"Biz Rusiya ilə münasibətlərdə problemlər istəmirik" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərini əhəmiyyətli saymaq olar". Bu sözləri SİA- ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, keçmişdə Rusiya ilə münasibətlərdə müəyyən gərginliklər, suallar olub: "Amma ikinci Qarabağ müharibəsindəki qələbəmizdən, separatizmə son qoyduqdan və rus hərbi kontingenti Qarabağı tərk etdikdən sonra münasibətlərdə elə bir problemli mövzu qalmayıb. Tərəfdaşlıq var, ticarət mübadiləsi artır, Şimal-cənub nəqliyyat dəhlizinin işə düşməsində əsas açar dövlətlərdən biri də Azərbaycandır. Azərbaycan da bu nəqliyyat dəhlizinin işə düşməsində maraqlıdır. Sadəcə bunun üçün Rusiya və İran Rəşt-Astara dəmir yolunun tikintisini sürətləndirməlidirlər.

Digər tərəfdən Moskvadakı görüşdə Baykal-Amur magistralının tikintisinin 50 illiyi ilə bağlı toplantının keçirilməsi və bu tikintidə keçmişdə mərhum dövlət başçısı Heydər Əliyevin iştirakının xüsusi vurğulanması da əlamətdar hadisə idi. Bunun özü də iki dövlət arasında münasibətlərin hazırda inkişaf dövrünü yaşadığını göstərir. Biz Rusiya ilə münasibətlərdə problemlər istəmirik. İqtisadi-ticarət əlaqələrinin inkişafı da diqqətimizdədir. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə, siyasi münasibətlərdə də hər hansı sualların yaranmayacağını ehtimal etmək olar".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə