Rəsmi İrəvanın etirazçılara qarşı sərt tədbirlərə əl atdığı müşahidə edilməkdədir və görünən odur ki, Ermənistanın mövcud hakimiyyəti artıq rəqibini “zərərsizləşdirməyə”, hətta siyasi meydandan da uzaqlaşdırmağa nail olmaqdadır. Qarabağ klanı, kilsə və erməni diasporundan ibarət olan üçlüyün Nikol Paşinyan hakimiyyətinə uduzmaqda olduğu da göz önündədir. Heç bir nəticə əldə edə bilməyən bu üçlüyə qarşı erməni baş nazirin də artıq tamamilə sərt mövqe nümayiş etdirməsi heç də təsadüfi sayıla bilməz, çünki onların Ermənistan hakimiyyətinin uzun müddətdir ki, hədəfində olduğu sirr deyil və məhz Paşinyan hakimiyyətinin hədəfinə tuş gələn həmin üçlük artıq dağılmaqdadır.
Rəsmi İrəvanın əl atdığı sərt tədbirlərlə, repressiyalarla qarşı-qarşıya qalanlar heç nəyə nail ola bilmirlər
Ermənistandakı kütləvi etiraz dalğasına qarşı Paşinyan hakimiyyətinin atdığı repressiv addımlar barədə elə həmin ölkə mətbuatında açıq-aşkar şəkildə qeyd edilir və bu barədə məlumatsız olmaq mümkün deyil. Buna baxmayaraq, Qərb, ABŞ indi sadəcə olaraq, ancaq müşahidəçi kimi bütün bunlara tamaşa edir. Elə bil ki, insan azadlığından dəm vuran, repressiyalara mərus qalanları guya müdafiə etdiyini bəyan edən həmin ABŞ, həmin Qərb deyil. Demokratiyanı bayraq edərək, hansısa ölkənin daxili işlərinə qarışmağa, müdaxilə belə etməyə cəhd edənlər nədənsə, Paşinyan hakimiyyətinin apardığı kütləvi həbslərə beynəlxalq hüquq normaları çərçivəsində reaksiya da vermirlər. İkili standartlar prinsipinə həmişə olduğu kimi, yenə də sadiq qalmağa üstünlük verən Qərb, ABŞ yenə də məsələ Ermənistanla bağlı olduqda, dəm vurduqları dəyərləri unudurlar. Belə olan halda da Nikol Paşinyana qarşı çıxanlar heç bir dəstək görə bilmirlər və buna görə də nəticə əldə etmələri mümkün olmur. Dəstəkdən məhrum olan etirazçılar rəsmi İrəvanın əl atdığı sərt tədbirlərlə, repressiyalarla qarşı-qarşıya qaldıqları üçün nəyə isə nail ola da bilmirlər. Əksinə, indi Paşinyan hakimiyyəti rəqibləri üzərində üstünlük qazandığını göstərməkdən belə çəkinmir və hətta nümyişkəranə şəkildə olan repressiyalar belə onu deməyə imkan verir ki, hədəfdə olan qüvvələrin, həmin o üçlüyün tez bir zamanda dağılacağına, bəlkə də artıq dağıldığına Ermənistan hakimiyyəti böyük ümidlər bəsləyir.
Ermənistan hakimiyyəti sərt tədbirlərlə "kilsə qiyamı" olaraq yadda qalan etirazları yatırır və bu, rəsmi İrəvanı qane edir
Paşinyan hakimiyyətinin repressiv davranışlarına ABŞ, Qərb susqun reaksiya verməklə, bir növ rəsmi İrəvanı dəstəklədiyini çatdırmağa çalışır. Yəni, açıq şəkildə bildirilir ki, heç də etirazçılar dəstəklənmir, əksinə, dəstək Nikol Paşinyan hakimiyyətinədir. Məsələ burasındadır ki, Qərb Paşinyan hakimiyyətinin qorunmasına çalışmaqla, buna cəhd göstərməklə, Ermənistana fərqli yanaşdığını qətiyyən gizlətmir və hətta bunu təsdiq də edir. Bu da onu deməyə əsas verir ki, Qərb, ABŞ "erməni üçlüyü" dediyimiz həmin o qüvvələrin etiraz aksiyalarının yatırılmasında, ələlxüsus da bu etirazların məhz Nikol Paşinyan hakimiyyəti tərəfindən yatırılmasında maraqlıdır. Təbii ki, bu da Ermənistanın mövcud hakimiyyəti üçün münbit şərait kimi görünür və həmin o mövcud hakimiyyət sərt tədbirlərə də, repressiyalara da bu səbəbdən çox rahatlıqla əl atır.
Sözsüz ki, Ermənistan hakimiyyəti qeyd olunan münbit şəraitdən istifadə edərək, daha doğrusu, Qərbin müşahidəçi mövqeyindən yararlanaraq, sərt tədbirlərlə "kilsə qiyamı" olaraq yadda qalan etirazları asanlıqla yatırır və hətta bu istiqamətdə qazandığı “uğurlar” da rəsmi İrəvanı qane edir. Əvvəla, etiraz aksiyalarına rəhbərlik edən kimi özünü göstərən, amma əslində, bir oyunun aləti, bir marionet kimi tanınan keşiş Baqrat artıq öz ətrafına topladıqlarının sayında kəskin fərqi özü hamıdan yaxşı görür deyə səsi heç də əvvəlki kimi çıxmır. Digər tərəfdən də həmin o keşiş Srbazan ölkə ərazisində və paytaxtda artıq əvvəlki kimi rahat hərəkət belə edə bilmir. Ona görə Rahat hərəkət edə bilmir ki, Ermənistan hüquq-mühafizə orqanları indi əvvəlkindən də daha sərt addımlar atır. Artıq "kilsə qiyamı" kimi tanınan etiraz aksiyasının aparıcı fəalları kütləvi şəkildə həbs olunur, hətta polis zorakılığına məruz qalırlar və bundan sonra Srbazanın nəyə isə ümid etməsi axmaqlıqdan başqa bir şey ola bilməz. Yəni, nəinki onun özünün, hətta ona rəhbərlik edənlərin, onunla eyni mövqedə olanların sıralarının dağılmaqda olduğunu həmin o keşiş Baqrat hamıdan yaxşı bilir. Bilir ki, Qarabağ klanı, kilsə və erməni diasporundan ibarət olan üçlük artıq dağılmaqdadır.
Paşinyan erməni cəmiyyətini bir çox məsələlərdə inandırmağa nail olub
Paşinyan hakimiyyətinin aqressivləşməsi "kilsə qiyamı" dediyimiz etirazların sürətlə zəifləməsinə gətirib çıxarır. Artıq gözlə də görünür ki, keşiş Baqratın çağırışları ilə kütləvi etiraz aksiyalarına çıxanların sayı kütləvi şəkildə azalıb. İndi həmin o keşiş hamıdan yaxşı bilir ki, Nikol Paşinyan hakimiyyətini devirmək arzusu, niyyəti çoxdan puç olub. Onun özü hamıdan yaxşı bilir ki, Ermənistanın mövcud hakimiyyətini devirmək xülyalarına indi artıq inanan bircə dənə də erməni qala bilməz. Çünki haylar özləri də görürlər ki, Srbazan dedikləri həmin o keşiş artıq “yox” kimi bir şeydir. Deməli, bu baxımdan, rəsmi İrəvanın tezliklə "kilsə qiyamı" deyilən həmin o oyunları, etirazları tamamilə yatıra biləcəyi zərrə qədər də şübhə doğurmur.
İndi artıq Ermənistana məxsus mətbuat səhifələrində qeyd olunur və hətta etiraf belə edilir ki, Paşinyan hakimiyyəti son zamanlar təbliğat baxımından da üstünlüyü ələ keçirə bilib. Rəsmi İrəvan erməni cəmiyyətini bir çox məsələlərdə inandırmağa nail olub və hətta bir sıra məsələlərdə istənilən günahı da məhz qarşı tərəfə “yukləyə” bilir. Məsələn, rəsmi İrəvan "erməni üçlüyü" dediyimiz həmin o Qarabağ klanı, kilsə və erməni diasporunun ortaq qiyamının siyasi məsuliyyətini də əsasən keşişlərin üzərinə yükləməyə cəhd göstərir və belə görünür ki, buna da nail olmaqdadır. Hətta erməni kilsəsini hədəfə alan Paşinyan hakimiyyəti son zamanlar məhz onilliklər boyu uydurulan miflərin dağıldığından erməni kilsəsinin qorxuya düşdüyünü də haylara göstərə bilir. Ümumiyyətlə, erməni kilsəsinin qorxularını erməni cəmiyyətinə çatdıran mövcud ermənistan hakimiyyəti belə görünür ki, həmin kilsəni ələ keçirdiklərindən, sərvətlərindən, torpaqlarından da məhrum edə bilər. Hətta bu barədə eyham da vurulub. Daha dəqiq desək, Paşinyan şəxsən bildirib ki, erməni kilsəsinin nəzarətində olan torpaq əraziləri mütləq dövlətə qaytarılmalıdır və ölkənin faydası naminə istifadə edilməlidir. Bu isə o deməkdir ki, artıq Paşinyan hakimiyyəti erməni kilsəsi ilə son dərəcə sərt şəkildə savaşa başlayıb və qələbəsinə də tamamilə əmindir. Bir halda ki, Nikol Paşinyan erməni kilsəsi ilə yaxın 2-3 ay ərzində haqq-hesab çəkəcəyini açıq mətnlə vurğulayıb, deməli, erməni baş nazir məhz Qarabağ klanı, erməni kilsəsi və erməni diasporunun uydurduğu mifik Ermənistan ideologiyasının mənasızlığını, eləcə də real Ermənistan ideologiyasını ölkə əhalisinin, erməni cəmiyyətinin düşüncəsində formalaşdıra biləcəyinə inanır.
Yaxın zamanda Qarabağ klanı da, kilsə də, diaspor da ən azından zərərsizləşdiriləcək və çox güman ki, bu “üçlük” dağılacaq
Görünən odur ki, Paşinyan hakimiyyəti ilk növbədə erməni kilsəsini sıradan çıxarıb, təsirsiz dini faktora çevirmək niyyətindədir. Çünki erməni baş nazir çox yaxşı bilir ki, kilsəni belə bir hala saldıqdan sonra ardınca da Qarabağ klanı, yəni, özünə rəqib gördüyü əvvəlki hakimiyyətlə də haqq-hesab çəkə biləcək. Kilsənin öz maraqlarını dövlətin mənafeyindən, maraqlarından üstün tutmasını məhz real Ermənistanın məhvinə apara biləcək böyük bir təhlükə qaynağı kimi göstərməyə çalışan Nikol ilk növbədə erməni kilsəsini zərərsizləşdirmək niyyətindədir. Bunun ardınca da həmin kilsənin ortağı olan Qarabağ klanı ilə birdəfəlik haqq-hesab çəkmək, sonra da erməni diasporunun təzyiq mexanizmlərindən xilas olmaq indi erməni baş naziri ən çox maraqlandıran məsələ kimi görünür.
Paşinyan bilir ki, erməni kilsəsi də, Qarabağ klanı da hakimiyyət uğrunda can atır və onlara şans verilməsinin özü üçün, öz hakimiyyəti üçün son ola biləcəyini də yaxşı başa düşür. Başa düşür ki, Qarabağ klanının əlinə bir balaca şans düşsə, ölkədə hakimiyyəti ələ keçirmək kimi iddialarını gercəkləşdirə bilər. Üstəlik, erməni diasporu "kilsə qiyamı" dediyimiz etiraz aksiyalarını maliyyəlışdirməklə, Paşinyan hakimiyyətinin devrilməsi sayəsində mövcud fəaliyyət göstərər və bunun acısını da ilk növbədə elə onun özü və hakimiyyət komandası dadmış olar. Bu baxımdan da Paşinyan hakimiyyəti "kilsə qiyamı"nı yatırmaqda, bununla da "erməni üçlüyü" dediyimiz Qarabağ klanı, erməni kilsəsi və erməni diasporuna üstün gəlməkdə, hələ üstəlik dağıtmaqda da israrlıdır. Deməli, belə çıxır ki, hadisələr belə davam edəcəyi təqdirdə yaxın zamanda Qarabağ klanı da, kilsə də, diaspor da ən azından zərərsizləşdiriləcək və çox güman ki, hələ bu “üçlük” dağılacaq da...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB