"Şuşa bəyannaməsi münasibətlərin konstitusiyası kimi də dəyərləndirilir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü Şuşa şəhərində keçirildi. Şuşa şəhərində Qarabağ bəyannaməsi imzalandı. Şuşada keçirilən görüşdə Qazaxıstan Respublikasının Prezidenti hörmətli Kasım-Jomart Tokayev, Qırğızıstan Respublikasının Prezidenti hörmətli Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti hörmətli Şavkat Mirziyoyev, Türkiyə Respublikasının vitse-prezidenti hörmətli Cevdet Yılmaz və Macarıstanın baş naziri hörmətli Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti hörmətli Ersin Tatar, eləcə də, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev və digər rəsmi qonaqlar iştirak edirdilər. Məhz Şuşada keçirilmiş bu görüşün təşəbbüskarı cənab Prezident İlham Əliyev idi". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, artıq hər il qeyri-rəsmi olaraq Türk Dövlətləri Təşkilatının liderlərinin görüşlərinin keçirilməsi də razılaşdırıldı: "İlk növbədə nəzərə almalıyıq ki, Şuşa şəhərinin seçilməsi rəmzi məna daşıyırdı. 44 günlük Vətən müharibəsində Azərbaycanın torpaqlarını işğaldan azad etməsi və 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpa edilməsi nəticə etibarilə Azərbaycanın uğuru, zəfəri, qələbəsi olsa da, bu, ümumilikdə türk dövlətlərinin və türk dünyasının qələbəsi kimi də qəbul edilir. Türk dövlətləri Azərbaycanın bu zəfərinə, uğuruna səmimi qəlbdən və ürəkdən sevindilər. Bunu həm sözdə, həm də əməldə göstərdilər. Bu baxımdan da Türk Dövlətləri Təşkilatında təmsil olunan və müşahidəçi olaraq iştirak edən dövlətlərin liderlərinin və hökumət başçılarının burada iştirak etməsi, həqiqətən də, dünyaya bir mesaj idi və türk dünyasının bir araya gəlməsinin bir daha nümayiş etdirilməsi üçün əla fürsət idi. Eyni zamanda Türk Dövlətləri Təşkilatının gələcək hədəflərinə çatması üçün strateji məqsədlər və hədəflər uğrunda fəaliyyətlərini gücləndirmək üçün müzakirələrin mütəmadi aparılması və yeni həll yollarının tapılması vacibdir. Bu baxımdan da bu görüşdə Qarabağ bəyənməsinin imzalanması çox mühüm əhəmiyyət kəsb edirdi. Unutmamalıyıq ki, 2020-ci ildə Şuşa bəyannaməsi məhz Türkiyə Cümhuriyyətinin Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan və cənab Prezident İlham Əliyev tərəfindən imzalandı. Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərinin konstitusiyası kimi də dəyərləndirilir. Qars müqaviləsindən sonra Şuşa bəyannaməsinin imzalanması bu iki dövlət arasında strateji müttəfiqlik səviyyəsinə çatan münasibətlərin daha da inkişaf etdirilməsi üçün birgə yol xəritəsi rolunu oynadı.

2024-cü ildə Qarabağ bəyannaməsinin Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlər tərəfindən imzalanması isə Şuşa bəyannaməsinin geniş maştabda bütün türk dövlətləri arasında qəbul edilməsi kimi də dəyərləndirilməlidir. Hətta Qarabağ bəyənməsi gələcəkdə türk dövlətləri arasında bütün sahələrdə birlik və bərabərliyin təmin edilməsi, qanunvericiliyin uyğunlaşdırılması, iqtisadi-siyasi, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün əla bir zəmin yaradacaqdır. Bundan öncəki görüşlərdə məhz Türk Dövlətləri Təşkilatının 2040 strateji hədəfləri ilə bağlı sənəd imzalanmışdır. Şuşada keçirilən zirvə görüşündə gələcək hədəflərlə bağlı yeni perspektivlər araşdırıldı, müzakirə edildi. Nəticədə Qarabağ bəyannaməsində bütün bu məsələlər xüsusilə də, qeyd olundu. Bəyannaməyə nəzər salsaq, görərik ki, xüsusilə də, Şuşa şəhərinin 2023-cü il türk dünyasının mədəniyyət paytaxtı olmasının tarixi dəyəri burada qeyd olunub. Həmçinin strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün Türk Dövlətləri Təşkilatının kollektiv strategiyasının formalaşdırılması siyasi-iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar təhsil və mədəniyyət sahələrinin, türk dövlətlərinin tam potensial və imkanından istifadə edilməsinin vacibliyi bir daha qeyd olundu. Türk dövlətlərinin qlobal miqyasda potensialı nəzərə alınmaqla daha iddialı məqsədlərin qarşıya qoyulmasının birgə səylərin artırılmasının və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından Türk Dövlətləri Təşkilatının vəzifə və məqsədlərinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqinin zəruriliyi bir daha qeyd edildi. Həmçinin türk dövlətlərinin region və dünyada qlobal ticarət və iqtisadiyyatın inkişafında əvəzsiz rolu nəzərə alınmaqla nəqliyyat infrastrukturunun genişləndirilməsi, inkişaf etdirilməsi və səmərəli trans-regional dəhlizlərin yaradılması üçün türk dövlətlərinin səylərinin artırılmasının vacibliyi qeyd edildi. Ticarət həcmlərinin artırılması, liman, dəmir yollarına, avtomobil yollarına və logistik qovşaqlara infrastruktur investisiyalarının cəlb etməklə dayanıqlı inkişaf, iqtisadi rifah, beynəlxalq ticarət üçün təməl daşı kimi olan Avropa, Türkiyə, Cənubi Qafqaz, Mərkəzi Asiya, Çini birləşdirən trans-Xəzər beynəlxalq Şərq-Qərb orta dəhliz vasitəsilə üzvlər arasında regional əlaqəni və inteqrasiyanı gücləndirməyin vacibliyinə xüsusi yer ayrıldı. Bütün bu məqsədləri daha da inkişaf etdirmək və gücləndirmək üçün Bakı-Tiflis-Qars dəmir yolunun modernləşdirilməsinə diqqəti artırmaq qeyd olundu ki, burada da Azərbaycan, Gürcüstan və Türkiyənin üçtərəfli səylərinin artırılması yüksək qiymətləndirildi. Biz inanırıq ki, bu sahədə işlər daha da təkmilləşdiriləcək. Nəticədə yaxın gələcəkdə bu logistik yolların şaxələndirilməsi üçün Zəngəzur dəhlizinin də açılmasına şahidlik edəcəyik.
Bununla yanaşı iqlim dəyişikliyi və onun türk dövlətlərinin dayanıqlı inkişafına təsirlərinə birgə iqlim fəaliyyəti yolu ilə cavab verilməsinə daha sıx əməkdaşlığın zəruriliyi vurğulandı. COP29 tədbirinin Azərbaycanda keçirilməsi çox əla imkanlar yaradır. Türk dövlətləri də bu imkandan maksimum istifadə etməlidir. Cənab Prezident İlham Əliyev türk dövlətləri liderlərini bir daha COP29-a dəvət etdi. Türk Dövlətləri Təşkilatı da COP29-a hərtərəfli dəstək verəcəklərini çıxışlarında bəyan etdilər. Biz inanırıq ki, COP29-un uğurlu keçirilməsi və burada əldə olunmuş təcrübə Türk Dövlətləri Təşkilatının da məhz iqlim dəyişikliyi ilə bağlı xüsusi konsepsiyaların hazırlanması və fəaliyyət proqramının reallaşdırılması üçün böyük bir dəstək olacaqdır".

"Türk dövlətləri tərəfindən alternativ enerji mənbələrinin işlənməsi və təkmilləşdirilməsi ilə bağlı da müvafiq razılıq əldə olundu. Ağıllı şəhər və kənd konsepsiyalarının, iqlim və yaşıl rəqəmsal platformasının, Türk Dövlətləri Təşkilatının iqlim və davamlı kəndlər forumunun yaradılması üzrə müzakirələrin aparılması təşəbbüsü də irəli sürüldü. Türk Dövlətləri Təşkilatı arasında elektron hökumət infrastrukturunun daha da inkişaf etdirilməsi və bir-birinə inteqrasiyası məsələsi də bəyanatda qeyd olundu. Süni intellektdən aktiv istifadə etmək, elektron hökumət layihələrinin uğurla həyata keçirilməsi bütün türk dövlətləri tərəfindən reallaşdırılır. Ancaq bunların koordinasiyalı şəkildə həyata keçirilməsi və inteqrasiya olunması çox vacibdir. Belə olacağı təqdirdə biz gələcəkdə daha asan, rahat, funksional fəaliyyət həyata keçirə bilərik. Bəyanatda da bu məsələlərə xüsusilə yer verildi. Eyni zamanda milli kosmik proqramların potensialının araşdırılması və qarşılıqlı öyrənilməsi, təcrübə mübadiləsi və mövcud potensialın birləşdirilməsi, qarşılıqlı istifadəsi də bəyanatda öz yerini tapdı. Biz bu bəyanatın çox geniş və ətraflı olmasını nəzərə alaraq belə qənaətə gələ bilərik ki, Türk Dövlətləri Təşkilatının zirvə toplantısının Şuşada keçirilməsi çox faydalı oldu. Xüsusilə də, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətlərinin müşahidəçi qismində Türk Dövlətləri Təşkilatında iştirakı və bütün bu proseslərə əllərindən gələn dəstəyin verilməsi alqışlanır. İnanırıq ki, yaxın gələcəkdə bu dövlətlər artıq Türk Dövlətləri Təşkilatının daimi üzvünə çevriləcək. Cənab Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının qarşıya qoyulmuş məqsədlərə çatdırılması üçün mövcud büdcə kifayət etmir. Azərbaycan tərəfindən 2 milyon dollar ianə edildi. Bu ənənənin digər türk dövlətləri tərəfindən davam etdiriləcəyinə inanırıq. Biz yaxın gələcəkdə Türk Dövlətləri Təşkilatının daha da güclü bir təşkilata çevriləcəyinə şahidlik edəcəyik" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə