Aldadılaraq uçuruma və FƏLAKƏTƏ SÜRÜKLƏNƏNLƏR - TƏHLİL

Aldadılaraq uçuruma və FƏLAKƏTƏ SÜRÜKLƏNƏNLƏR - TƏHLİL

Dəfələrlə şahidi olmuşuq ki, Ermənistanın baş naziri Nikol Paşinyan mütəmadi olaraq, özünü ya görməməzliyə, ya da qanmamazlığa vurur. Bəzən Paşinyan özünü elə göstərir ki, hamı üçün aydın olanı, aşkar olanı görməyən kimi təsir bağışlayır. Əslində isə, erməni baş nazir sadəcə olaraq, ona sərf etməyəni görməmək ənənəsinə sadiqdir. Məsələn, Nikol Paşinyan özünü elə aparır ki, guya Rusiya ilə qarşıdurmada ABŞ və Aİ-nin zəifliyini hiss etmir, görmür və başa da düşmür. Xeyr, görür də, başa da düşür, sadəcə olaraq, hakimiyyəti ələ keçirdiyinə görə Qərb qarşısında “sədaqət borcu” olduğunu unutmadığından və bir də Qərb tərəfindən məhz ona verilən hakimiyyətin əlindən alınması qorxusundan özünü çox vaxt qanmazlığa qoyur. Bu isə Ermənistanı uçuruma sürükləmək deməkdir.

Nikol Paşinyanın hayların taleyini yox, öz hakimiyyət kürsüsünü, özünü düşünür və xalqı aldadır

Artıq erməni baş nazir açıq şəkildə bəyan edir ki, bildiyini edəcək və heç kim də onun, kobud şəkildə desək, vecinə də deyil. “Mən özüm üçün strateji qərar verdim ki, təslim olmayacağam və bu mənada mənim üçün ən vacibi budur”, deyə partiya iclaslarından birində israrlı olduğunu açıq şəkildə bildirən Ermənistanın baş naziri Nikol Paşinyanın hayların taleyini qətiyyən düşünmədiyini hiss etmək heç də çətin deyil. Təbii ki, ancaq öz hakimiyyət kürsüsünü və özünü düşünən Nikol düşünür ki, istənilən zaman öz üçün vəziyyətdən çıxış yolu tapa bilər. Məsələn, Ermənistan Ukraynanın gününə düşdüyündə, onun aradan çıxması, ölkəni tərk etməsi məsələnin çox asan olduğunu düşünür. Bəlkə də onun üçün asan ola bilər, amma heç də erməni xalqı üçün, Ermənistanda yaşayanların hamısı üçün bu asan ola bilməz. Əksinə, sadə vətəndaşların hansı problemlər qarşısında elə məhz Ermənistanda baş-başa qalmasından başqa çıxış yolunun olmadığı ondidən bəllidir. Bunu da Paşinyan yaxşı bilir. Amma görünür vecinə də almır, çünki özündən başqa heç nə barəsində düşünmür və bu da onun rəhbərlik etdiyi ölkənin uçuruma, fəlakətə doğru getməsi barədə indidən anons verməyə əsas yaradır.

Düzdür, insanları inandırmaq, onları aldatmaq, könlünü almaq, bir sözlə, manipulyasiya etmək bacarığı baxımından Paşinyanın tayı-bərabəri ola bilməz. Onun daxili auditoriyaya hesablanan siyasətinin də, ən xırda addımlarının da dəfələrlə şahidi olmuşuq və görmüşük ki, insanları aldatmaqda, istədiyinə inandırmaqda Vovayeviç həqiqətən də mahirdir. O, bu məharətindən heç də imtina edənə oxşamır və deyəsən yenə də istifadə etməkdədir. “Mən başqa yerdən gəlməmişəm, sizin mühitinizdə doğulub, formalaşıb, böyümüşəm. Aydındır ki, baş verən hər şey psixoloji, insani, əxlaqi və siyasi baxımdan çox çətindir”, deyən Nikol Paşinyan bir növ demək istəyir ki, guya ölkədən baş verə biləcəklər ondan da yan keçməyəcək və hazırda belə onu da bərk incidir. Əslində isə, Nikol yenə də öz xalqını və ölkəsinin ictimaiyyətini aldadır. Bəli, Paşinyan orada, Ermənistanda, elə hayların öz gözlərinin qarşısında böyüyüb boya-başa çata bilər, amma artıq onlardan biri ola bilməz. Çünki Nikol artıq Qərb oyunçusudur və məhz ona hakimiyyəti verən, hədiyyə edənlər qarşısında özünü borclu bilir. Lazım gəldikdə bütün ölkəni də özünü borclu bildiklərinin ayaqları altına belə atmaqdan zərrə qədər çəkinməz. Heç çəkinmir də. Əks halda, bu qədər təhlükəli oyunlara baş vurmaz, Rusiya kimi bir ölkəni qıcıqlandırmaqdan da olsa çəkinərdi. Çünki Nikol Paşinyan hamıdan yaxşı bilir ki, Rusiya üçün Ermənitanı əzib tarixin zibilliyinə atmaqdan asan heç nə yoxdur və onun Qərb deyib ağuşuna atıldığı ABŞ da Avropa İttifaqı da Rusiyanın qarşısını çəkməkdə acizdir. Ən azından, indi özünü körluğa vuran Nikol görür ki, illərdir ABŞ və Avropa İttifaqı bir yerdə Rusiyanı Ukraynadan çıxara bilmir. Deməli, Ermənistandan çıxarmaq barədə əvvəla heç düşünməyəcək, digər tərəfdən də düşünməyə belə vaxt tapa bilməyəcək, çünki həmin o düşünmək üçün lazım olan vaxt müddəti belə Rusiyanın Ermənistan barədə ölçü götürməsi üçün kifayət edəcək. Bir sözlə, bütün bunları Paşinyan çox yaxşı bilə-bilə öz xalqının taleyi ilə qumar oynayır. Bu qumar isə hayların ölkəsi üçün də, özləri üçün də böyük fəlakət deməkdir.

“Qırmızı xətləri” keçdikləri barədə Ermənistana Rusiya dəfələrlə xəbərdarlıqlar edib və açıq şəkildə bildirir ki, ermənilər üçün mütləq cəza olacaq

İndi artıq haylar görürlər ki, bir zamanlar demokratiya, insan azadlığı, azad söz deyə hakimiyyəti ələ keçirən Nikol Paşinyan öz hakimiyyərini heç kimlə bölüşmək fikrində deyil. Fikrində deyil sözü çox zəif səslənir, beləki Nikol canını verər, hakimiyyətini əldən verməz və bunu artıq haylar çoxdan başa düşüblər. Onu da başa düşüblər ki, bir zamanlar küçələrdə çığıran və xalqına işıqlı gələcək vəd edən əli sarıqlı, belə çantalı küçə nümayişçisi indi onlar haqqında düşünmür də. Başa düşüblər ki, onların taleyi Nikol Paşinyanı zərrə qədər maraqlandırmır. Amma maraqlıdır ki, onun oynadığı oyunların ölkələri üçün fəlakət olduğunu, pəh-pəhlə seçdikləri liderlərinin onları uçuruma doğru sürüklədiyinin də görəsən hər biri fərqindədirmi? Təhlükəsizlikləri barədə kiminsə onlara zəmanət vermədiyini də olsa görmürlərmi? Görmürlərmi ki, şimal qonşuları, bu vaxta qədər kölgələrində kölgələndikləri, sonra da xəyat etdiklərinə görə qıcıqlandırdıqları rusların qəzəbi artıq son həddə çatıb? Bunun hansı fəlakətlərə səbəb olacağını yəni həqiqətənmi başa düşə bilmirlər?

Tutaq ki, sıravi vətəndaşların bəzi proseslərdən xəbəri yoxdur. Elə zənn edək ki, sıravi ermənilər heç də rusların nə düşündüyü barədə məlumatsızdırlar. Axı Nikol Paşinyan yaxşı bilir ki, başda Rusiya prezidenti Vladimir Putin olmaqla bütün rusları yetərincə qızışdırıblar. Axı o bilir ki, Ermənistan barədə Rusiya hansı fikirdədirdir. Bilir ki, Moskva son zamanlar Ermənistanla bağlı fikirlərini açıq şəkildə ifadə edir. Paşinyan bilir ki, hər cür “qırmızı xətləri” keçdikləri barədə Ermənistana Rusiya dəfələrlə xəbərdarlıqlar edib. Həqiqətən də Rusiya çox açıq şəkildə bildirir ki, hər cür “qırmızı xətləri” keçdiklərinə görə ermənilər üçün mütləq cəza olacaq. Bunu ruslar heç gizlətmirlər də. Elə isə Nikol Paşinyan haylara onların təhlükəsizliyi ilə bağlı hansısa bir dəqiq zəmanət veribmi? Verməyib. Heç verə də bilməz. Əksinə, haylar üçün fəlakət senarisinin günü-gündən daha dəhşətli hazırlanması üçün Nikol bir növ əlindən gələni əsirgəmir.

Azərbaycanla münasibətləri günü-gündən yaxşılaşan Rusiya üçün hədəf Ermənistan olmalıdır

Hayların yuxularını ərşə çəkən həm də Azərbaycanla Rusiya arasında əlaqələrin daha da yaxşılaşmasıdır. Əlbəttə ki, Ermənistan ictimaiyyətinin belə bir narahatçılığı başadüşüləndir. Ona görə ki, ermənilər ruslarla münasibətlərin hadisələrin gedişatına təsirsiz ötüşmədiyini və bundan sonra da ötüşməyəcəyini yaxşı bilirlər. Bilir ki, Azərbaycanla münasibətləri günü-gündən yaxşılaşan Rusiya üçün hədəf Ermənistan olmalıdır. Xüsusilə qeyd edək ki, erməni cəmiyyətinin bu narahatçılığını, Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında Bakıda müntəzəm məsləhətləşmələr aparılmasına qısqanclıq nümayiş etdirmələrində daha aydın görmək olur. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazevi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun qəbul etməsi, danışıqlarda ikitərəfli və beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirə olunması hayları bir qədər də təlaşlandırıb. Əslində, belə də olmalıdır, çünki özləri Rusiya ilə münasibətlərini çox pis vəziyyətə gətirib çıxarıblar və indi də qorxularından gözlərinə yuxu da getmir. Çünki birilirlər ki, Rusiyanın qəzəblənərək erməniləri hədəfə alması onlar üçün çox böyük fəlakətdir.

Ermənistanı yer üzündən silinməkdə olan Ukraynanın, hayları isə ikraynalıların taleyi gözləyir

Nəinki fəlakətlərin, heç adi çətinliyin belə öhdəsindən gəlmək barədə fikri belə olmayan Paşinyan yalnız öz naminə Qərbə üz tütmaq barədə qərarında israrlı olduğunu Ermənistan ictimaiyyətinə həzm etdirməyə çalışır. Hətta özünü son vaxtlar hədsiz dərəcədə vətənpərvər, bəzən də guya qorxmaz kimi göstərməyə çalışır. O, bir çox hallarda tanınmamış qəhrəman obrazında görünməyə çalışır və özün elə göstərir ki, guya onu səhv başa düşürlər. Elə davranır ki, guya bir dahidir və onun sözləri də müzakirəsiz, mübaliğəsiz qəbul edilməlidir. Bəlkə də 44 günlük müharibədən öncəki sayıqlamaları, sonra da rüsvayçı məğlubiyyətlərindən sonra kapitulyasiya sənədinə imza atması olmasaydı haylara özünü dahi kimi də sırıyardı, amma indi buna güçü çatmır. Amma gücü çatan ölkəsinə fəlakət gətirməkdir. O, həqiqətən də Rusiyanın yer üzündən sildiyi Ukraynanın taleyini Ermənistan üçün, ukraynalıların taleyini haylar üçün hazırlayır. Ukraynadakı müharibə isə artıq göstərdi ki, kollektiv Qərb parçalanıb və Rusiyanın məğlubiyyətinə səbəb ola biləcək təzyiq göstərmək iqtidarında deyil. Deməli, Qərbə üz tutmaqla, xəyanət edərək rusları qızışdırmaqla, Moskvanı qıcıqlandırmaqla Nikol Paşinyan hayları qırğına aparır. Haylar da buna, səssiz razılıq göstərərək bu fəlakətə rəvac verirlər...

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə