Münasibətlər möhkəm təmələ əsaslanır - MƏQALƏ

“Əziz qardaşım, Pakistana səfərinizə görə Sizə bir daha minnətdarlığımı bildirmək və təkrarlamaq istərdim ki, Zati-alinizin səfəri qardaşlıq əlaqələrimizdə həlledici məqam olacaq. Bu səfər, həqiqətən də iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın tamamilə yeni dövrünü açacaq.” Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin bu fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyevin “Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və biz Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə etdik. Bir sözlə, Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu “Multan” adlandırırlar. Beləliklə, onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu bağlantı böyük sərvətdir” çağırışı Azərbaycan-Pakistan münasibətlərinin möhkəm təmələ əsaslandığını, hər iki tərəfin əlaqələrin inkişafında nə qədər maraqlı olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyevin səfər çərçivəsində Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü oldu. Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın ölkəmizə siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirildi. Hazırda ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı. Cənab İlham Əliyevin Pakistanın Baş naziri ilə görüşündə də ölkələrimiz arasında əlaqələrin gələcək inkişafı üçün mövcud imkanlar geniş müzakirə edildi. Dövlətimizin başçısı mətbuata bəyanatında vurğuladı ki, biz hər zaman bir-birimizi dəstəkləmişik. Biz hər zaman əməkdaşlıq etmişik. Lakin hazırda biz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyuruq. Bütün bunlar bizim planlarımızdır və bütün planlarımız icra olunacaq.

Onu da qeyd edək ki, ölkələrimiz müvafiq beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiya Parlament Assambleyası, habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Konfrans çərçivəsində də uğurla əməkdaşlıq edir, bir-birilərinə dəstək verir. Cari ilin iyununda Nyu-Yorkda keçirilmiş BMT-nin İqtisadi və Sosial Şurasının 2025-2027-ci illər üzrə üzvlüyünə seçkilərdə Azərbaycan Respublikasının namizədliyi, 2023-cü ildə Daşkənddə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Şuşa şəhərinin 2026-cı ildə İƏT-in Turizm paytaxtı elan edilməsi üçün irəli sürülmüş təşəbbüs, ötən ilin oktyabrında BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş və yüzdən çox ölkənin həmmüəllif olaraq qoşulduğu inkişaf hüququ üzrə qəbul olunmuş qətnamə Pakistan tərəfindən dəstəklənib. Azərbaycan da Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün qeyri-daimi üzvlüyünə namizədliyinə tam dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi status alması üçün müraciətini dəstəkləyir.

Reallıq budur ki, son illərdə iki ölkə liderləri arasında təmaslar daha da intensivləşib. Belə ki, həm Azərbaycanın ev sahibliyi etdiyi, həm də qatıldığı beynəlxalq tədbirlərdə iki ölkənin liderləri mütəmadi olaraq görüşürlər. Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının son iki Sammitində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb. Bundan əlavə, ötən ilin iyununda Pakistanın Baş naziri Azərbaycanda səfərdə oldu.

Mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ölkələrimiz arasında əməkdaşlığın yeni və daha güclü formatlarda da inkişaf etdirilməsidir. Bu baxımdan bu günlərdə Astanada keçirilən “ŞƏT plyus” formatında Zirvə görüşü çərçivəsində dövlət başçısı İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunan üçtərəfli görüş çox önəmlidir. Azərbaycan, Pakistan və Türkiyə arasında bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət edən və regional güc birliyini şərtləndirən bu əməkdaşlıq mexanizmi və həmin görüşdə müzakirə olunan məsələlər ölkələrimiz arasında əlaqələrin bütün sahələri əhatə etdiyini göstərir. Görüşdə iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, “Üç qardaş” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini deməyə imkan verir.

Ümumilikdə Azərbaycan-Pakistan münasibətlərinin uğurlu inkişafı dövlətimizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Möhkəm dostluğa və qardaşlığa əsaslanan bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycanın Vətən müharibəsində Qələbəsi, antiterror tədbirləri nəticəsində öz suverenliyini tam bərpa etməsi ilə Cənubi Qafqazda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli, eyni zamanda, çoxtərəfli əlaqələrin dərinləşməsi istiqamətində yeni perspektivlər açır.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə