“İsrail İranı birbaşa müharibəyə sövq etməyə çalışır” - ŞƏRH EDİLDİ

“İsrail İranı birbaşa müharibəyə sövq etməyə çalışır” - ŞƏRH EDİLDİ

“Şübhəsiz ki, Həmas liderinin ölümü ilə bağlı əsas şübhələr İsrail üzərində cəmlənir. Həmas lideri ilə eyni gündə Hizbullahın aparıcı liderlərindən birinin də hədəfə alınması onu deməyə əsas verir ki, İsrail aktiv şəkildə İranın proksi qüvvələrini hədəf almaqla İranı birbaşa müharibəyə sövq etməyə çalışır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, əvvəl İranın Suriyadakı konsulluq binasının hədəfə alınması və Sepahın 8 generalının öldürülməsi, indi də İranın paytaxtı Tehranda Həmas liderinin öldürülməsi İranı mharibəyə cəlb etməyə hesablanıb.
İran da bu və ya digər şəkildə cavab vermək məcburiyyətindədir: “Çünki cavabın olmaması İranın “etibarını” darmadağın edər. Öz xarici siyasətini, bu və ya digər regionda öz mövqelərini əsasən proksi qüvvələr vasitəsilə qoruyan İran üçün onların etibarını itirmək rəsmi Tehran üçün ağır nəticələrə gətirib çıxara bilər. Mən hələ İranın öz hava məkanını belə qorumaq imkanında olmaması, xaricdən gələ biləcək təhlükələrə qarşı hazır olmaması ilə bağlı formalaşmaqda olan mövqenin İranın daxilində hansı neqativ fikirlərə yol açacağından danışmıram. Yəni, qısası İsrail tərəfi bütün mümkün imkanları ilə İranın cavab zərbəsi endirməsinə və müharibəyə qoşulmasına çalışır. Məqsəd, İranı bu müharibəyə cəlb etmək və onu ABŞ-a “döydürtməkdir”. İsrail yaxşı başa düşür ki, ABŞ bu gün hər nə qədər kənarda qalmaq istəsə də İranın İsrailə birbaşa hücumu halında prosseslərə seyirci qalmayacaq və İsrail qarşısında öhdəliklərinə uyğun olaraq bütün imkanları və gücü ilə İsrailin yanında olacaq. Xüsusilə də indiki məqamda, yəni ABŞ-ın Prezident seçkilərinə hazırlaşdığı bir vaxtda, başqa sözlə ABŞ-ı yəhudi lobbisinin imkanlarına böyük ehtiyac olduğu bir dönəmdə ABŞ-ın özünü hənarda saxlaması mümkün olmayacaq.
İran da əslində məqsədin nə olduğunu yaxşı başa düşdüyü üçün birbaşa öz ərazisindən cavab zərbəsi endirmək istəmir. Bunun üçün Livan, Suriya, İraq ərazisindəki proksi qüvvələrdən istifadə etməyi düşünür. İranın Həmas liderinin öldürülməsindən dərhal sonra cavab zərbələri endirməməsi, İsraili deyil, guya raketin atıldığı başqa bir ərazini hədəf alacağı ilə bağlı bəyanatları da onu göstərir ki, rəsmi Tehran İsrailə qarşı müharibəyə başlamağın ağır nəticələrə gətirib çıxaracağını bilir. Ona görə düşünürəm ki, İran tərəfindən qisas üçün endiriləcək zərbələr bu dəfə də ya İsraildən kənar ərazilərə endiriləcək, ya da keçən dəfə olduğu kimi “razılaşdırılmış”, yəni əvvəldən xəbərdarlıq edilməklə həyata keçiriləcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə