ABŞ və Aİ-nin Cənubi Qafqazdakı oyunlarının PƏRDƏARXASI - TƏHLİL

ABŞ və Aİ-nin Cənubi Qafqazdakı oyunlarının PƏRDƏARXASI - TƏHLİL

İstər təxribat, istər faciə, istərsə də nə olmasından asılı olmayaraq, hər bir hadisənin bir mənası, bir izahı olmalıdır. Elə məhz bu baxımdan, Azərbaycanla Ermənistan arasında şərti sərhəddə müşahidə olunanların, daha dəqiq desək, hayların ciddi cəhdlə hərbi hazırlıqlarının, müxtəlif istiqamətlərində canlı qüvvə, zirehli texnika, artilleriya qurğuları, eləcə də digər ağır atıcı silahlar və texnikalar cəmləşdirməsinin də bir mənası, Paşinyan hakimiyyəti tərəfindən bir izahı olmalı idi, amma yoxdur. Hər halda Ermənistan silahlı qüvvələri qoşunlarının intensiv hərəkəti səbəbsiz deyil və bütün bunlar qətiyyən diqqətdən yayına bilməz.

Heç şübhəsiz ki, hərbi “arsenalını” Ermənistan səbəbsiz yerə şərti sərhəddə tökməz. Yəqin ki, yox dərəcəsində olan silah-sursatını, Hindistandan aldığı gərəksiz silahları, Fransanın göndərdiyi geridə qalmış zirehli texnikanı reklam etmək, göstərmək, nümayiş etdirmək kimi də hayların bir fikri ola bilməz. Çünki bunu etmək gülünc hərəkət olardı. Hər halda Azərbaycanın silahları ilə müqaisəyə belə gələ bilməyən sınıq-salxaq silahları “göstərmək” özlərinin rəzil olduqlarını etiraf etmək demək olduğunu hamıdan yaxşı haylar özləri bilirlər. O zaman, axı niyə Ermənistan olan-olmaz gərəksiz silahları, hərbi texnikanı şərti sərhəddə yığır? Sülh təşəbbüsünə cavab gözlənildiyi halda işğalçı ölkə nə planlaşdırır axı? Ümumiyyətlə, bütün bu proseslərin, Qərbin, Aİ-nin Cənubi Qafqadakı oyunlarının arxasında nə gizlənir?

Özlərini arxalı köpək görən, qurd basmaq həvəsinə düşən və “qəfil” cəsarətlənənlər

Sözsüz ki, Ermənistanda revanşist qüvvələrin bir neçə ildir baş qaldırdıqları hər kəsə bəllidir. O da bəllidir ki, həmin revanşistlər, dolayısı ilə də olsa, elə hey müharibədən, münaqişədən dəm vururlar. Daha dəqiq desək, onların, həmin o revanşitslərin istəyinin arxasında döyüş dayandığını müəyyən etmək çətin deyil və 44 günlük müharibə sona çatdığı vaxtlardan da onların nəyi isə həzm edə bilmədiklərini, əlbəttə ki, bizim qələbəmizi həzm edə bilmədiklərini açıq-aşkar görürük. Bununla belə, sual oluna bilər ki, axı niyə həmin o revanşistlər bu vaxta qədər Ermənistanı müharibəyə sürükləməyə nail ola bilmədilər? Yaxud, niyə həmin o revanşistlər bu vaxta qədər ciddi şəkildə müharibə tələbi ilə çıxış etmədilər? Ona görə ki, onlar özləri də hamıdan yaxşı bilirlər ki, bu dəfə müharibə onlar üçün daha ağır nəticələr vəd edir və bu döyüş hayların son fəlakəti sayıla bilər. Bəs yaxşı, bunu başa düşürlərsə, o zaman indi niyə şərti sərhəddə hərbi texnika yığılır və müharibə hazırlığı gedir? Əlbəttə ki, bunun da bir izahı var və yəqin ki, bu vaxta qədər hayların qoltuğunun altına qarpız, başlarının altına da balış qoyanlar, onlara vədlər verənlər daha yaxşı bilərlər bunun izahının nədən ibarət olduğunu. Hər halda Aİ və Qərb bu vaxta qədər Ermənistana həddini bildirmədisə, işğalçılığa son qoymasını tələb edərək, sülh təşəbbüsünə razılaşdırmadısa, Avropa İttifaqı həmin ölkəyə hərbi yardımın vacibliyini açıq şəkildə beynəlxalq tribunalardan bəyan etdisə, Qərb maliyyə yardımları ilə işğalçıları ruhlandırdısa, Fransa kimi bir Avropa ölkəsi rəsmi İrəvanı hər mənada dəstəklədisə, həmin ölkəyə silah göndərdisə, deməli, məhz Qərb və Aİ özü bilərəkdən Ermənistanı müharibəyə sövq edir. Hayların da “qəfil” cəsarətlənmələrinin də səbəbi bundan ibarətdir və revanşistlər də bax elə məhz buna görə indi yaman “ürəkləniblər”. Görünür, haylar özlərini arxalı köpək kimi görməyə başlayıblar və qurd basmaq həvəsinə düşüblər, amma başa düşə bilmirlər ki, dəmir yumruq indi daha güclü şəkil alıb və bu dəfə başlarına endirilsə, zərbəsinin təsirindən illərlə ayağa qalxa bilməyəcəklər. Heç fransız bacıları da onların əllərindən tutub qaldıra bilməyəcəklər, çünki xoruzun məğrur qurdla döyüş meydanına girəcək cəsarəti ola bilməz.

Müdafiə Nazirliyinin bəyanatında qeyd olunanlar 10 mindən yuxarı fərarisi olan haylar və havadarları üçün tutarlı xəbərdarlıqdır

Yenə də müharibə seçimi etmək Ermənistanın öz əlindədir. Əgər həqiqətən də işğalçı ölkə yenə itgilər vermək niyyətindədirsə, əgər yenə də olan-qalan hərbi texnikasını itirmək istəyirsə, özü bilər. Qənimətlər parkında, paytaxt Bakıda onsuz da kifayət qədər yer var və hələ nümayiş edilməli məqamlar da görünür qalmaqdadır. Amma, bəyan edildiyi kimi, hər nə olacağının məsuliyyəti artıq Ermənistan tərəfinin üzərindədir və bu barədə ölkəmiz tərəfindən dəfələrlə bəyan edilib. “Biz xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı istənilən hərbi təxribat cəhdi Azərbaycan ordusu tərəfindən qətiyyətlə yatırılacaq. Biz bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və istənilən təxribata görə bütün məsuliyyət bütünlüklə Ermənistanın və onun havadarlarının üzərinə düşəcək”, deyə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatında qeyd olunanlar haylar üçün və onların havadarları üçün kifayət qədər tutarlı xəbərdarlıqdır. Nəticəni özləri çıxarsınlar və hər halda, cəmi 44 günlük döyüş müddətində 10 mindən yuxarı fərarisi olan bir ölkə çoxdan nəticə çıxarmalı idi.

Yeni xəyallara düşmələri, yeni miflər, uydurmalar yaratmaları üçün hayları “dingildədənlər”

Sözsüz ki, erməniləri “dingildədən” var ki, yenə də olmayan ağıllarına gələni etmək istəyinə düşüblər. Hər halda aprelin 5-də Brüsseldə ABŞ dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş planı hayların yeni xəyallara düşməsinə, yeni miflər, uydurmalar formalaşdırmasına rəvac verib. Doğrudur, planlaşdırılan həmin görüşdə Ermənistanın Avropa İttifaqına üzvlüyünün, hansıki yalandan vəd verilib, perspektivləri, eləcə də Qərbin rəsmi İrəvana təqdim etməyə hazır olduğu təhlükəsizlik təminatları müzakirə oluna bilər və bunu indidən düşünən haylar ona görə quyruqlarını əqrəb kimi qaldırıblar. Hətta eks prezident Koçaryanın, “aprelin 5-də nələr olacağını görəcəksiz”, deməsi təsdiq edir ki, haylara ciddi şəkildə vədlər verilib və ona görə də belə “süni cəsarət” qazanıblar. Amma məsələnin bir tərəfi də var ki, gözümüzün qarşısında Ermənistan, Aİ və ABŞ-ın iştirakı ilə üçlü hərbi-siyasi ox formalaşır və həmin ox da məhz Azərbaycana tuşlanmaq üçün nəzərdə tutulur...

Diqqətə çatdıraq ki, rəsmi Bakı dəfələrlə bu görüşlə bağlı öz münasibətini bildirib. Bəli, həqiqətən də Azərbaycan hesab edir ki, bu cür təşəbbüslər revanşist əhval-ruhiyyənin hökm sürdüyü Ermənistanı yeni təxribatlara sövq etmək deməkdir. Bir sözlə, açıq-aydın şəkildə bildirilir ki, Qərb və Avropa İttifaqı belə addımlarla təcavüzkarı yeni təxribatlara sürükləyir. Bundan əlavə, Azərbaycan tərəfindən dəfələrlə vurğulanmışdır ki, mövcud çətinliklərə və şəraitə baxmayaraq, ölkəmiz regionda sülhün və sabitliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirmək əzmindədir. Bundan sonra Qərbin və Avropa İttifaqının “canfəşanlığını” necə başa düşək? Əgər bunlar sülh üçün çalışırlarsa, niyyətləri də sülhdürsə, Azərbaycan da həmin niyyətdə olduğunu bəyan edirsə, indi nə “əl-ayağa” düşüblər? Niyyətlərində çirkinlik yoxdursa, irəli durub sülhə dəstək versinlər. Amma şərti sərhəddə silah-sursat, hərbi texnika yığmaq heç də sülh niyyətindən xəbər verə bilməz və bunun arxasında daha nələrin dayandığını da heç şübhəsiz ki, yaxın zamanlarda görmuş olacağıq.

Sülh niyyətində olduqları barədə bəyanatları fonunda şərti sərhəddə hərbi texnika yığılması riyakarlığın son həddidir

Açıq-aşkar şəkildə görünür ki, Azərbaycanla sülhə hazır olması ilə bağlı rəsmi İrəvanın bütün bəyanatları ikiüzlülükdür və yalandır. Beynəlxalq tribunalarda çıxış edərkən, dünyanın bəzi media orqanlarına müsahibə verərkən, Ermənistanın, erməni cəmiyyətinin sülh niyyətində olması barədə erməni baş nazir Nikol Paşinyanın bəyanatlar səsləndirməsi fonunda şərti sərhəddə hərbi texnika yığılması riyakarlığın son həddidir. Çünki Ermənistanın baş naziri Nikol Paşinyanın birbaşa və aydın göstərişi, əmri belə olmadan zirehli texnikanın, artilleriya qurğularının, eləcə də digər ağır atıcı silahların Azərbaycanla şərti sərhəddə cəmləşdirilməsi və canlı qüvvənin intensiv şəkildə yeridilməsi mümkün deyil. Belə məlum olur ki, erməni baş nazir özünü sülh niyyətli göstərsə də məkrli niyyət güdür. Dildə sülhdən dəm vuran bir ölkə lideri şərti sərhəddə hərbi texnika yığmaq əmrini verərkən, nəinki ölkə ictimaiyyətindən, region ölkələrindən, ümumilikdə dünya ictimaiyyətindən də utanmır, həya etmir və görünür həya ilə hay arasında böyük bir uçurum var imiş.

Qərb Ermənistan-Azərbaycan münaqişəsindəki mövqeyində həyasızlıq və təxribatçılıq etməyə üstünlük verir

Bəli, etiraf edək ki, biz Azərbaycan ərazilərinin uzun müddət işğalı zamanı Qərbin də ikiüzlülüyünü dəfələrlə görmüşük. Bir faktı qeyd etmək kifayətdir ki, Xocalıda torpaqlarımızın zəbt edilməsinə, etnik təmizləməyə, soyqırımına görə Ermənistana qarşı hələ də heç bir sanksiya yoxdur. Üstəlik, 1992-ci ildə ölkəmizə qarşı ABŞ Konqresi Azadlığa Dəstək Aktına 907 saylı düzəlişi qəbul edib. Bəli, bu düzəliş Ermənistanın Şuşanı işğal etdiyi və Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı törətdiyi həmin o 1992-ci ildə qəbul edilib. Təkcə bu faktın özü Ağ Evin Ermənistan-Azərbaycan münaqişəsindəki mövqeyinin nə qədər rüsvayçı və səhv, yanlış olduğunu başa düşmək üçün kifayət edir. Məhz bu yeganə fakt kifayət edir başa düşülsün ki, Qərb Ermənistan-Azərbaycan münaqişəsindəki mövqeyində həyasızlıq və təxribatçılıq etməyə üstünlük verir, münaqişənin həllini və nizamlanmasına yox.

İndi də biz həmin o həyasız və təxribatçı siyasətin davam etdiyini müşahidə etdik. Ortaya çıxan ən sadə suallar belə bunu sübut etmək üçün bizə kifaəyət edir. Məsələn, sual oluna bilər ki, bir zamanlar, daha dəqiq desək, 20 faiz torpaqları Ermənistanın işğalı altında olduğu zaman Azərbaycan üçün ABŞ və Aİ ərazilərində 30 il ərzində oxşar konfrans keçirilibmi? Əlbəttə ki, keçirilməyəb. Özlərini elə aparıblar, elə bil ki, 30 ilə yaxın müddət ərzində ərazilərimizin 20 faizinin işğal olunduğu nə görməyiblər, nə də dərk belə etməyiblər. Daha bir suala Qərb və Avropa İttifaqı cavab versin görək, 44 günlük müharibədən sonra dağıdılmış Azərbaycan ərazilərində ermənilərin quraşdırdıqları, basdırdıqları minalarla bağlı problemin həlli istiqamətində hər hansı dəstək göstərilibmi? Yaxud, Qərb və Aİ həmin o basdırılan minalara görə bircə dəfə də olsun, heç olmasa Ermənistanı qınayıbmı? Mina terroru ilə insanlar həyatlarını itirdikləri bu illər ərzində Qərb və Avropa İttifaqı Ermənistandan həmin o basdırılan minaların dəqiq, düzgün xəritələrini Azərbaycan tərəfinə təhvil verməyi tələb edibmi? Heç olmasa bu barədə tövsiyyə də olsa edibmi? Etməyib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına ABŞ və Aİ hansısa köməklik edibmi? Etməyib. Ermənilər tərəfindən dağıdılmış yaşayış məskənlərinin yenidən qurulmasına, vandalların məhv etdikləri fauna və floranın bərpasına, ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın qorunmasına və bu kimi humanist tədbirlərə bir sent belə köməklik göstərməyən Qərb, Avropa bir zamanlar Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşmış ermənilərə niyə öz xoşları ilə ərazilərimizi tərk etdikdən sonra külli miqdarda vəsaitlər, yardımlar göstərməyə başladılar? Bunun adı humanizm ola bilməz. Olsa-olsa ermənipərəstlik və ikiüzlülük ola bilər. Bax bütün bu ikiüzlülüklərinin fonunda daha bir sual ünvanlana bilər ki, yuyulmamış qaşıq kimi indi nə atılıb ortaya düşüblər və bunun adını həyasızlıq və təxribatçılıqdan başqa nə qoymaq olar axı?

İstənilən təxribata görə bütün məsuliyyət bütünlüklə Ermənistanın və onun havadarlarının üzərinə düşəcək

Nə qədər pafoslu şəkildə bəyanatlar verilsə də, nə qədər boğazdan yuxarı humanizmdən dəm vurulsa da, Qərbin, Avropanın işğalçı dövləti siyasi, hərbi və maliyyə cəhətdən dəstəklədiyini görmüşük və yenə də görməkdəyik. Eyni zamanda, Qərbin və Aİ-nin sistemli şəkildə Ermənistanı Azərbaycanla yeni müharibəyə necə hazırladığını bu vaxta qədər çox müşahidə etmişik və görünür, hələ çox müşahidə edəcəyik. Görünən odur ki, Qərb məqsədyönlü şəkildə Ermənistan üçün mini-NATO mexanizmi yaratmaq niyyətindədir. Təsadüfi deyil ki, ölkəmizə qarşı istifadə etmək əmri veriləcəyi silahlarla Ermənistan təmin edilir. Biz bütün bunları görürük də, bütün bunlarla bağlı xəbərdarlıq edirik də, amma deyəsən Qərbin və Aİ-nin ikiüzlülüyü o həddə çatıb ki, Azərbaycana qarşı məqsədyönlü şəkildə həyata keçirilən təxribat siyasəti soyuqqanlıqla davam etdirilir. Amma hər dəfə olduğu kimi, yenə də xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı istənilən hərbi təxribat cəhdi Azərbaycan ordusu tərəfindən qətiyyətlə yatırılacaq və bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə, istənilən təxribata görə bütün məsuliyyət bütünlüklə Ermənistanın və onun havadarlarının üzərinə düşəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə