Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin nəticəsi

Azərbaycanın Qazax rayonunun Ermənistanın işğalı altında olan 4 kəndinin güc tətbiq edilmədən, hərbi qarşıdurmaya yol verilmədən geri alınması Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin, siyasi fəaliyyəti boyu, o cümlədən 44 günlük müharibə dövründə və daha sonra ölkəmizin milli maraqları ilə bağlı nümayiş etdirdiyi qətiyyətli mövqeyin nəticəsidir.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

O, dövlətimizin başçısının, hələ 2019-cu ilin fevralında ölkə telekanallarından birinə müsahibəsinə diqqət çəkib: “Prezident İlham Əliyev sanki bu günləri ifadə edərək bildirmişdi ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət yürütmür, sadəcə öz milli maraqlarını qoruyur və mümkün riskləri azaldır.

Ötən zaman kəsiyi Azərbaycan Prezidentinin iqtibas gətirdiyim sözlərində yer alan fikir yükünün milli maraqlarımızın qorunması istiqamətində həyata keçirilən siyasətin – miqyasına görə nəhəng və çətin bir prosesin mahiyyətini olduqca sadə bir dillə ifadə edildiyini bir daha təsdiqləyir”.

E.Mirzəbəyli qeyd edib ki, əgər delimitasiya prosesindən, Azərbaycana məxsus kəndlərin geriyə qaytarılmasından əvvəl Cənubi Qafqazda və region ətrafında cərəyan edən proseslərin alt qatında yer alan, qlobal geosiyasi qarşıdurma elementlərindən qaynaqlanan siyasi və diplomatik ziddiyyətləri, bölgədə süni gərginliyin yaradılması cəhdlərinin arxasında dayanan maraqların dövlətlərarası və beynəlxalq münasibətlər sisteminin yazılmış və yazılmamamış bütün qaydalarına meydan oxuyan davranışlarını da nəzərə alsaq, 4 kəndin bir güllə belə atılmadan geri qaytarılmasının siyasi-diplomatik uğur baxımından heç də 44 günlük müharibə və lokal antiterror əməliyyatları sayəsində əldə olunan nəticədən az əhəmiyyət kəsb etmədiyini müəyyənləşdirə bilərik.

“Şübhəsiz ki, delimitasiya prosesi nəticəsində əldə olunan nəticə Vətənimizin bütövlüyü uğrunda hələ 2020-ci il sentyabrın 27-dən başlayan müqəddəs yolun davamıdır. Son 4 il ərzində torpaqlarımızın işğaldan azad olunması, suverenliyimizin bərpası, sərhədlərimizin toxunulmazlığının və təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərin, çəkilən zəhmətin, həyata keçirilən siyasətin miqyası o qədər böyükdür ki, bəzən nəyin necə baş verdiyini anlamaq belə kifayət qədər vaxt aparır. Ola bilsin ki, əldə olunan hər bir uğurlu nəticədən sonra, uğura, qələbəyə sevinmək əvəzinə ritorik suallarını sıraya düzən bəziləri, prosesləri öz “arşınları” ilə dəyərləndirdikləri üçün nəinki bir, yaxud bir neçə il sonranı, hətta bir neçə saat irəlini belə görməyi bacarmırlar. Bəlkə də 10-15 il sonra hazırda baş verənlərin mahiyyətini azacıq da dərk etmək iqtidarında olsunlar, amma əminəm ki, həmin dövrdə Azərbaycan onların anlaya, təsəvvür edə biləcəkləri uğur sərhədlərindən on illərlə irəlidə olacaq”, - deyə Elçin Mirzəbəyli diqqətə çatdırıb.

Siyasi ekspert vurğulayıb ki, İlham Əliyev Prezident seçildiyi və Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyinin əbədiliyi, dönməzliyi naminə başladılan yolu davam etdirdiyi ilk gündən torpaqlarımızın bir qarışının belə güzəştə gedilməyəcəyini bəyan etmişdi və ötən zaman kəsiyində şahidlik etdiyimiz milli qurur tariximizin hər günü dövlətimizin başçısının andına sədaqət nümunəsi hesab oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə