"Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Bu gün Rusiya Azərbaycan münasibətləri tam fərqli konteksdə inkişaf edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

O bildirib ki, əslində, bu konteks 2020-ci ildən formalaşmağa başlayıb: "Artıq Azərbaycan Rusiya ilə münasibətlərini Cənubi Qafqazda dəyişdirdiyi gedişatlar üzərində qurur. Hazırda Rusiyada iki ölkə arasında regiondakı kommunikasiya məsələlərinin geniş müzakirə olunduğu mütləqdir. Qazaxın kəndlərinin də qaytarılması gözlənilən kommunikasiya xətlərinin açılmasına bir addımda yaxınlaşmaq deməkdir.

İndiki şəraitdə dövlətimiz xarici siyasətdə ancaq öz maraqlarından irəli gələn tərəfdaşlıqlar qurur. Doğrudur, böyük dövlətlərin maraqlarının toqquşduğu bir regionda buna nail olmaq olduqca çətindir. Son illər qlobal siyasətin əsas gücləri olan dövlətlər Azərbaycanın milli maraqlarını necə qoruduğunun şahidi oldu və bu maraqlar onlar üçün Cənubi Qafqaza giriş açarı rolunu oynayır. Azərbaycan regionun geopolitik məkanıdır. Cənubi Qafqazla bağlı bütün əməkdaşlıqlar dövlətimizin milli maraqları çərcivəsində baş tutur.

Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf edir. İki ölkə arasında siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Azərbaycan daima xarici siyasət kursunda Rusiya ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlərə böyük əhəmiyyət verib.

Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Dövlətimiz çoxşaxəli əməkdaşlıqları öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlıqların genişləndirilməsinə çalışır. Bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə