"Azərbaycan qadınların seçilmə və seçmə hüququnu tam təmin edən ilk Şərq ölkəsidir" - DEPUTAT DANIŞDI
"Seçki sistemi demokratik dövlətlərin, xalqların inkişaf tarixində çox mühüm rola malikdir. Seçkilər həm əvvəlki dövrün hesabatının aparılması, əldə olunan nəticələrin yenidən saf-çürük edilməsi baxımından əhəmiyyətlidir, eyni zamanda, dövlətin qarşıdakı dövrdə inkişaf paradiqmalarının müəyyənləşdirilməsində böyük önəm kəsb edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.
O bildirib ki, ölkəmizdə seçkiöncəsi vəziyyət də kifayət qədər sabitdir: "Azərbaycan dövləti bu seçkilərin beynəlxalq standartlara uyğun demokratik şəraitdə keçirilməsi üçün lazımi şəraiti yaradıb. Seçkilərə ictimai maraq gündən-günə artır. Həmçinin hər bir namizəd üçün azad rəqabət şəraiti təmin olunub. Bu günə qədər müşahidə etdiklərimiz əsasında deyə bilərik ki, seçki prosesləri tam qanunvericiliyə uyğun həyata keçirilir. Ümumiyyətlə, Azərbaycan seçkilərin demokratik təşkili sahəsində, beynəlxalq standartlara cavab verən təkmil qanunvericilik bazasına malikdir".
Onun sözlərinə görə, Azərbaycanda seçkilərin şəffaflığının təmin olunması üçün əlavə vasitə kimi, seçki məntəqəsində veb-kameralar quraşdırılır: "Bu, dünyanın istənilən yerində olan internet istifadəçilərinə müşahidəçi statusuna yiyələnmədən və hətta Azərbaycana gəlmədən, MSK-nın internet səhifəsinə daxil olaraq, heç bir qeydiyyat tələb olunmadan hər kəs üçün açıq platformada seçki günü birbaşa onlayn rejimdə səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsi proseslərini əvvəldən axıradək fasiləsiz izləməyə, geniş və hərtərəfli müşahidə etməyə imkan verir. Səsvermə günü Azərbaycan vətəndaşları azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edə biləcəklər. Azərbaycan qadınların seçkilərdə seçilmə və seçmə hüququnu tam təmin edən ilk Şərq ölkəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə