Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər

Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər. SİA xəbər verir ki, bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova mayın 2-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə "Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi" mövzusunda təşkil olunan doqquzuncu panel sessiyasında deyib.

Onun sözlərinə görə, postmünaqişə dövründə mədəniyyət abidələrinin dirçəldilməsi üçün lazımi infrastruktur olmalıdır:

"Hər bir xalqın özəyi onun mədəniyyətindən, tarixi dəyərlərindən ibarətdir. Mədəniyyət ziddiyyətli qruplar arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün bir vasitədir. Mədəniyyətin qorunması üçün dayanıqlı sülhün təmin edilməsinə yönəlmiş "Mədəniyyət naminə sülh" təşəbbüsünü alqışlayıram. Ortaq türk mədəniyyətinin qorunması məsələsi çox vacibdir. Türk mədəniyyəti irsinin siyahısının hazırlanması, həmçinin rəqəmsal platformanın yaradılması istiqamətində addımlar atılacaq".

A.Raimkulova bildirib ki, sülh sadəcə müharibənin olmaması deyil, həqiqi sülh mədəniyyət və tarixə hörmət etməkdir:

"Biz çalışmalıyıq ki, mədəni irsimiz qorunub saxlanılsın və sabit sülh təmin edilsin. Dünya ictimaiyyətini beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyə çağırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə