İqlim dəyişikliyi nəticəsində fəlakətlər dünyanın hər yerində özünü göstərir. BMT vasitəsilə əməkdaşlıq edərək belə böhranların qarşısını almağa çalışmaq lazımdır. COP29 iqlim dözümlülüyünün artırılması üçün yeganə şansdır. COP29 Azərbaycan Sədrliyi daha iddialı fəaliyyət göstərmək və maliyyə öhdəlikləri götürülməsinə diqqəti cəlb etmək üçün fəal çalışır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bunu COP29 Azərbaycan Sədrliyinin iyulun 19-da təşkil etdiyi mətbuat konfransına videoformatda qoşulan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still deyib.
“COP sədrlikləri troykası öz öhdəliyini - iqlim dəyişikliyi üzrə fəaliyyət planını açıqladı. Bu, temperaturun 1,5 dərəcədən aşağı saxlanılması öhdəliyinə sadiqliklə bağlıdır. Bütün dövlətlər müxtəlif sektorlarda öz öhdəliklərini yerinə yetirməli və bu sahəyə daha çox investisiya qoyulmalıdır. Təəssüf ki, yalnız 15 ölkənin milli adaptasiya planı var və bu, çox aşağı göstəricidir. Maliyyələşməni artırmaq üçün bu sahəyə daha çox vəsait yönəldilməlidir. Dəyən ziyanın qarşısını almaq üçün maliyyə vəsaiti artırılmalıdır. Qarşıdan gələn COP bizə çox böyük ümidlər verir. Bu istiqamətdə kollektiv şəkildə uğurlar əldə etməliyik”.
Maliyyə boşluqlarını doldurmaq üçün funksional beynəlxalq maliyyə nəzarəti olmalıdır. Odur ki, 6-cı maddə Bakıda keçiriləcək COP29-da əsas müzakirə mövzusu olmalıdır. Biz öz rolumuzu oynamalıyıq. Fikir ayrılıqlarına baxmayaraq, Bakıda keçiriləcək görüşdə qarşıda duran çağırışlarla bağlı səylərimizi birləşdirməyə çalışmalıyıq”, - deyə S.Still bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə