Sentyabr ayından artıq Xankəndiyə də köç başlayır - ŞƏRH

“Tarixi Zəfərimizdən ötən üç ildən artıq dövr Zəfər səhifələrinin yazılması, Böyük Qayıdış Proqramının uğurlu icrası ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın 28 May-Müstəqillik Günündə Ağdam və Xocalı rayonlarına səfəri özündə bütün məqamları ehtiva edir. Cənab İlham Əliyev bildirdi ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki keçən il Müstəqillik Günündə cənab İlham Əliyev Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etdi. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşdü. Ağalılar da məhz həmin gün doğma yurd-yuvalarına qayıtdılar. Bu il Müstəqillik Günündə isə Böyük Qayıdış Proqramının Xocalı səhifəsi yazıldı. Bu günədək soydaşlarımızın qayıtdıqları Füzulu, Laçın, Şuşa şəhərlərinin sırasına Xocalı şəhəri də daxil oldu. Bu qayıdış, eyni zamanda, Ağalı, Talış, Zabux və Sus kəndlərində də reallığa çevrilib. Həm bu ünvanlara, həm də yenilərə köç davamlı şəkildə həyata keçirilir. Dövlət başçısı İlham Əliyev cari ilin, həmçinin qarşıdakı dövrün hədəflərini açıqlarkən bildirmişdir ki, bu il məcburi köçkünlərin qaytarılacaqları şəhərlər arasında Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocalı şəhərləri olacaq. Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə isə keçmiş məcburi köçkünlərin 2025-ci ildə qayıtması nəzərdə tutulur. Bununla paralel olaraq bir çox kəndlərdə inşaat davam edəcək. Bir neçə kəndə keçmiş köçkünlər qayıdacaqlar. O sırada Sus kəndi nəzərdə tutulmuşdur. Xocalı rayonunun Kərkicahan, Malıbəyli, Şuşanın Turşsu kəndlərinin bərpasına artıq start verilib. Ümumilikdə Birinci Qayıdış Proqramının icrasının başa çatacağı 2026-cı ilin sonuna qədər 140 min keçmiş köçkünün öz dədə-baba torpaqlarına qaytarmaları əsas hədəflərdəndir". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, cari il üçün nəzərdə tutulan qayıdış ünvvanlarından Şuşa, Xocalı şəhərləri və Sus kəndi reallaşıb: “Dövlət başçısı İlham Əliyev Xocalı sakinləri ilə görüşündə bu müjdəni çatdırdı ki, sentyabr ayından Xankəndi şəhərinə də köç başlayır. Suverenliyimizin bərpasından, Azərbaycan Bayrağının Xankəndidə, Xocalıda ucaldılmasından çox qısa müddətdə belə böyük miqyasda işlərin görülməsi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır. Xalqımız 30 il bu günü səbirsizliklə gözlədi. 30 ildə bir gün də olsa ümidini itirməyən soydaşlarımız dövləyimizin qətiyyəyi, düşünülmüş siyasəti nəticəsində tarixi ədalətin Zəfər çalacağına əmin idi. Dövlət başçısı İlham Əliyevin Xocalı sakinləri ilə görüşündə qeyd etdiyi kimi, hər şeyin vaxtı var və biz qayıtmışıq. Həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Onların qəhrəmanlığı, fədakarlığı sayəsində bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirdilər ki, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə hər an hazır olmalıyıq. İlk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik. Cənab İlham Əliyev bu mühüm məqamı da diqqətə çatdırdı ki, bu gün hərbçilər üçün inşa edilmiş evlərlə də tanış oldum. Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq. Burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək".

Nurlan Həsənov vurğulayıb ki, hər bir Zəfər yeni-yeni hədəfə doğru atılan mühüm addımdır: “Suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycan yeni dövrə qədəm qoyub. Hazırkı dövrün əsas çağırışlarından biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı olmaqla yanaşı, sülh müqaviləsinin imzalanmasıdır. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla yeni səhifənin açılması üçün bu mühüm addımın atılması əsasdır. O da məlumdur ki, mayın 24-də işğaldan azad edilmiş Qazaxın 4 kəndində Azərbaycan Bayrağı ucaldıldı. Bu Zəfərə hər hansı vasitəçinin iştirakı olmadan nail olduq. Sülh müqaviləsinin imzalanmasının bir addımlığındayıq".

Millət vəkili onu da bildirib ki, cənab İlham Əliyevin hər bir çıxışı Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir: Dövlət başçısı Xocalı sakinləri ilə görüşündə Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılmasına da diqqəti yönəldərək bildirdi ki, uzun illər bu məsələ müzakirə edildi. Hətta “Ana fəryadı” abidəsinin yanında yer də seçildi, layihə hazırlandı. Ancaq bu Memorial Kompleksin Xocalıda yaradılacağına əmin idim və belə də oldu. Bu il fevralın 26-da Xocalıda xocalılılarla bərabər Xocalı Memorial Kompleksinin təməli qoyuldu. Bütün dünya erməni vəhşiliyini görəcək. Bunu hər kəs bilməlidir: Ermənistan özü bunu etiraf etməlidir, özü bizdən üzr istəməlidir. Ancaq bunu etməklə ola bilsin ki, indiki Ermənistan rəhbərliyi - o vəhşilərin, vandalların, qaniçənlərin günahlarını bir qədər yumuş ola bilər. Bunu etməsə, məncə, Ermənistan özü heç vaxt ayağa dura bilməyəcək. Gərək, ilk növbədə, Ermənistan özü bu faciəni, bu cinayəti, hərbi cinayətini tanısın". yap.az

Bütün xəbərlər Facebook səhifəmizdə