Prezident İlham Əliyevin növbəti diplomatik uğuru ŞƏRH

4 kəndi bir güllə atılmadan, şəhid vermədən azad edildi

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən sonra öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də bölgədə yeni reallıqlar yaratdı. Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması diqqətdən kənarda qalmır. Dövlətimizin xarici siyasəti çoxşaxəlidir. Ədalətə və beynəlxalq hüquqa söykənən xarici siyasətimiz diplomatik uğurlarımızın davamlılığında, Azərbaycanın yeni dostlar və tərəfdaşlar qazanmasında, yeni əməkaşlıq formatlarının və sülh gündəliinin müəllifi kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Təkcə cari ilin arxada qalan dövründə ölkəmizin qeyd olunan istiqamətlərdə qazandığı uğurlara, ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin say tərkibinə və əhatə etdikləri mövzulara diqqət yetirmək kifayətdir. Hər bir tədbir, həmçinin reallaşan qarşılıqlı səfərlər Azərbaycanın artan nüfuzu ilə yanaşı, ayrı-ayrı sahələrdə zəngin təcrübəyə malik olduğunu təsdiqləyir.

"Bu gün biz güclüyük!"-, deyən Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının praqmatik xarici siyasəti və diplomatiyası nəticəsində nail olunub. Belə ki, ötən il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərində düşmənə elə bir dərs verildi ki, onlar bunu heç zaman unutmayacaqlar - cəmi 23 saat davam etmiş lokal antiterror tədbirləri nəticəsində bütün ölkə üzrə suverenliyimiz bərqərar oldu. Xankəndi və ətrafı erməni separatçılarından tamamilə təmizləndi. Bəli, Ermənistanın birinci kapitulyasiyası 10 dekabr 2020-ci il paradı ilə qeyd edildisə, ikinci kapitulyasiya 8 noyabr 2023-cü ildə Xankəndi paradı ilə qeyd edildi.

Və bu günlərdə - 2024-cü il aprelin 19-da heç bir vasitəçi olmadan Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin - Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Azərbaycana qaytarılması barədə razılıq əldə edilməsi, özü də bu, bölgədə gərginlik yaratmaq istəyən və bu gün də davam edən Qərbin aktivliyi şəraitində baş verdi. Prezident İlham Əliyev bir daha göstərdi ki, Onun rəhbərlik etdiyi Azərbaycan regionun təhlükəsizliyinə səbəb olacaq təhdidləri aradan qaldırmaq iqtidarındadır və regionda əsas söz sahibi Azərbaycandır və kimin nə deməyindən asılı olmayaraq, dövlətimiz öz maraqlarını qətiyyətlə müdafiə edəcək, qarşısına qoyduğu hədəflərə nail olacaq. Qərbin uzun müddət tirajladığı müharibə açıqlamaları isə, o da cəfəngiyyatdan başqa bir şey deyil. Çünki bu yolla həmin qüvvələr, əslində, Ermənistanı qorxu altında saxlayaraq, tam şəkildə öz iradəsinə tabe etdirmək siyasəti güdürdülər. Lakin həmin qüvvələr 30 illik həsrətə cəmi 44 gün ərzində Ali Baş Komandanımızın "Dəmir yumruq" siyasəti ilə güclü Azərbaycan Ordumuzun rəşadətli əsgər və zabtlərinin qəhrəmanlığı ilə nəyə qadir olduğunu gördülər və tarixi Zəfər onların bütün cəfəng ssenarilərini alt-üst etdi. Artıq bu gün bütün beynəlxalq güclər Azərbaycanla hesablaşmağa məcburdur. Çünki Azərbaycan Cənubi Qafqazın güclü lider dövlətidir və Azərbaycanın iradəsindən kənar regionda hər hansı planın həyata keçirilməsi qeyri-mümkündür.

Beləliklə, qeyd etmək istərdim ki, Azərbaycan və Ermənistan rəsmilərinin vasitəçkeçirdikləri görüşdə Ermənistan işğal altında saxladığı 4 Azərbaycan kəndinin də azad edilməsinə razılıq verməsi sıradan bir hadisə deyil. Bu əslində iki ölkənin beynəlxalq vasitəçilər olmadan apardığı və müsbət nəticələr əldə etdiyi ilk uğurdur. Bu uğura Prezident İlham Əliyevin praqmatik xarici siyasəti və diplomatiyası nəticəsində nail olunub. Ona görə də demək olar ki, Azərbaycanın 4 kəndinin də işğaldan azad edilməsi barədə əldə olunmuş razılıq, məhz Prezident İlham Əliyev diplomatiyasının uğurudur.

Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel sosial şəbəkə hesabında yazıb: "Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinin iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə əsas götürülməsinə dair əldə olunan razılaşmanı xoş qarşılayırıq. Brüsseldəki danışıqlar zamanı da hər iki ölkənin ərazi bütövlüyünün tanınması şərti ilə sərhədlərin delimitasiyası önəmli yer tutub. Bu proses, həmçinin bütün regiondakı vəziyyətin sabitləşməsi və sülh yolu ilə kommunikasiyaların açılmasına xidmət edəcək".

Bəli, bu gün Prezident İlham Əliyevin son 21 illik prezidentlik fəaliyyəti dövründə Azərbaycan xalqına yaşatdığı uğurlar bir daha göstərir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi torpaqlarımızın geri qaytarılmasında, xalqımızın illərlə pozulan hüquqlarının sona qədər bərpasında qətiyyətlidir və bu məsələdə heyrətamiz prinsipiallıq, səy göstərir. Bu tarixi Qələbə həm də onu göstərir ki, dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, xalqımız ona məxsus olan torpaqların bir qarışından belə imtina etməyəcək, bu məsələdə kimsəyə güzəşt olunmayacaq! Çünki Azərbaycan həmişə haqqın və ədalətin tərəfdarıdır. Bu yerdə Prezident İlham Əliyev cənablarının Münxendə Ermənistanla münasibətlərimizin normallaşdırılması məsələsi barədə danışarkən öz fikirlərini həmişəki kimi aydın və səlis şəkildə dilə gətirdiyini bir daha xatırlatmaq istərdim: "Biz informasiya dünyası dövründə yaşayırıq. Hər kəs yaxşı bilir harada nə baş verir. Ona görə qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar, əlbəttə ki, ciddi qəbul edilmir. Bizim mövqeyimiz birmənalıdır. Biz nəyi deyiriksə, birincisi, həqiqətə əsaslanırıq. İkincisi, mövqeyimizi açıq bildiririk. Beynəlxalq tərəfdaşlar da bilirlər ki, biz nə istəyirik".

Bir sözlə, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli siyasəti qarşıda duran digər strateji hədəflərə çatmağa imkan verəcək.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə