“Seçkilərdən sonra Pezeşkianın verdiyi açıqlamalardan da görünür ki…” - POLİTOLOQ DANIŞDI
“İranda keçirilən prezident seçkiləri və islahatçı Məsud Pezeşkianın hakimiyyətə gəlməsi bölgə ölkələrində müəyyən ümidlər yaradıb. Buna əsas isə Pezeşkianın seçki kampaniyası dövründə səsləndirdiyi fikirlər olub. İranın daxilində və xaricində onun gələcək fəaliyyəti ilə bağlı müəyyən gözləntilər var. Amma Pezeşkian həm İranda, həm də xarici siyasətdə kəskin dəyişikliklərə gedə bilməsi kifayət qədər mürəkkəb məsələdir. Düşünmürəm ki, İranın siyasətində hansısa ciddi dəyişikliklər olacaq. Sadəcə olaraq Qərblə müəyyən qədər yumşalmaya gedilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, seçkilərdən sonra Pezeşkianın verdiyi açıqlamalardan da görünür ki, İranın xarici siyasətində kardinal dəyişikliklər olmayacaq: “O cümlədən, dünən Ermənistan Baş naziri ilə aparılan telefon danışığında da təxminən əvvəlki İran rəsmilərinin fikirləri təkrarlanıb. Azərbaycanda da bu seçkinin nəticələrindən müəyyən qədər gözləntilər var. Azərbaycan Prezidentinin İran Prezidentinə telefon zəngi etməsi, ölkəmizə dəvəti və səsləndirilən fikirlər müəyyən ümidlər yaradır. Amma nəzərə alsaq ki, İranda əsas şəxs Prezident deyil, ali dini rəhbərdir, yürüdülən siyasət də məhz onlar tərəfindən müəyyənləşdirilir”.
Politoloq bildirib ki, İranda Prezidentin vəzifəsi sadəcə olaraq həmin qərarları icra etməkdir: “Bu baxımdan ümid edək ki, münasibətlərdə müəyyən normallaşma olacaq. Belə ki mərhum Prezident İbrahim Rəisinin Azərbaycan Prezidenti ilə sonuncu görüşü gələcəyə doğru iki ölkə arasında əməkdaşlıq formatında müəyyən gözləntilər yaradıb. Hesab edirəm ki, bu gözləntilər özünü doğruldacaq”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB