası tərəfindən maliyyələşdirilən media qurumunda redaktor işləyən Kurmaşeva Rusiya ordusu haqqında yalan məlumat yaymaqda təqsirli bilinib. Onun həyat yoldaşı Pavel Butorin bildirib ki, Kurmaşeva “Müharibəyə yox deyin” kitabına görə həbs edilib. Hansı ki, bu kitab Ukraynada müharibəyə qarşı çıxan rusların hekayələrindən bəhs edir. ABŞ və Rusiya vətəndaşlığı olan Kurmaşeva əri və iki qızı ilə Praqada yaşayırdı. 2023-cü ildə anasını görmək üçün Rusiyaya gedəndə onu Kazan Beynəlxalq Hava Limanında saxlayıblar və hər iki pasportu əlindən alınıb.
Rusiyada Ukrayna müharibəsini tənqid etdiyinə görə “dövlətə xəyanət” də daxil olmaqla bir sıra ittihamlarla mühakimə olunan müxalif siyasətçi Vladimir Kara-Murza isə ötən il 25 il müddətinə azadlıqdan məhrum edilib. “Vətənə xəyanət”lə yanaşı, Rusiya ordusu haqqında “yalan” məlumat yaymaqda və “arzuolunmaz təşkilata üzv olmaqda” ittiham olunan Kara-Murza da bu ittihamları rədd edib. Kara-Murza Moskvada məhkəməyə verdiyi ifadəsində "Dediyim hər sözün arxasındayam. Heç birindən peşman olmadığım kimi, həm də fəxr edirəm", - deyib.
Almaniyada həbsdə olan və Rusiya Xarici Kəşfiyyat Xidmətinin (FSB) zabiti olmaqda ittiham olunan Vadim Krasikov da mübadilə edilənlər arasındadır. Qeyd edək ki, Krasikov 2019-cu ildə Berlin parkında keçmiş çeçen separatçısını güllələyərək öldürdüyü üçün Almaniyada ömürlük həbs cəzasına məhkum edilib.
Bu məhbus mübadiləsi sazişi beynəlxalq münasibətlər və ədalət baxımından çox diqqətəlayiq bir proses kimi önə çıxır. ABŞ və Rusiya arasında bu mübadilə hər iki ölkənin diplomatik strategiyalarına uyğun mühüm addım kimi qiymətləndirilə bilər. Azad edilən şəxslər və onların strateji önəmi iki ölkə arasındakı gərginliyi azaltmaq və diplomatik münasibətləri yaxşılaşdırmaq üçün bir vasitə kimi qiymətləndirilə bilər.
Bununla belə, bu prosesin ədalətli olması ilə bağlı müxtəlif şübhələr var. Belə ki, dəyişdirilərək azad buraxılan məhbusların bəzilərinin törətdiyi əməllər beynəlxalq hüquq və ədalət standartları baxımından şübhəlidir. Bu vəziyyət ədalətin nə dərəcədə təmin olunduğunu və beynəlxalq hüququn necə həyata keçirildiyini sual altına qoyur. Nəhayət, bu məhbus mübadiləsi diplomatiya və ədalət arasında mürəkkəb paradoks yaradır. Belə ki, bu mübadilənin diplomatik əlaqələr baxımından müsbət təsirləri olsa da, ədalət baxımından mübahisə və tənqidlərə səbəb ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə