Prezidentin xüsusi nümayəndəsi təyin edilən Bəşir Hacıyev KİMDİR?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Bəşir Qüdrət oğlu Hacıyev Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. SİA xəbər verir ki, daha əvvəl Bəşir Hacıyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin nümayəndəliyinin baş məsləhətçisi olub.

Daha sonra isə Prezident İlham Əliyevin müavfiq sərəncamı ilə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifəsinə təyin edilib.

1979-cu ildə anadan olan Bəşir Hacıyev 2000-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin bakalavr, 2004-cü ildə həmin universitetin Dilşünaslıq fakültəsinin magistr pillələrini bitirib, 2007-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsindən məzun olub.

Məlumata görə, Bəşir Hacıyev Azərbaycanda mehmanxana idarəetməsi sahəsində ilk menecerdir. O, “İçəri Şəhər” adlı butik oteldə iş fəaliyyətinə başlayıb və on ildən çox müddət ərzində mehmanxana idarəetməsində çalışıb. Karyerası ərzində Bəşir Hacıyev “İçəri Şəhər”, “Hale Kai Hotel”, “Balion Hotel”, “Çiraq Plaza Hotel”, “Sea Breeze Resort”, “Caspian Sea Resort” kimi otelləri idarə edib.

2010-cu ildə Azərbaycan Turizm Assosiasiyasi İdarə Heyətinin üzvü, daha sonra ASK-nın tərkibində fəaliyyət göstərən “Turizm” komissiyasının sədr müavini seçilib.

Bəşir Hacıyev eyni zamanda “Balion Group” şirkətinin təsisçisidir. Hazırda həmin şirkətə Bəşir Hacıyevin qardaşı Vüqar Hacıyev rəhbərlik edir. Onu da bildirək ki, Vüqar Hacıyev tanınmış teleaparıcı, Hacı Nuran kimi tanınnan Nuran Hüseynovun köməkçisi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə