Azərbaycanın Müstəqillik Günü Litvada da qeyd edilib

Ölkəmizin Litvadakı səfirliyi 28 May - Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan və Litvanın Dövlət himnləri səsləndirildikdən sonra səfir Tamerlan Qarayev 1918-ci ildə Şərqdə yaradılmış ilk dünyəvi və demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən bəhs edib, iki ilə yaxın bir müddətdə mövcud olan, atdığı mühüm addımlar və qəbul etdiyi tarixi qərarlarla yadda qalan Cümhuriyyətin 1920-ci ildə bolşevik işğalı ilə süquta uğradığını söyləyib.

Səfir 1991-ci ildə SSRİ-nin dağılması ilə ölkəmizin yenidən dövlət müstəqilliyini bərpa etməsindən sonrakı dövr ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və rəhbərliyi ilə inkişafı, güclənməsi və gündən-günə daha da möhkəmlənməsindən, bütün sahələrdə böyük uğurlar qazanmasından bəhs edib. Dövlətimizin başçısının rəhbərliyi və rəşadətli Ordumuzun şücaəti sayəsində Qarabağ və ətraf rayonların Ermənistanın işğalından azad edilməsi və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması ilə ərazi bütövlüyü və suverenliyinin tam bərpasını Azərbaycanın ən böyük uğuru kimi xarakterizə edib. Müharibənin bitməsi ilə regionda yeni reallığın yarandığını vurğulayan T.Qarayev işğal dövründə ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış ərazilərimizin bərpası istiqamətində Azərbaycanın atdığı addımları xüsusi qeyd edib.

Səfir ötən ilin dekabrında Azərbaycanın bütün ölkələrin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi etmək hüququ qazandığını bildirərək, bunun milli, regional və beynəlxalq miqyasda iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həllində Azərbaycanın liderliyinin və göstərdiyi səylərin dünya səviyyəsində tanınmasına sübut olduğunu vurğulayıb. O, bu səpkidə bütün çağırışların həlli istiqamətində Azərbaycanın qlobal həmrəyliyi və birliyi təşviq etdiyini söyləyib.

Litvanın Avropa İttifaqı məkanında Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə malik on ölkədən biri olduğunu bildirən səfir son dövrlər əlaqələrdə dinamikliyin müşahidə olunduğunu vurğulayıb. Diplomat iki ölkə prezidentləri və xarici işlər nazirlərinin, eləcə də parlament üzvlərinin qarşılıqlı səfərlərinin bunu əyani sübut etdiyini, iqtisadi-ticari və qarşılıqlı sərmayələr sahəsində əməkdaşlıq üçün əhəmiyyətli potensialın olduğunu deyib.

Tədbir Azərbaycana həsr olunmuş videoçarxların və milli musiqimizin müşayiəti ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə