“Növbəti parlament də yeni uğurların qazanılmasında fəal iştirak edəcək” - MÖVQE BİLDİRİLDİ

“Növbədənkənar prezident seçkilərindən sonra ölkə başçısı İlham Əliyev öz andiçmə mərasimində elan etdi ki, Azərbaycanın yeni dövrü başlayır. Azərbaycan öz tarixində ilk dəfə olaraq bütün ərazisində prezident seçkilərini keçirdi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi. Üçrəngli Azərbaycan bayrağı ilk dəfə bütün Azərbaycan torpaqlarında qürurla dalğalanmağa başladı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, Azərbaycan dünyanın nüfuzlu dövləti kimi böyük hörmət sahibidir: “Buna görə də Azərbaycanda keçiriləcək parlament seçkiləri də dövlətimizin tarixi üçün şərəfli bir səhifədir. Təbii ki, parlamentin buraxılması məlum hadisə ilə bağlıdır. Belə ki, COP29 beynəlxalq konfransının noyabr ayında Azərbaycanda keçirilməsi dövlətimizi parlament seçkilərini müəyyən qədər irəliyə çəkməyə məcbur etdi. Çünki COP29 böyükmiqyaslı tədbir olduğuna görə, on minlərlə insanın Azərbaycana gəlişi ilə bağlı sözügedən tədbirləri eyni vaxtda keçirmək mümkün deyildi. Bu səbəbdən də Azərbaycan dövlət başçısı müdrik qərar qəbul etdi, parlament buraxıldı və seçkilərin sentyabrın 1-də keçirilməsinə qərar verildi. Azərbaycan cəmiyyəti xeyli inkişaf edib. Dövlətimizin işğal altında olan bütün torpaqları azad edilib. Azərbaycanın bütün ərazilərində parlament seçkiləri keçiriləcək.

VI çağırış Azərbaycan Milli Məclisi kifayət qədər böyük uğurlara imza atmışdı. Növbəti parlament də qazanılan uğurların davam etdirilməsində fəal iştirak edəcək və Azərbaycan dövlət başçısının daxili və xarici siyasətinin həyata keçirilməsində qanunvericiliyin möhkəmləndirilməsinə öz töhfəsini verəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə