"Bu olimpiada Qərb sivilizasiyasını süquta aparan rüsvayçı dünyagörüşü nümunəsidir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
"Fransada keçirilən olimpiada, xüsusilə də açılış mərasimi Qərb sivilizasiyasını süquta aparan rüsvayçı dünyagörüşünün bariz nümunəsidir. Baş verənlər Fransada ciddi lider və ideologiya böhranının yaşanması ilə yanaşı, insanlığa xas olan bütün dəyərlərin deqrodasiyaya uğradığını göstərdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib.

Deputat bildirib ki, Azərbaycan idmançılarının təqdimatı zamanı Fransa telekanalının nümayiş etdirdiyi rəzillik isə rəsmi Parisin siyasətinin qərəz, yalan və böhtan üzərində qurulduğunu təsdiqləməklə yanaşı, bu ölkənin hakimiyyətinin öz çirkin təbliğatlarını aparmaq üçün hətta olimpiada kimi humanizmi, birliyi təbliğ edən qlobal idman yarışından da istifadə etmək qədər aciz olduğunu sübuta yetirir: "Fransa dünyada ikiüzlülüyün, riyakarlığın simvolu hesab oluna bilər. Məsələn, Fransa yeganə ölkədir ki, bütövlükdə etnik azlıq anlayışını qəbul etmir və bu səbəbdən, indiyədək Milli azlıqların hüquqlarının qorunmasına dair Çərçivə Sazişinə qoşulmayıb. Fransa konstitusiyasına görə, fransız milli dövlətçiliyinin təməlində fransız milli-mədəni ənənələri dayanır. Bu isə o deməkdir ki, fransız xalqının ənənələri Fransa cəmiyyətinin əsasını təşkil edir və dominant üstünlüyə malikdir. Fransada yaşayan digər xalqların nümayəndələrinin isə yalnız bir imtiyazı var – fransız olmaq. Yəni könüllü surətdə assimilyasiya olunmaq!
Digər tərəfdən, Fransa nəinki etnik azlıq anlayışını qəbul etmir, hətta regional dillərin və etnik azlıqların dillərinin mövcudluğu ilə bağlı reallıqlarla da barışmaq istəmir. Bu baxımdan, Fransa 1999-cu ildə regional dillər və azlıqların dilləri haqqında Avropa Xartiyasını imzalasa da, indiyədək ratifikasiya etməyib. Sənədə əsasən, Fransa ölkə ərazisində yaşayan, tarix və mədəniyyət baxımından fransızlara yaxın, ənənəvi, yəni Avropa xalqlarını təmsil edən etnik azlıqlara onların ana dilləri ilə bağlı müəyyən hüquqlar verməliydi... Amma vermədi".
"Xartiyanın ratifikasiyası ilə bağlı qanun layihəsi sonuncu dəfə 2015-ci ildə Fransanın qnunverici orqanının gündəminə gətirilsə də, Fransa Dövlət Şurasının Xartiyanın konstitusiyaya zidd olması barədə rəyi məsələyə birdəfəlik nöqtə qoyub.
Bütün bunlardan sonra, öz ölkəsindəki etnik azlıqların, o cümlədən 350 min korsikalının, 230 min baskın və digərlərinin ən adi hüquqlarını tanımayan bir ölkənin Azərbaycanla bağlı iddialarını simasızlığın son həddi kimi qiymətləndirməkdən başqa seçim qalmır" - deyə o, əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB