“Əli Kərimli Azərbaycan hakimiyyətini nahaqdan ittiham edir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Əli Kərimli Azərbaycan hakimiyyətini nahaqdan ittiham edir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Heç bir dövlət öz ərazisində başqa bir dövlətin ordusunu saxlamaq istəməz. Çünki deyirlər ki, öz ordusunu yedirtməyən, özgə ordunu yedirdər. Biz həmişə Ermənistanın Türkiyə və İranla sərhədlərini rus qoşunlarının qorumasından narahatlıq keçirmişik. Təbii ki, Ermənistanın Rusiya qoşunlarını öz ərazisindən çıxarması iki dövlət arasında olan məsələdir. Amma Əli Kərimli elə bir vəziyyət yaradır ki, sanki Azərbaycan rus ordusunun getməyini istəmir. Göründüyü kimi, Azərbaycan elə birinci bu məsələyə nail oldu. Sülhməramlı qüvvələrin ərazimizdən çıxarılması prosesinə başlanıldı. Bu, Azərbaycan dövlətinin strateji xəttidir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

Deputat vurğulayıb ki, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında da qeyd olunub ki, dövlətimizin ərazisində başqa dövlətin qoşunları ola bilməz: “Əslində, Azərbaycan heç parlamentdə də Rusiya sülhməramlılarının burada olmağını ratifikasiya etməmişdi. Əli Kərimli isə bu məsələyə dəfələrlə toxunaraq Azərbaycan hakimiyyətini nahaqdan ittiham edirdi. Ancaq sonradan bu mövzuda heç üzrxahlığını da görmədik”.

T.Kərimli bildirib ki, Prezident İlham Əliyevin Şuşada dediyi söz bizim üçün daha önəmlidir: “Qafqazın əsas dövləti Azərbaycandır. Biz heç kimdən çəkinmirik. Ermənistanın arxasında duran qüvvələr bilsinlər ki, Ermənistanı silahla təmin etməyin cəzası ağır olacaq. Azərbaycan öz dövlət başçısının dili ilə mövqeyini ortaya qoyub. Biz Qafqazı sülh şəraitində görmək istəyirik”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə