Türk dünyasının inkişaf potensialının doğurduğu NİKBİNLİK - TƏHLİL

Bütün dünyada baş verən təlatümlər fonunda Türkiyə və Azərbaycan sabitlik və inkişaf üçün bir məkan olaraq qəbul olunur. Hazırda regionumizun nəqliyyat dəhlizləri, enerji sahəsində strateji əhəmiyyət kəsb etdiyi də göz önündədir. Şuşada qeyri-rəsmi sammitin keçirilməsi və forumdan əvvəl keçirilən Xarici İşlər Nazirləri Şurasının iclasının əsas mövzusunun Türk dövlətləri arasında əməkdaşlığın perspektivləri olması heç də təsadüfi deyil və haqlı olaraq, bütün dünyanını diqqət mərkəzindədir.

Etiraf edilməlidir ki, Türk Dövlətləri Təşkilatı beynəlxalq aləmdə öz layiqli yerini olduqca qısa zamanda tutub və bu təşkilata üzv ölkələr məhz iqtisadi sahədə sabit və davamlı inteqrasiya mexanizmlərini işə sala biliblər. Əslində, ən qürurverici odur ki, buna məhz təşkilata üzv ölkələrin dönməz iradəsi sayəsində nail olunub. Məhz Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dönməz iradəsi sayəsində türk dünyasının konturlarını yeni geosiyasi reallıq kimi formalaşdırmaq mümkün olub. Hazırda da coğrafi baxımdan Xəzər regionu və Yaxın Şərqin geniş ərazilərində yerləşən türk dünyasının dostluq və işgüzar tərəfdaşlıq nümayiş etdirməsi, nəqliyyat, karbohidrogen və yaşıl enerji sahələrində inteqrasiya təşəbbüslərini təşviq etməsi, həmçinin birgə investisiyalar həyata keçirilməsi, sənaye və kənd təsərrüfatı sektorlarında, ticarət, turizm, İT texnologiyaları, eləcə də humanitar və təhsil sahələrində layihələr böyük əhəmiyyət kəsb edir.

Xatırladaq ki, son dövrlərdə Azərbaycanın xarici siyasətinin və iqtisadi strategiyasının əsas vektorlarından birinin məhz Mərkəzi Asiya ölkələri və Türkiyə ilə işgüzar əməkdaşlığın gücləndirilməsi olduğu hər kəsə bəllidir. İndi artıq həm də bəlli olan odur ki, ölkəmiz həqiqətən də özünün xarici siyasətinin və iqtisadi strategiyasının əsas vektorlarından birini tamamilə düzgün müəyyən edib. Əslində, Şuşada keçirilən qeyri-rəsmi sammitinin əsas mövzusu “Nəqliyyat bağlantısı və iqlim dəyişikliyi ilə mübarizə vasitəsilə davamlı gələcəyin qurulması” olub. Sammit iştirakçıları Orta Dəhlizin və onun ən mühüm komponenti olan Transxəzər marşrutunun gücləndirilməsi, logistika əlaqələrinin genişləndirilməsi, yükdaşımaların və ölkələr arasında ticarətin artırılması məsələlərini müzakirə ediblər. Müzakirə mövzusu, həmçinin bu il noyabrın 11-22-də Azərbaycanda keçiriləcək COP 29, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına hazırlıq olub. Bununla belə sammit özünün mühüm məqamları ilə əlbəttə ki, yadda qalan hesab olunur.

Ölkə rəhbərimiz də Şuşada keçirilən sammit barədə öz fikirlərini bildirib və dövlətimizin başçısı əsrimizin türk dünyası üçün tərəqqi əsrinə çevrilməli olduğunu vurğulayıb. “XXI əsr türk dünyası üçün tərəqqi əsrinə çevrilməlidir. Biz böyük coğrafi ərazini əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika var, zəngin təbii ehtiyatlarımız, onların çatdırılması üçün müasir infrastruktur, Mərkəzi Asiya və Cənubi Qafqazı Aralıq dənizi və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri ölkələrimizi sıx birləşdirir”, deyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşada qeyri-rəsmi sammitinin açılış mərasimində bildirib.

Türk dünyasının inkişaf potensialı həqiqətən də nikbinlik doğurur. Statistik göstəricilərə nəzər saldıqda nikbinlikdə haqlı olduğumuz öz təsdiqini tapır. Türk Dövlətləri Təşkilatı ölkələrinin birlikdə Ümumi Daxili Məhsulu 1,5 trilyon dolları ötür, əhalisi isə 160 milyon nəfəri keçib və bu say çox dinamik şəkildə artmaqdadır. Nisbətən ucuz və ixtisaslı əmək bazarının mövcudluğu, əlverişli biznes və investisiya mühiti türk ölkələri istehsal klasterlərinin lokallaşdırılması üçün olduqca cəlbedicidir. Xəzər dənizinin şərq sahilində yerləşən Qazaxıstan, Türkmənistan və dənizə çıxışı olmayan Özbəkistan və Qırğızıstan Azərbaycan və Türkiyə ilə birlikdə Orta Dəhlizin üç əsas vektoru - Avropa-Qafqaz-Asiya (TRASEKA) çərçivəsində əməkdaşlığı dərinləşdirirlər. Xəzər regionunun liman və dəmir yolu infrastrukturunun modernləşdirilməsi də təsadüfi deyil və üzv ölkələrin Çinlə tərəfdaşlıqda səyləri vasitəsilə yükdaşımaların çoxalmasına yönəlib.

“Azərbaycandan əlavə sərmayələr hesabına Orta Dəhlizinin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona qədər artırılıb, Ələt beynəlxalq ticarət limanının gücü isə 15 milyon tondan 25 milyon tona qədər genişlənib. Azərbaycan Xəzər dənizində 50-dən çox ticarət gəmisinə sahib olmaqla, türk dövlətlərinə mühüm tranzit xidmətləri göstərir. Yükdaşımaların artımını nəzərə alaraq, hazırda Bakı Gəmiqayırma Zavodunda daha altı gəmi inşa edilir. Gələn il Laçında ölkənin 9-cu beynəlxalq hava limanı istifadəyə veriləcək”, deyə bəyan edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın nəqliyyat sektorunun üstünlüklərini xüsusilə vurğulayıb. Ölkə rəhbərimizin, dövlətimizin başçısının qeyd etdiklərini onsuz da üzv ölkələrin liderləri, ölkə rəhbərləri çox yaxşı bilirlər və reallıqlar qəbul da edirlər.

Təbii ki, Xəzər regionunda görülən işlər olduqca geniş həcmlidir və daşınmalarda artımlar da səbəbsiz deyil. Xüsusilə diqqətə çatdıraq ki, Xəzərin şərq sahillərində də analoji addımlar nəzərdə qaçmır. Ötən il Orta Dəhliz üzrə yükdaşımaların həcminin 65%-ə, yaxud da demək olar ki, 3 milyon tona qədər artmasını Şuşa sammitində çıxış edən Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev bildirib. Onun sözlərinə görə, Aktau limanındakı dəniz qovşağının modernləşdirilməsi daşınan konteynerlərin sayının 300 minə çatdırılmasına imkan verir. Sözsüz ki, Qazaxıstan prezidentinin dedikləri özünü statistik göstəricilərdə təsdiq edir. Beləki, bu günə qədər Orta Dəhliz üzrə konteyner daşımalarının həcminun 2023-cü illə müqayisədə iki dəfə artması bunu əyani şəkildə göstərir. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev xüsusən də vurğulayıb ki, üzv ölkələr və digər ölkələrlə ticarət dövriyyəsinin və yükdaşımaların həcmini genişləndirmək lazımdır və potensialdan tam istifadə edilməlidir.

Heç şübhəsiz ki, təşkilata üz ölkələrin imkanları və potensialı öz bəhrəsini verməkdədir. Daha dəqiq desək, həmin potensial yeni-yeni imkanlar üçün əvəzsizdir. Faktiki olaraq görünən də odur ki, türk dövlətlərinin ildən-ilə artan nəqliyyat və logistika imkanları üzv ölkələrlə onların Avropadakı tərəfdaşları arasında ticarət əlaqələrinin dinamikasının artmasına öz töhfəsini verməkdədir. Beləliklə, əbəs yerə deyil ki, Türkiyə, Azərbaycan, Mərkəzi Asiya ölkələri, eləcə də təşkilatla fəal əməkdaşlıq edən Macarıstan qeyri-neft ticarətinin həcmini artırmaq üçün yeni mexanizmlər qurur. Xatırlatma üçün qeyd edək ki, 2023-cü ildə türk ölkələri arasında ticarət dövriyyəsi 42,3 milyard dollar olub və bu, dəyər ifadəsində əvvəlki illə müqayisədə 27,3 faiz artım deməkdir. Eyni zamanda türk dövlətlərinin dünya ilə ümumi ticarət dövriyyəsi təxminən 1,3 trilyon dollar təşkil edib. Onu da unutmaq lazım deyil ki, üzv ölkələr arasında ümumi ticarət dövriyyəsinin demək olar ki, dörddə biri Azərbaycanın payına düşür və ötən il onun həcmi təxminən 9 milyard dollar təşkil edib.

“Bizim enerji sektorunda strateji tərəfdaşlığımız, o cümlədən bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq son dərəcə vacibdir. Bu il Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransına ev sahibliyi edəcək və bu fürsətdən istifadə edərək hamınızı bir daha COP29-a dəvət edəcək”, deyə cənab Prezident İlham Əliyev türk dövlətləri arasında uzunmüddətli əməkdaşlığın daha bir mühüm prioritetini qeyd edib. Artıq təşkilata üzv ölkələr görürlər ki, həqiqətən də enerji sektorunda strateji tərəfdaşlığımız, ümumiyyətlə, əməkdaşlığımız olduqca əhəmiyyətlidir. Hər halda üzv ölkələrin rəhbərlərinin əməkdaşlıqda maraqlı olduqları bunu təsdiq edir və isbat edir ki, bəli, həqiqətən də Türk Dövlətləri Təşkilatına üz ölkələrin strateji tərəfdarlığı son dərəcə vacibdir, faydalıdır və məhz bu məqam, Türk dünyasının inkişaf potensialı nikbinlik doğurur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə