"ATƏT-in monitorinq qrupu 300 nəfərlik heyətlə Azərbaycana gəlir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"ATƏT-in monitorinq qrupu 300 nəfərlik heyətlə Azərbaycana gəlir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycanda seçkilər həmişə demokratik ab-havada, bütün partiyaların namizədlərinin iştirakı ilə keçirilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.

O bildirib ki, bu ümumxalq seçkilərinin qalibləri kimi, məğlubları da olur: "Bəzi namizədlərin etirazı da anlaşılandır, çünki hər kəs özünü qalib hesab edir. Amma siyasi mədəniyyət, qalibə hörmət, öz səhvlərin üzərində işləmək və onu aradan qaldırmaq qabiliyyəti hər kəsdə olmur.

2024-cü il 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində 1200-fən artıq namizəd 125 deputat mandatı uğrunda mübarizə aparacaq. Kimsə indidən özünü qalib elan edə bilməz. 1 yer uğrunda 10 nəfər mübarizə aparacaqsa, indidən 9 nəfərin məğlub olacağını qəti olaraq söyləmək olar. Deməli potensial olaraq hər dairədə 9 nəfər etiraz edən tapılacaq".

Onun sözlərinə görə, etiraz edənlər arasında 1-2 nəfər Qərb təşkilatları ilə işləyənlər də tapılar: "Əslində həmin təşkilatların hesabatları o etirazlar üzərində qurulur. ATƏT-in Demokratik Təəsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) uzun illərdir ki, Azərbaycanla əməkdaşlıq edir. Əgər buna əməkdaşlıq deyilərsə, Büronun fəaliyyəti əsasən neqativ halları bir hesabata toplayıb ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə etməkdir. Bilirsiniz ki, beynəlxalq arenada hərbi, iqtisadi təzyiqlərdən qabaq siyasi təzyiq gəlir. Avropa ölkələrində baş verən kobud seçki pozuntusuna nədənsə DTİHB-nin hesabatlarında rast gəlinmir. Namizədlərə qarşı sui-qəsdlər həyata keçirilir, bu təşkilat susur. Uzağa getməyək, Ermənistanda prezidentliyə namizəd evinin qarşısında güllələndi, bülletenlər oğurlandı, insanlar gülləbaran edildi, 10 nəfər etiraz etdiyinə görə öldürüldü, amma ATƏT DTİHB hələ də işğalçı ölkəni "demoktatiya yolunda inamla addımlayan" ölkə hesab edir, hesabatlarında ilk sıralara qoyur. Həmin təşkilatın monitorinq qrupu 300 nəfərlik heyətlə yenə Azərbaycana gəlir. Məqsəd bəllidir, inanırıq ki, bu qurumun hesabatı da artıq hazırdır. Öz suveren ərazilərini bərpa edən Azərbaycana qarşı Avropanın münasibəti bəllidir. İşğalçı Ermənistanı çirkin siyasətini davam etdirməyə gücləri çatmadığı üçün bizə qarşı qəzəblidirlər. Amma Azərbaycan öz yolu ilə inamla addımlayır və kimsənin təzyiqi ilə yolundan dönən deyil".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə