Paşinyandan Avropa İttifaqı ilə bağlı NÖVBƏTİ MANİPULYASİYA - TƏHLİL

Ermənistan Demokratiya Forumunda 1 iyun tarixində Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışı geniş diqqət və marağa səbəb olub. Avropa İttifaqına Ermənistanın qoşulması məsələsi ilə bağlı referendum keçirmək təklifi ilə çıxış edən erməni baş nazirin kömək də istəyib və belə bir istəyi də səbəbsiz hesab edilmir. Onun belə bir kömək istəməsi Ermənistana məxsus mətbuat səhifələrində də xüsusi olaraq qeyd olunubsa, deməli, bunun arxasında hansısa məqamların olduğu erməni cəmiyyəti tərəfindən qəbul olunmaqdadır.

“Biz Ermənistanın Avropa ittifaqına qoşulması ilə bağlı referendumun keçirilməsi təklifi ilə çıxış etdik. Sizdən xahiş edirəm kömək edəsiniz ki, insanların öz fikirlərini söyləmək imkanı olsun”, deyən Nikol Paşinyanın fikirləri erməni cəmiyyətində birmənalı qarşılanmayıb. Ələlxüsus da Ermənistan müxalifətinin məhz erməni baş nazirin fikirlərindən qıcıqlandığını görməmək mümkün deyil. Məhz erməni müxalifətinin də belə qıcıqlandığına görə Paşinyan kifayət qədər geniş cavab verməli olub, desək, yəqin ki, yanılmarıq. “Bizə deyirlər ki, Avropa İttifaqına üzv olmaq ideyasını xalqın dəstəklədiyini göstərmək üçün referendum keçirməliyik. Mən özüm bildirdim ki, Ermənistan Avropa İttifaqının mümkün hesab etdiyi qədər Aİ-yə yaxın olmağa hazırdır. Əgər mən düşünsəm ki, erməni xalqı bu fikri bölüşmür, mən belə bəyanat verməzdim”, deyə Paşinyan bildirib.

Yenə də erməni baş nazir öz avantürasını işə salır

Görünən odur ki, erməni baş nazir məhz Avropa İttifaqı ilə bağlı məsələni ortalığa atmaqla yenə də manipulyasiya edir. Əslində, onun özü də referendum keçirmək niyyətində deyil, sadəcə olaraq, bunu nümayişkəranə şəkildə etmək qərarına gəlib ki, bununla da yenə avantürasını işə salır. Bunu görmək, dərhal duymaq heç də çətin deyil. Bunun üçün əsas da yetərincədir. Əvvəla, Ermənistanın Aİ-yə daxil olması ilə bağlı referenduma indi qətiyyən ehtiyac yoxdur. Bunun da iki səbəbi var və bu səbəbləri hər kəs çox yaxşı bilir. İlk növbədə diqqətə çatdıraq ki, Rusiyanın Ermənistanda mühüm iqtisadi, siyasi və hərbi təsir imkanlarından istifadə etməkdə davam etməsi fonunda o qədər də kəskin şəkildə “Avropaya iradə” ifadə etməyə Nikol Paşinyan heç də hələ hazır deyil axı. Çünki Nikol bu gün daha çox Rusiyadan, Ermənistana təsir etməsi üçün Moskvanın mövcud rıçaqlarından ehtiyat edir. Ona görə də onun mövqeyi çox müəmmalı hesab olunur. Digər tərəfdən də axı, qərbyönlü əhval-ruhiyyənin qaçılmaz olaraq yüksəldilməsi erməni baş nazirə bu halda qətiyyən lazım deyil. Çünki bunun qərbyönlü partiyalara populyarlıq gətirəcəyi və onun onsuz da çox aşağı düşmüş reytinqinin bir hissəsini əlindən alacağı qorxusu Nikol üçün heç də arzuolunan ola bilməz.

Daxili auditoriyaya hesablanan nitqinin yenə də şahidi oluruq

“Əgər biz referendum keçirəcəyiksə, ondan əvvəl təbliğat kampaniyası aparılmalıdır. Biz insanlarla görüşdüyümüz zaman insanlar bizə suallar verəcəklər. Necə, nə vaxt, nə qədər müddətə, hansı addımlarla sualları veriləcək və soruşulacaq ki, görəsən Avropa İttifaqı bunu istəyirmi, yaxud buna hazırdırmı? Onlar deyəcəklər ki, bəyan etdiyiniz kimi, Avropa İttifaqı buna hazır olduğu qədər Ermənistan da Aİ ilə yaxınlaşmağa hazırdır. İndi sual oluna bilər ki, Avropa İttifaqı buna nə dərəcədə hazırdır? Bu gün bu suala cavab verə bilərəmmi? Yox, bacarmıram! Çünki bu gün Avropa İttifaqının özündə proseslər gedir və biz bu prosesləri dəyərləndirməliyik. Aİ ölkələrində seçkilər var ki, onların nəticələri ən azı sual doğurur”, deyən Nikol Paşinyan öz fikrini inkişaf etdirməyə çalışıb və guya mövqeyini götərmək istəyib. Əslində isə, erməni baş nazirin yenə də daxili auditoriyaya hesablanan nitqinin şahidi oluruq və görürük ki, yenə də Paşinyan avantüraya əl atır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, erməni baş nazir qorxur. Qorxur ki, ermənilərin bu məsələdə həddindən artıq canfəşanlığı xüsusən də Avropada uzaqgörənlərin populyarlığının artması fonunda avropalı bürokratların soyuq anlaşılmazlığı ilə qarşılana bilər. Ona görə də erməni baş nazirinin hansısa oyunlara da, avantüraya da əl atması əslində, elə gözləniləndir.

Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarından qrantlar almaq istəyi də istisna edilə bilməz

Nikol Paşinyan hal-hazırda manevr etmək məcburiyyətində görünür. Görünən odur ki, erməni baş nazir həm də hansısa yolla Ermənistan üçün imtiyazlı mövqeyə nail olmaq arzusundadır. Məsələn, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarından qrantlar almaq kimi istəyi də istisna edilə bilməz. Amma, bununla belə, nəzərə almaq lazımdır ki, vəziyyət tamamilə dəyişə də bilər. Beləki, reallıq bunu tələb edəcəyi təqdirdə istər Qərb, istərsə də lap elə Paşinyanın özü belə Ermənistanın Avropaya inteqrasiyası istiqamətində daha bir qəti addım atmaq istəyə bilər. Avropa İttifaqının siyasi hissəsi olmaq arzusunu təsbit edən yeni konstitusiya üzrə referendumun təşviqi belə bəzi ekspertlərin, politoloqların fikrincə, gözlənilən haldır. Amma istənilən halda, Nikol Paşinyanın bu məqamda manipulyasiya etdiyi təkzib edilə bilməz. Ona görə ki, nə Nikol özü, nə də ölkəsi Avropa İttifaqına üzv olmağa da, referenduma da qətiyyən hazır görünmür.

Hayların Aİ-yə üzv olmaqla bağlı istəkləri bir xəyaldır və bununla bağlı spekulyasiyalar erməni baş nazirin manipulyasiyasıdır

Reallıqlar fonunda Ermənistanın baş nazirinin dedikləri, istəkləri, Avropa İttifaqına üzv olmaqla əlaqədar referendum barədə söylədikləri heç də inandırıcı görünə bilməz. Əvvəla, ona görə ki, Avropa ittifaqına üzv olması üçün Ermənistanın müvafiq tələblərin öhdəsindən gəlməsi gərəkir. Heç də Ermənistan bu vəziyyətdə Avropa İttifaqına üzv ola bilməz və bunu nəinki baş nazir Nikol Paşinyan, hətta sıravi erməni də yaxşı bilir. Yaxşı bilir ki, Avropa İttifaqının tələb etdiyi Ermənistanda yoxdur. Ermənistan demokratik dəyərlərlə bağlı, ələlxüsus da insan haqları, konstitusyon hüquqlar, korrupsiya və digər məsələlərdə Avropa İttifaqının tələblərinə uyğun gəlmir. İşğalçı ölkənin öz siyasətini müəyyənləşdirməsində belə elə məqamlar vardır ki, Avropa İttifaqı üçün qəbul edilən ola bilməz. Doğrudur, ermənilər özlərinin fransız bacılarına, ələlxüsus da Fransa prezidenti Emmanuel Makrona güvənərək elə hesab edirdilər ki, guya Makron onları öz qucağındaca aparıb Avropa İttifaqına üzv edəcək. Paşinyan özü də bu fikri formalaşdırmaqda, yaymaqda maraqlı görünür. Amma bunu düşünmək həm axmaqlıq, həm də avamlığın son həddi sayıla bilər. Ona görə ki, bu məsələdə Fransanın da, şəxsən Makronun özünün də gücü çatacaq nə isə yoxdur. Həm də Fransa indi hayların hayında yox, özü öz hayındadır və heç Makron da yaxşı vəziyyətdə deyil ki, erməniləri düşünməyə imkanı olsun. Növbədənkənar seçkilərdən sonra Emmanuel Makronu da, hansısa fransalını da Ermənistan adlı bir dövlət də, onun Avropa İttifaqına üzv olub-olmaması da, vətəndaşlarının referendum məsələləri də qətiyyən maraqlandıra bilməz. Bunu ermənilər özləri də hamıdan yaxşı bilirlər və hamıdan da öncə etiraf etdikləri Ermənistana məxsus mətbuat səhifələrindən bizə bəllidir. Deməli, hayların Avropa İttifaqı ilə bağlı fikirləri sadəcə xəyaldır. Bunun xəyal olduğunu bilə-bilə müzakirəsini davam etdirmək isə Nikol Paşinyanın manipulyasiyasıdır. Hamı bilir ki, bu, erməni baş nazirin avantürasıdır və Avropa İttifaqına üzv olmaq yox, tamamilə başqa niyyətləri var və üzvlüklə bağlı spekulyasiyalar süni şəkildə ortaya atılıb. Nə Ermənistan Avropa İttifaqına üzv olmaq barədə qəti qərar verə bilməyib, nə bu qərarı verməsinə mövcud vəziyyət imkan vermir, nə də belə bir şansın işğalçı ölkəyə veriləcəyi inandırıcı səslənmir. Hər halda, Rusiya qorxusu da Ermənistana göz açmağa imkan vermir və bu qorxunun fonunda Paşinyan qətiyyən istədiyi qərarı verə bilməz. Deməli, Nikol Paşinyan indi, bu dəfə də məhz Avropa İttifaqı ilə bağlı manipuyasiya edir. Avropa İttifaqına üzvlüklə bağlı ifadə etdikləri və göstərmiş olduğu yalançı mövqeyi onun növbəti avantürası, növbəti manipulyasiyasıdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə