Deputatlığa namizəd Elton Arzuman oğlu Məmmədov haqqında Mərkəzi Seçki Komissiyasına şikayət edilib. SİA xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
Qeyd edilib ki, E.Məmmədov 94 saylı Ucar seçki dairəsindən növbədənkənar parlament seçkilərinə namizəd olmaq üçün müraciət edib.
Şəxs haqqında bir qrup seçici tərəfindən daxil olan şikayəti araşdıran MSK üzvü Qabil Orucov E.Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib. Onun sözlərinə görə, sabiq deputat əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış sənədlər təqdim edərək, Dairə Seçki Komissiyasında qeydə alınmasına çalışıb.
MSK üzvü bildirib ki, Elton Məmmədovun təqdim etdiyi məlumatlar nəinki onun deputat seçilməsinə, hətta seçilsə belə mandatının əlindən alınmasına səbəb olacaq saxtalaşdırmalardır.
Şikayət Mərkəzi Seçki Komissiyasında müzakirə olunub.
Yekun qərara əsasən, dairə seçki komissiyasının qərarı və 94 saylı seçki dairəsindən deputatlığa namizədliyi şəxsi təşəbbüsü ilə irəli sürülmüş Elton Arzuman oğlu Məmmədovun namizədliyi ləğv edilib.
Qərar səsverməyə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə