YAP Laçın rayon təşkilatının təsis edilməsinin 29 illiyi qeyd olunub

İyulun 19-da Laçın şəhərində Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının təsis edilməsinin 29 illiyinə həsr olunmuş tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov diqqətə çatdırıb ki, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ölkədə mövcud olan siyasi partiyaların lokomotividir. O bildirib ki, ölkəmizin siyasi palitrasında mövcud olan əksər subyektlər milli maraqlar nöqteyi nəzərindən YAP-ı özlərinə istiqamətverici, yolgöstərici kimi qəbul edirlər: “YAP xalqımızın milli-mənəvi dəyərlərinin təmərküzləşməsidir. Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat deyil, o həm də xalqın məsuliyyətini öz üzərinə götürmüş sosial məfhumdur. YAP-ı yaradanlar bu partiyanın və Ulu Öndər Heydər Əliyevin amalları, ideyaları uğrunda öz canlarını qurban verməyə hazır olan fədakarlar idilər. “91-lər”in faəliyyətini yüksək qiymətlənləndirən Prezident, partiyamızın Sədri İlham Əliyev onların cəsarətinin və qətiyyətinin sayəsində Yeni Azərbaycan Partiyasının yarandığını ifadə edib. Danılmaz həqiqətdir ki, o vaxtlar cəsarətli əqidə daşıyıçıları olmasa və Ulu Öndərin ətrafında birləşməsəydilər, bu gün qüdrətli dövlətçiliyimiz də olmazdı”.

İlqar İlyasov qeyd edib ki, YAP Laçın rayon təşkilatı bu gün sıralarında 4 minə yaxın üzvü birləşdirir. Təşkilatın hər bir üzvü Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran Ulu Öndər Heydər Əliyevin siyasətinin, ideyalarının təbliğatçısı olmaqla bərabər, partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə səy göstərir.

Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov YAP Laçın rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O vurğulayıb ki, ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvə yoxdur, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail olmasından danışan Məsim Məmmədov əldə olunan tarixi Zəfərdə Yeni Azərbaycan Partiyasının rolunu da xüsusi qeyd edib.

Digər çıxış edənlər də Yeni Azərbaycan Partiyasının tarixin məngənəsindən, taleyin sınağından üzüağ çıxaraq milli məfhuma çevrildiyini deyiblər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə fəxri fərman, YAP sıralarına qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə