"Dünyanın ağıllı adamları üçüncü dünya müharibəsinin olmasına imkan verməzlər" - RƏYLƏR

Dünyada gedən müharibələr nələrə gətirib çıxara bilər? Üçüncü dünya müharibəsindən danışa bilərikmi? SİA mövzu ilə bağlı hərbi ekspertlər Ədalət Verdiyev və Emin Həsənlinin fikirlərini öyrənib.

Hərbi ekspert Ədalət Verdiyev: "Baş verən müharibələrin miqyasının genişlənmə ehtimalı da nəzərə alınmalıdır. Hazırda dünyada üçüncü dünya müharibəsi məhdud miqyasda davam etməkdədir: "Bu münaqişələrin nəticəsi olaraq dünyanın sərhədlərinin yenidən çəkilməsinə cəhdlər də açıq şəkildə müşahidə olunur. Hər bir halda ikinci dünya müharibəsindən sonra ilk dəfə olaraq ölkələrin sərhədləri dəyişir. Burada Azərbaycanın da işğal faktorunun aradan qaldırılması artıq dünyada qlobal proseslərin, o cümlədən sərhədlərin yenidən format olunmasına gətirib çıxaracaq".

"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri, hərbi ekspert, "Hərbi And" qəzetinin baş redaktoru Emin Həsənli: "Bu barədə dünyada xeyli müddətdir müzakirələr gedir, müxtəlif fikirlər var. Bəziləri düşünür ki, hətta üçüncü dünya müharibəsi çoxdan başlayıb. Dünyanın bir çox yerlərində müharibə ocaqları var və böyük dövlətlər də bunu müxtəlif tərəflərdən müdafiə edirlər. Hərəsinin öz baxış bucağı var. Hətta son Rusiya-Ukrayna müharibəsində isə NATO, Qərb, bütünlüklə Ukraynanın yanındadır. Bu tərəfdən NATO-nun üzvü olmayan ölkələr də Yaponiya daxil Ukraynaya maliyyə yardımı edir. Bu, dünyanı çox gərgin vəziyyətə aparır. İkiqütblü dünyadan sonra düşünürdük ki, Sovetlər dağılandan sonra dünyada artıq sülhə doğru addımlar atılacaq. Əksi baş verdi.

Məntiq və ağıl onu deyir ki, üçüncü dünya müharibəsi olmayacaq. Amma dünyada, təəssüflər olsun ki, son zamanlar məntiqdən uzaq da qərarlar alınır. Məntiq onu deyirdi ki, Rusiya-Ukrayna müharibəsi olmayacaq. Eyni millət, qardaş dövlətlər, eyni kökün daşıyıcıları müharibə etməzlər. Üç ukraynalıdan biri Rusiyada yaşayır. "Bu dövlətlər bir-birinə silah atmazlar" deyirdilər. Amma tam əksi baş verdi. Ona görə də bu mövzu ilə bağlı konkret nəsə demək çox çətindir.

Əgər üçüncü dünya müharibəsi olarsa, bəşəriyyətdə çox böyük fəlakətlərə gətirib çıxaracaq. Dünyanın bir çox dövlətlərində nüvə silahı var. Məğlub olan bunu həzm edə bilməyəcək. Qorxulu da odur ki, bu nüvə silahları işə düşəcək. Ukrayna-Rusiya müharibəsində Rusiya "İsgəndər" silahlarını adi raketlər kimi istifadə edir. Artıq milyona yaxın insan iştirak edir. Hər iki tərəfdən 300 mindən artıq itki var. Milyona yaxın yaralı var. Bir neçə milyon adam bu müharibəyə cəlb edilib. Böyük rəqəmdir. Ona görə də düşünürəm ki, gələcək dünya hələ də təhlükədədir. Nə Rusiya, nə də Ukrayna nəticələrlə barışa bilmir. Gələcək necə olacaq onu tam proqnozlaşdırmaq çətindir. Hesab edirəm ki, bəşəriyyət və dünyanın ağıllı adamları üçüncü dünya müharibəsinin olmasına imkan verməyəcəklər.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə