Azərbaycana qarşı ədalətsizlik və NÖVBƏTİ SİMASIZLIQ – TƏHLİL

Azərbaycana qarşı ədalətsizlik və NÖVBƏTİ SİMASIZLIQ – TƏHLİL

Ölkəmizə qarşı ədalətsiz, haqsız yanaşmaya, ikili standartların bizə qarşı tətbiqinə, elə məhz bunu tətbiq edənlər tərəfindən adi hal kimi baxılması artıq simasızlığın son həddidir. Həmin o simasızlıq elə bir həddə çatıb ki, konkret faktlara istinad edilərək, dəfələrlə edilən iradlara baxmayaraq, hələ də haqlı tərəf hədəf olaraq qəbul edilir və barəsində absurd fikirlər səsləndirilir, üstəlik, haqlı tərəfə təsir və təzyiqlər üçün bütün vasitələ əl atılır, lazım gələndə təcavüzkara belə bütün istiqamərlərdə, hətta hərbi baxımdan da yardımlar edilir. Bununla bağlı haqlı narazılıqlara baxmayaraq, məhz Fransa rəsmilərinin timsalında bəziləri simasızlıq nümayiş etdirməkdə israrlı görünürlər və bunu özləri üçün də qəbuledilən hesab edirlər.

Cənubi Qafqazda sülhün, təhlükəsizliyin davamlı şəkildə təminatı üçün real olaraq, Azərbaycanın atdığı addımlar dəstəklənməli, təqdir edilməli halda, Fransanın timsalında Avropanın hansısa bir ölkəsinin rəsmilərinin vaxtaşırı rəsmi Bakıya hədyanlar ünvanlaması həm simasızlıq, həm də həyasızlıqdır. İşğalçı bir ölkəni silahlandırmaqla, həmin ölkəyə hərbi dəstək verməklə münaqişəni qızışdırmağa çalışan bir ölkə rəsmiləri utanmadan, qızarmadan günahsız tərəfi, Azərbaycanı hədəfləyir və bəzən təkcə rəsmi Bakıdan deyil, dünyanın bir çox ölkə rəsmilərindən belə əldalətsizliklərinə görə tutarlı cavab alsalar belə bundan nəticə hasil edə bilmirlər. Çünki elə bil, artıq simasızlığa bərk öyrəncəlidirlər və gönləri də elə qalınlaşıb ki, deyilənlər onların qalınlaşmış gönlərinə qətiyyən nə təsir etmir, nə də batmır.

Fransa XİN rəhbərinin danışıqlarının heç bir normalara sığışmadığı dərhal özünü göstərir

Fransanın Azərbaycana qarşı təxribatları nə bitmək bilmir, nə də heç bitənə oxşamır. Xüsusən də Parisdə ABŞ dövlət katibi Antoni Blinkenlə birgə brifinqdə çıxış edən Fransanın xarici işlər naziri Stefan Sejurnenin “Azərbaycanın meydan oxuduğu” Ermənistanın ərazi bütövlüyü məsələsini müzakirə edib deyə bildirməsi təsdiq edir ki, bu Avropa ölkəsinin rəsmiləri qətiyyən həya-ar etmək niyyətində deyillər. Həmin o Sejurnedən soruşmaq ayıb olmasın, Azərbaycan nə zaman Ermənistana meydan oxuyub? Rəsmi Bakının öz haqqını tələb etməsi meydan oxumaqdırmı? Görəsən həmin o XİN rəhbəri Stefan bir zamanlar Ermənistan tərəfindən işlədilən, “yeni müharibə, yeni ərazilər” kimi ifadələrdən xəbərsizdir ki, “meydan oxumağın” necə olduğunu dərk etmir? Yoxsa özünü bilməməzliyə, xəbərsizliyə vurmaqla yaxasını kənara çəkmək niyyətindədir? Nə qədər özünü qanmazlığa vursa belə 30 illik işğal faktından da xəbərsizdir ki, bəyəm? Hər şeydən xəbərsizdirsə, əvvəla onun həmin kürsüdə nə işi var idi, digər tərəfdən də xəbərsiz ağzına gələni danışa bilərmi? İstənilən halda Fransa XİN rəhbərinin danışıqlarının heç bir normalara sığışmadığı özünü göstərir və simasızlığını bir daha təsdiq edir.

Stefan Sejurne həddini aşır və məhz özünün ritorikası artıq nəzarətdən çıxıb

“Azərbaycanın ritorikasının nəzarətdən çıxdığını nəzərə alsaq, biz çox narahatıq. Biz Bakıdan gələn saxta xəbərlərin də artdığını görürük və onlar eskalasiyada Ermənistanı günahlandırmağa meyllidirlər, baxmayaraq ki, Ermənistan bundan yayınmağa çalışır. Hörmətli Entoni, düşünürəm ki, Bakıda keçiriləcək COP29 sammitinə 6 ay qalmış biz buna həddindən artıq diqqət yetirməliyik”, deyə Stefan Sejurnetin bəyan etməsi isə artıq həyasızlığın ekstremum nöqtəsidir. Ona görə ki, Sejurne həddini aşır və məhz özünün ritorikası nəzarətdən çıxıb. Yenə də həmin o Sejurneyə üz tutub soruşmaq istərdik ki, Azərbaycanın ritorikası niyə nəzarət altında hesab olunmalıdır axı? Bəyəm o başa düşmür ki, Azərbaycan müstəqil, suveren ölkədir və ritorikasında da, bəyanatlarında da kimlərdənsə asılı sayıla bilməz? Bir Avropa ölkəsinin XİN rəhbəri bu qədər məsuliyyətsizdir, yoxsa ona bu məsuliyyətsiz davranış şansı verən Makron kimi ağasından istifadə edərək həyasızlıq və simasızlıq edir? Hər halda bizə də dünya ictimaiyyətinə də Fransa rəsmilərinin ədalətsiz, ikiüzlü mövqeyi çoxdan bəllidir və istər Sejurne olsun, istərdə də Makron, hər biri sayıqladıqda, ədalətsizcəsinə ikiüzlülük nümayiş etdirəndə özlərinin necə simasız olduqlarını ortaya qoymuş olurlar.

Yalan danışmaq, simasızlıq etmək elə Sejurnenin özünə qalıb, çünki Fransa XİN rəhbərinin kimliyi dərhal bəlli olub

Blinkenin özü belə öz çıxışında Ermənistan-Azərbaycan münasibətləri mövzusuna toxunmayıb. O zaman Stefan Sejurne Ermənistanın ərazi bütövlüyü məsələsini kiminlə müzakirə edib? Bu yekəlikdə yalanı uyduran həyasız heçmi simasızlıq etməkdən utanmır? Bəli, hətta ABŞ dövlət katibi Azərbaycan prezidenti İlham Əliyevə də zəng edib. Dövlətimizin başçısı da öz növbəsində hər zamankı kimi inandırıcı və qətiyyətli şəkildə Stefan Sejurnetin səsləndirdiyi yalan fikirləri təkzib edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan 2022-ci ildə Praqada keçirilən müşavirədə qəbul edilmiş bəyanata və Almatı bəyannaməsinə sadiqdir. Bir sözlə, yalan danışmaq, simasızlıq etmək elə Sejurnenin özünə qalıb və Blinken də vəziyyətin necə olduğunu və Fransa XİN rəhbərinin kimliyini bu dəfə tam dəqiqliyi ilə müəyyən edə bilib. Daha doğrusu, onun öz prezidenti makron kimi simasızlığına əminliyi daha da artıb. Çünki ermənipərəst mövqe tutan, Cənubi Qafqaz regionunda müharibəni qızışdırmaq siyasəti həyata keçirməyə çalışan rəsmi Paris nümayəndələrinin məhz ölkə rəhbərimiz tərəfindən necə sərt və aydın şəkildə ifşa edilməsinin növbəti nümunəsi Blinkenin qarşısına qoyulub. Bununla hətta Blinken bir daha əmin olub ki, Fransa Xarici İşlər Nazirliyi rəhbərinin açıqlaması odun üstünə benzin tökmək siyasətinin bir nümunəsidir.

Azərbaycan Prezidentinin XI Qlobal Bakı Forumunda vurğuladıqları fonunda Fransa rəsmilərinin dedikləri simasızlıqdır

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda XI Qlobal Bakı Forumunda “Parçalanmış dünyanın bərpası” mövzusunda söylədiyi fikirləri də Blinken çox güman ki, unutmayıb. “Biz inanırıq ki, sülh əldə edilə bilər. Bizim istədiyimiz budur. Biz tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə regionda düşmənçiliyə son qoymağın vaxtı çatıb”, deyə Azərbaycan Prezidenti cənab İlham Əliyevin XI Qlobal Bakı Forumunda vurğuladıqları nəinki Blinkenin heç bütün dünya siyasətçilərinin də diqqətindən yayına bilməz. Hər kəs gördü və əmin oldu ki, dövlətimizin başçısı açıq şəkildə göstərdi ki, indi Qarabağ məsələsi bağlanıb və biz sülhə çox yaxınıq. Bütün bunların fonunda məhz Fransa XİN rəhbəri Stefan Sejurne maksimum həyasızlığa əl ataraq yalan danışır və simasızlıq etməkdən çəkinmir. Ona görə çəkinmir ki, onun prezidenti Makron özü belə “bu şəkildə” davranır. Ona görə çəkinmir ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin özü belə kinli şəkildə etiraflar edir. “Ermənistana verilən Fransa silahları döyüş məqsədi daşımasaydı, Azərbaycan hər dəfə iddialarla çıxış etməzdi”, deyən fransalı diplomat Olivye Dekotini öz kinini gizlətmək belə istəməyib. Əksinə, işğalçıya dəstəyə görə həyasızcasına, simasızcasına hələ bir öyünmək kimi bir istəyə də düşüb. O, utanmazcasına əlavə edib ki, Fransa KTMT üzvünə silah verən ilk NATO ölkəsidir və iki ölkə arasında yenidən əməkdaşlığa hərbi hazırlıq və fransız təlimatçıların yardımı da daxildir. Bütün bunlar əlbəttə, onu göstərir ki, Paris ümumiyyətlə sülh deyil, Cənubi Qafqaz regionunda yeni müharibə istəyir, amma həmin ölkənin rəsmiləri isə tamamilə başqa prizmada özlərini göstərməyə çalışırlar ki, elə bunun da adı simasızlıqdır.

Qanun Azərbaycanın tərəfindədir və fransalı rəsmilərin ortaya qoya biləcəkləri ancaq simasızlıqları ola bilər

Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpası, Ermənistan tərəfindən işğal olunmuş 20 faiz ərazilərinin, böyük siyasi biliyə, siyasi uzaqgörənliyə, siyasi təfəkkürə, iradəyə, qətiyyətə sahib olan dövlətimizin başçısının, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, xalqımızın həmrəyliyi, ordumuzun rəşadəti və cəsarəti ilə işğaldan azad edilməsi ölkəmizin uğurlu və prinsipial mövqeyinin məntiqi nəticəsidir. Bu, ABŞ və Fransa da daxil olmaqla, aparıcı dünya dövlətlərinin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq ədalətin, haqqın qələbə çalması nümunəsidir. Müsyö Sejurnet dirsəklərini qəzəblə dişləsə də, ovuclarını dırnaqları ilə dağıtsa da heç nəyi dəyişə bilməyəcək. Çünki Azərbaycan öz haqq işi uğrunda mübarizə aparıb, yenə də aparır və beynəlxalq hüququn bütün norma və prinspləri də bizim tərəfimizdən böyük həssaslıqla gözlənilir. Bir sözlə, Fransanın Ermənistandakı səfiri Olivye Dekotinidən tutmuş, həmin ölkənin XİN rəhbəri Stefan Sejurneyə, hətta prezident Emmanuel Makrona qədər hər bir fransalı rəsmi nümayəndə nə qədər atılıb-düşsə də qanun Azərbaycanın tərəfindədir və onların ortaya qoya biləcəkləri ancaq simasızlıqları ola bilər. Bu simasızlara isə bir şeyi xatırlatmaq istərdik ki, onların ölkəmizə müraciət etmək məqsədilə seçdikləri ton və ritorikadan hələ də bir çox suverenlik və müstəqillik atributlarından məhrum olan, hər zaman da yeni himayədar axtarışında olan Ermənistana münasibətdə istifadə edilə bilər.

“Ciddi şeylərə ciddi reaksiya vermək lazımdır”, deyən İtaliyanın baş naziri fransalı rəsmilərə dərs verib

Fransalı siyasətçilərin, ələlxüsus da rəsmilərin məsuliyyətsiz bəyanatlarından tutmuş, yalanlarına qədər bütün simasızlıqları dünyanın bir çox inkişaf etmiş ölkələrinin rəsmiləri, liderləri tərəfindən də tənqid edilib və edilməkdədir. Məsələn, İtaliyanın baş naziri Giorgia Meloni şəxsən martın sonunda Fransa prezidenti Emmanuel Makronun Avropa qoşunlarının Ukraynaya göndərilməsi ideyası ilə bağlı özünün fikir ayrılığını açıq şəkildə bildirib. Bir sözlə, heç də Makronla eyni fikirdə olmadığını birbaşa və kəskin şəkildə bəyan edib. Bununla həm də Makrona bir mesaj vermiş olub ki, onun və başqalarının yerinə danışmağa cürət etməsin, əks halda bu şəkildə cavab almış olacaq. O, siyasətçilərin çıxışlarında istifadə etdikləri tonda diqqətli olmalarının lazım olduğunu belə qarşı tərəfə izah edib və əlavə edib ki, özü də heç vaxt belə tondan istifadə etməyib. “Ciddi şeylərə ciddi reaksiya vermək lazımdır”, deyən İtaliyanın baş naziri Giorgia Meloni fransalı rəsmilərin məsuliyyətsiz fikirlər səsləndirmələrinin qəbuledilməzliyinə işarə vurub. Bu, Makronun və onun kimi digər fransız rəsmilərin siyasi edamının daha bir nümunəsi sayıla bilər.

Sejurne, eləcə də, Dekotini və Makron kimilərinə ancaq simasızlıq qalır

Eyni şəkildə kəskin fikirlərlə İtaliya Xarici İşlər Nazirinin müavini Edmondo Cirielli də Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Sejurneyə ünvanlanıb. Edmondo Cirielli Fransa XİN rəhbərini və ümumilikdə həmin ölkə rəsmilərini kəskin şəkildə qınayıb. "Azərbaycan və Ermənistan arasında atəşkəs hər iki ölkənin məsuliyyəti sayəsində möhkəmlənib, lakin... tərəflərdən başqa hansısa ölkə nümayəndələrinin hər hansı bədahətən bəyanatı gərginliyi artırma riski daşıyır", deyən Cirielli haqlı olaraq qeyd edib ki, Sejurnenin və onun kimi rəsmilərin bəyanatları Cənubi Qafqazda sülhün qurulmasında vasitəçilərin səylərinə ancaq ziyan vurur. Həqiqətən də belədir və İtaliya Xarici İşlər Nazirinin müavini tərəfindən deyilən bu fikirlər təsdiq edir ki, reallıq elə bütün dünyada çox aydın şəkildə görünür və qəbul da edilir və Sejurne, eləcə də, Dekotini və Makron kimilərinə ancaq simasızlıq qalır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə