“Azərbaycan-Almaniya münasibətləri strateji xarakter daşıyır” - POLİTOLOQ ŞƏRH ETDİ

“Azərbaycan-Almaniya münasibətləri və əlaqələri davamlı və strateji xarakter daşıyır. Prezident İlham Əliyev müxtəlif tədbirlər çərçivəsində, eyni zamanda Ermənistan baş naziri ilə təmasların davam etdirməsi üçün Almaniyaya səfər edir. Almaniya bir sıra Avropa dövlətləri ilə müqayisədə daha praqmatik və Avropa mərkəzli siyasət yürüdür”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, xüsusən son zamanlar Fransanın Cənubi Qafqaz siyasətində tutduğu qərəzli mövqe və təxribatçı əməllər, Avropa Parlamenti tərəfindən ölkəmizə qarşı səslənən qərəzli bəyənatlardan sonra Almaniya Azərbaycanla əlaqələrdə nümayiş etdirdiyi praqmatizm Azərbaycan hökuməti tərəfindən də müsbət qarşılanır: “Məhz bu səbəbdəndir ki, Prezident İlham Əliyev bu il iki dəfə Almaniyada keçirilən mühüm tədbirlərə iştirak etmək üçün səfər etmiş, Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə Ermənistan baş naziri Paşinyanla görüşlərə qatılmışdır. Ümumiyyətlə Almaniyanın vətəndaş cəmiyyəti təşkilatları və özəl sektoru ilə Azərbaycanın müvafiq sektoru arasında səmərəli əməkdaşlıq mövcuddur”.

“Düşünürəm ki, bu əlaqələr davamlı və regionun iqtisadi və siyasi inkisafi üçün müsbət dividentlər vəd edir. Azərbaycan üçün də Avropada belə tərəfdaşın olması və məsələlərə sağlam yanaşma nümayiş etdirməsi iki ölkənin münasibətləri baxımından müsbət dinamikanın olmasını göstərir”,-deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə