İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb

İstanbulun Taksim meydanında 1977-ci ildəki 1 May nümayişi zamanı baş vermiş qarşıdurma nəticəsində həyatını itirənlərin xatirəsi anılıb. SİA xəbər verir ki, Türkiyənin Hak-İş Konfederasiyası İcraiyyə Komitəsi tərəfindən keçirilən tədbirdə 47 il bundan əvvəl həlak olanların xatirəsi yad edilib. Meydanda yerləşən “Taksim Respublika Abidəsi” önünə gül dəstələri və çələng qoyulub.

Anım mərasimində çıxış edən Konfederasiyanın rəhbəri Mahmut Arslan bu günün Türkiyə üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, hadisə qurbanlarının xatirəsinin türk xalqının qəlbində daim yaşadığını bildirib.

Qeyd edək ki, 1 May - Əmək Və Zəhmətkeşlər Bayramı ilə əlaqədar İstanbulun müxtəlif bölgələrində, xüsusilə mərkəzi rayonlarında bir çox qadağalar tətbiq edilir. İstanbul valiliyindən verilən məlumata görə, bu gün sərnişin nəqliyyatının, o cümlədən metro və gəmilərin şəhərin mərkəzi bölgələrinə səfərləri təxirə salınıb. Bəzi yollarda nəqliyyatın hərəkəti dayandırılıb, avtomobil dayanacaqları fəaliyyət göstərmir. İstanbulun mərkəzində tədbirlərin keçirilməsi qadağan edilib.

Xatırladaq ki, 1977-ci il mayın 1-də Taksim meydanında baş verən qarşıdurma nəticəsində 34 nəfər həlak olmuş, 136 nəfər yaralanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə