"Sentyabrın 1-də keçiriləcək seçkilərin tarixi əhəmiyyəti var" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Məlum olduğu kimi bu ilin noyabr ayında Bakıda təkcə ölkəmiz üçün deyil, bütövlükdə regionumuz və dünya üçün mühüm və strateji baxımdan həyati əhəmiyyət daşıyan qlobal miqyaslı tədbir - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək. Milli və dövlət maraqlarımız, eləcə də bəşəriyyətin gələcəyi bu konfransın yüksək səviyyədə təşkilini zəruri edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib.

Millət vəkili bildirib ki, bu həm də iqlim dəyişiklikləri ilə mübarizədə həmrəyliyin təşkili üçün yeni nümunələr yaradılması baxımından mühüm əhəmiyyətə malikdir: "Məhz bu baxımdan, noyabrın ilk həftəsində keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin, təxminən iki ay əvvələ çəkilməsi zərurəti yaranmışdı və Milli Məclis hər zaman olduğu kimi dövlət maraqlarını əsas götürərək, ölkə Prezidentinə bununla bağlı müraciət ünvanladı.

Qeyd edim ki, parlament seçkilərinin iki ay əvvələ çəkilməsi, qanunverici orqanın fəaliyyətinin davamlılığında da heç bir problem yaratmır. Bir qayda olaraq, parlamentin payız sessiyası oktyabr ayında öz işinə başlayırdı. İndiki halda da yeni seçkilərdən sonra, əvvəllər olduğu kimi Milli Məclis yeni seçilən heyətlə, sözügedən vaxtdan etibarən öz işini davam etdirəcək.

Bununla yanaşı, sentyabrın 1-də keçiriləcək seçkilərin həm də tarixi əhəmiyyəti var. İlk dəfədir ki, Milli Məclisə seçkilər ölkəmizin bütün suveren ərazilərində keçiriləcək. Ordumuzun qələbəsi işğala son qoyduğu, suverenliyimizi bərpa etdiyi kimi “məcburi köçkün” anlayışını da tarixin yaddaşına köçürüb xalqımızın, dövlətimizin tarixində yeni bir səhifə açıb. Artıq keçmiş məcburi köçkünlər öz yurd yerlərində, azad və abad edilmiş Qarabağda, Şərqi Zəngəzurda öz deputatlarını seçəcəklər. Düşünürəm ki, sentyabrın 1-də keçiriləcək seçkilər Milli Məclisin və bütövlükdə dövlətimizin tarixində önəmli bir hadisə kimi qalacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə