Azərbaycanın regionda yaratdığı reallıqları qəbul etməyən qüvvələrin olduğu bəllidir. Həmin qüvvələrin məkrli addımlar ataraq, ölkəmizə qarşı təzyiqlər edərək, faktiki olaraq, öz çirkin niyyətlərinə nail olmağa çalışdıqları da göz önündədir. Ermənistan ilə Azərbaycan arasında sülhün əldə edilməsini istəməyən bir çox ölkələrin regionda ələlxüsus sabitliyi, sülhü pozmaq üçün mənfur planlar qurduqları da artıq sirr deyil. Aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşünün də məhz belə, yaxud da buna bənzər mənfur planların reallaşdırılması üçün nəzərdə tutulduğu da aydın məsələdir. Düzdür, tərəflər bu görüşün Azərbaycan əleyhinə olmadığını bildirirlər, amma buna inanmaq çətindir.
Sülh perspektivlərinə qarşı olan və indidən ört-basdır edilən “məşvərət”
Gözlənilən və planlaşdırılan 5 aprel Blinken-Paşinyan-Ursula fon der Lyayen “məşvərətinin” Qafqazda sülh perspektivlərinə qarşı çevrildiyini ciddi-cəhdlə ört-basdır etmək istəyən erməni cəmiyyətinin cəhdləri əbəsdir. Görüşün heç bir üçüncü ölkəyə qarşı çevrilmədiyi, Ermənistanın beynəlxalq əlaqələrinin daha da yaxşılaşdırılmasına yönəldiyi iddiaları əlbəttə ki, cəfəngiyyat kimi səslənir. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Badalyanın müsahibəsində hiss olunan onun qorxu hissi, aşkar şəkildə bilinən həyəcanı deməyə əsas verir ki, reallığın təhrif olunması, eləcə də aşkar görünən əsil məqsədlərin gizlədilməsi kimi niyyətlərin üstünü ört-basdır etmək üçün səy göstərilir. Həm də axı 5 aprel görüşünun regional münasibətlər baxımından inklüziv mahiyyət daşıdığını iddia edənlər gözlərinin düz içinə, bəbəklərinə qədər yalan danışırlar. Çünki görüş inklüziv mahiyyət kəsb etsəydi, Azərbaycanın öz iştirakı olmadan Azərbaycanla əlaqəli planlanan müzakirələr aparılması barədə heç düşünülməzdi və ən azından konkret müzakirə olunacaq məsələlər barədə öncədən məlumat verilərdi.
Sülh məsələsində indiyə kimi heç bir təşəbbüsə imza atmayanlar sülhə hazır ola bilməzlər
Maraqlı və həm də gülünc olan odur ki, Brüsseldə keçirilməsi nəzərdə tutulan 5 aprel görüşünun regional münasibətlər baxımından inklüziv mahiyyət daşıdığı iddia edilir, Azərbaycanla sülh sazişini elə indicə imzalamağa hazır olduqları barədə Ermənistan XİN rəsmisi sevincək bəyan edir, amma elə bil dərk etmir ki, sülh təşəbbüsü ilə bağlı Azərbaycan çoxdan çıxış edib. Nə əcəb bu vaxta qədər belə sevincək olmayıblar? Düşündürücü olan sual odur ki, bu vaxta qədər sülh barədə düşünməyən erməni cəmiyyəti indi Azərbaycanla guya planlaşdırılan sülh sazişinə görə nə yaman sevincək olub? Qətiyyən inandırıcı görünmür və son 3 il ərzində razılaşmalara, sülh təşəbbüslərinə məhəl qoymayan Ermənistanın birdən-birə mələk donu geyinməsi, sülh üçün guya çalışması heç də məntiqi səslənmir. Həm də axı Ermənistanın sülhə hazır olduğunu deyən XİN rəsmisi özü hamıdan da yaxşı bilir ki, sülh məsələsində indiyə kimi heç bir təşəbbüsə imza atmayan Paşinyan sülhə hazır ola bilməz. Bir sözlə, işğalçı ölkənin o yekəlikdə nazirlik rəsmisi qızıl-qırmızı yalan danışır. Amma sual olunur ki, niyə və nəyə görə yalan danışır? Yalan danışmaqda məqsəd nədir?
Qərb və Avropa Ermənistanı hədsiz dərəcədə təhlükəli oyunların alətinə çevirir
Daha bir düşündürücü məqam erməni cəmiyyətinin 5 aprel tarixini səbirsizliklə gözləməsidir. Hətta həmin günün haylar üçün az qala, bayram günü olacağı barədə Ermənistana məxsus mətbuat səhifələri xüsusi fikirlər yayırlar. Məsələn, Ermənistana məxsus armenianreport.com saytında “Ermənistan 5 aprel tarixində Rusiyadan azad olacaq” başlıqlı yazı dərc edilib. Əslində, yazıda işğalçı ölkənin azadlığa çıxacağı, guya bundan sonra bildiyi kimi qərar verəcəyi təbliğ edilir və hətta Ermənistanın sivil ölkələr ailəsinə rəsmi qəbul ediləcəyi pafoslu şəkildə qeyd edilir. Ən gülməli olan odur ki, bu arada həmin o məşhur erməni xəbər saytı Rusiya XİN rəsmisi Mariya Zaxarovanın da fikirlərini oxucuları ilə bölüşür və onun, “Qərb dünyanın gözü qarşısında Ermənistanı hədsiz dərəcədə təhlükəli oyunların alətinə çevirir”, fikirlərini də qeyd edir. Etiraf edək ki, Zaxarova həqitən də haqlıdır. Əslində, elə ən böyük reallıq və həqiqət bundan ibarətdir. Bu reallığı haylar da dərk edirlər, özlərini qanmazlığa qoysalar belə. Başa düşürlər ki, ancaq alət olaraq istifadə olunmaqdadırlar və əvəzində də qarşılarına tula payı vəsaitlər atılır. Hətta bunun sonda ağır nəticələrini də düşünüb narahat olurlar. Daha dəqiq desək, pafoslu fikirlərin fonunda qorxu kompleksi də dərhal hiss olunur. Ona görə ki, nə qədər pafosla danışalar belə, haylar yaxşı başa düşürlər ki, onlar bir boyunduruqdan yaxa qurtardıqları təqdirdə digəri ilə qarşılaşmalı olacaqlar. Faktiki olaraq görünən odur ki, Rusiyanın qanadı altından çıxıb, Qərbin təhlükəsizlik çətiri altına girməklə, Ermənistan öz suverenliyini yenidən satmaqdadır. Bu cidanı isə çüvalda gizlətməyin mümkünsüzlüyünü haylar özləri hamıdan yaxşı bilirlər və narahatlıqları da anlaşılandır.
Aİ, ABŞ və Ermənistanın birgə oynadığı geosiyasi vals
İlk baxışdan da görünür ki, Aİ və ABŞ-ın Cənubi Qafqaz siyasətinin əsas məqsədi Rusiyanın regiondan uzaqlaşdırılması, ən azından, təcrid olunmasıdır. Ermənistan cəmiyyətində də Rusiya ilə bağlı eyni fikirlər səsləndirilməsi tamamilə üst-üstə düşür. Məhz buna görə də Ermənistan mütəmadi olaraq bu mövzuda görüşlərə sürüklənir. Hətta Qərb üçün maraqlı olan budur ki, Ermənistan kimi digər region ölkələri də Aİ və NATO-nun anti-Rusiya alyansına qoşulmasına hazır və maraqlı olsunlar. Azərbaycanın, hətta Gürcüstanın özünün də Aİ və NATO-nun anti-Rusiya alyansına qoşulmasına hazır olması üçün Qərb çox maraqlıdır, amma Azərbaycan üçün milli maraqlar daha öndə durur və rəsmi Bakı nə Qərbin, nə də Avropanın diqtəsi ilə oturub-durmur. Ermənistandan fərqli olaraq, Azərbaycanın özünün müstəqil siyasəti var və bu siyasəti yürüdərkən Qərbin, ya da Avropanın xoşuna gəlib-gəlməyəcəyi qətiyyən nəzərə alınmır. Ona görə də Qərb məhz heç bir müstəqil siyasəti olmayan Ermənistandan dörd əllə yapışıb və rəsmi İrəvan Rusiya əleyhinə planlara xidmət edən alət hesab edilir. Ermənistanın Rusiya ilə hərbi ittifaqdan çıxması Vaşinqton və Brüssel üçün böyük “strateji uğur” hesab olunur. Sözsüz ki, məhz buna görə, bu strateji uğura görə də Qərbin münasibəti fərqlidir və çox güman ki, buna görə hələ Qərb Ermənistanı mükafatlandırıla da bilər. Daha dəqiq desək, hayların marionetliyi müqabilində Qərb də öz növbəsində Azərbaycanla münaqişədə Ermənistana əlavə dəstək verə bilər. Onu da nəzərə alsaq ki, ABŞ və Aİ-nin Qafqazda Rusiyanı təcrid etməkdən başqa geosiyasəti yoxdur və bunun üçün region ölkələri arasında alət axtarır, deməli, Ermənistan “göydəndüşmə” hesab oluna bilər. Bu vəziyyət görüntü və məzmun etibarı ilə onların birgə geosiyasi vals oynadıqları qənaətinə gəlməyə əsas verir.
Planlaşdırılan 5 aprel görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər
Etiraf etmək lazımdır ki, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. Qərbin kollektiv dəstəyini alan Ermənistanın Azərbaycana qarşı revanşizm siyasətinə yenidən qayıtmaq arzusuna düşə biləcəyi də gözləniləndir. Revanşist siyasətinə qayıtmasa belə, Ermənistanın bundan əvvəlki mövqedə, yəni, hansısa şəkildə razılığa gəlmək, el dili ilə desək, “dil tapmaq” istəyi artıq hiss olunmayacaq. Əgər 44 günlük müharibənin ardınca bağlanılan sazişin fonunda belə Ermənistan tərəfi sülhlə bağlı gözləmə mövqeyində dayandısa, şərtlərin dəyişməsi ümidi ilə məsələni uzatdısa, deməli, bu ölkə indi Qərb dəstəyini alacağı təqdirdə tamamilə başqa şəkildə mövqe sərgiləmək niyyətindədir. Daha dəqiq desək, Ermənistan bir qədər fərqli, müdafiəçiləri olan ölkə kimi çıxış etmək arzusundadır və həqiqətən də Qərbin dəstəyini görən kimi, burunlarını yuxarı qaldıracaqlarını müşahidə etmiş olacağıq. İstənilən halda, planlaşdırılan 5 aprel görüşünün bölgədəki tarazlığa mənfi təsir göstərəcəyi, tarazlığı poza biləcəyi gözləniləndir. Bölgədəki maraqlarını Ermənistan üzərindən həyata keçirmək niyyətində olan Qərbin həmin ölkəni dəstəkləyəcəyi də təkzib edilə bilməz. Ona görə də 5 aprel görüşü ümumiyyətlə, region üçün, regionun təhülkəsizliyi üçün haqlı olaraq, bir risk hesab olunur.
Ermənistanın hansı havaya oynayacağı rəsmi Bakını qətiyyən narahat etmir
Avropa İttifaqı, Fransa və ABŞ-ın birlikdə sifariş verdiyi havaya Ermənistanın oynamaq həvəsi çoxdan hiss olunur. Amma bunun ardınca nələr olacağının hayların heç ağıllarına da gəlmədiyi də göz önündədir. Təəssüflər olsun ki, Qərb, eləcə də Avropa da Azərbaycanın formalaşdırdığı yeni geosiyasi reallığı möhkəmləndirmək, buna dəstək vermək əvəzinə Cənubi Qafqazda ancaq qeyri-sabitlik yaradaraq öz maraqlarını təmin etmək niyyətindədir. Bütün bunlar heç də yaxşı nəticə vəd edə bilməz. Doğrudur, Azərbaycan hər zaman olduğundan da güclüdür, güclənməkdə də davam edir və ümumiyyətlə, Ermənistanın hansı havaya oynayacağı rəsmi Bakını qətiyyən narahat etmir. Çünki vacib olduğu məqamda dəmir yumruq dərhal işə düşə və öz işini görə bilər. Lakin etiraf etmək lazımdır ki, yeni həvəsə düşmələrinin, yaxud, həvəsləndirilmələrinin, ruhlandırılmalarının ardınca ermənilər Cənubi Qafqazda hansısa bir təxribat törədiblər. Yenə də onların həvəsləndirilməsi, ruhlandırılması istisna edilə bilməz və bununla da bəlli olur ki, haylar yenidən təxribatlara əl ata bilərlər.
Ermənistanı regiondan qoparmaq yolu ilə qeyri-sabitlik yaratmaq məqsədi
Baxmayaraq ki, müharibənin qalibi Azərbaycandır, sülh təşəbbüsünü də rəsmi Bakı irəli sürüb. Bir sözlə, Azərbaycanın əsas məqsədi sülhdür, regionda daimi olaraq sülhün bərqərar edilməsidir. Amma onu da qəbul etmək, etiraf etmək lazımdır ki, sülh sabitliklə, ələlxüsus da regionda olan ölkələrin kənar müdaxilə olmadan bir-biri ilə əlaqələrini qurması ilə əldə edilə bilər. Məsələ burasındadır ki, “ipinin üstünə yük yığıla bilməyən” Ermənistan region ölkələri ilə əlaqələr qurmaq niyyətində görünmür. Rəsmi İrəvan qarşılıqlı əlaqələrə meyl belə göstərmir və daim kənar müdaxilələrə qapı açır. Bu isə sülh üçün qətiyyən münbit şərait hesab oluna bilməz. Deməli, Ermənistan necə olur-olsun Azərbaycanın apardığı sülh siyasətini əngəlləmiş olur. Üstəlik, Ermənistandan bir alət kimi istifadə edilərək regiona müdaxilə edilir və nəticədə də bölgədə əmin-amanlığın bərqərar olmasına süni şəkildə problemlər yaradılır. Məhz bu baxımdan da hesab edilir ki, 5 aprel görüşü Ermənistanı regiondan qoparmaq yolu ilə burada qeyri-sabitlik yaratmaq məqsədi daşıyır. Məhz buna görə də bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur. Hər kəs yaxşı bilir ki, öncədən yazılan bu fəlakətli ssenari Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, sabitliyin davamlı olaraq təmin edilməsinə yox, Qərbin, eləcə də Avropanın məhz Cənubi Qafqaza yerləşməsinə, region ölkələrinin Moskva ilə çoxəsrlik əlaqələrinin pozulmasına hesablanıb. Bu hesablamanın fonunda isə nəinki Ermənistan kimi bir cırtdan bir ölkəni nələr gözləyəcəyi, ümumiyyətlə, Cənubi Qafqazda hansı xoşagəlməz hadisələr baş verəcəyi də kimsələri nəinki narahat etmir, heç maraqlandırmır da. Sual doğuran məqam odur ki, nəyə görə Ermənistan bir dövlət olaraq narahat olmur? Axı bütün dünyanın gözü qarşısında kollektiv Qərb fövqəladə dərəcədə təhlükəli planlarının reallaşması üçün Ermənistanı alətə çevirir və erməni xalqının da, Ermənistan dövlətinin də müstəqilliyi, suverenliyi tamamilə əlindən alınır. Yəni, həqiqətən də bütün bunlar hayları qətiyyən narahat etməyə bilərmi?
Xəlvəti görüş keçirmək xoş niyyətdən xəbər verə bilməz
Ermənistanın yenidən silahlandırılması, Fransa, Yunanıstan, Hindistan kimi ölkələrlə birlikdə hərbi ittifaqa cəlb edilməsi müharibə təhlükəsi yaradır. Dərhal da hiss olunur ki, bu vəziyyət müharibə riskini artırır. Belə təmaslar, 5 aprel tarixində keçirilməsi nəzərdə tutulan belə görüşlər Ermənistanın sülh müqaviləsinin imzalanmasından yayınmasına, ölkə daxilində revanşist qüvvələrin aqressivləşməsinə rəvac verir. Sözsüz ki, Brüsseldə hansısa konfransın Azərbaycanın iştirakı ilə, özü də ayrı-seçkilik olmadan keçirilməsi daha məntiqli olardı. Bu zaman həmin görüş heç kimdə də şübhə doğurmazdı. Həm də həmin hal sülhün əldə olunmasına xidmət edərdi. Amma belə xəlvəti şəkildə, heç kimə heç nə bildirilmədən, əvvəlcədən barəsində məlumat verilmədən və Azərbaycan da dəvət edilmədən görüş keçirmək heç də xoş niyyətdən xəbər verə bilməz. Hər halda, Azərbaycanın iştirakı hansısa formada arzuolunan olmayıb deyə dəvət edilməyib, əks halda Azərbaycan da dəvət olunardı. Amma dəvət olunmadı. Çünki öz torpaqlarını heç kimlə məsləhətləşmədən Azərbaycanın işğaldan azad etməsi bəzi dünya güclərinin planlarını pozdu. Çünki ölkəmiz Cənubi Qafqazda yeni reallıqlar yaratdı və bu reallıqlar Azərbaycanın sülhsevər ölkə, sülhün tərəfində olan dövlət olduğunu sübut etdi. Bu hal isə Qərb və Avropa üçün heç də arzuolunan sayılmır, çünki ölkəmizi də məhz digər ölkələr, ələlxüsus da onların diqtəsi ilə siyasətini quran ölkələr siyahısında görmək arzuları gözlərində qalır.
Ermənistan müti şəkildə və ssenariyə uyğun olaraq öz rolunu oynayır, özü də canfəşanlıqla
Yaxın zamanlarda Ermənistanla sərhədlərimizdə təxribatlar, gərginlik artarsa, bu, heç də nə Qərbi, nə də Avropanı təəccübləndirməsin. Hazırda dəstək axtarışına çıxan işğalçı ölkə üçün belə bir görüş şansının verilməsi, təxribat üçün zəmin yaradır. Çünki müharibənin də, təxribatın da qarşısının alınması, Ermənistandan, onun siyasi hakimiyyətindən, ələlxüsus da bu ölkəyə dəstəyin verilib-verilməməsindən asılıdır. Ermənistanın xırda bir dəstək hiss etdiyində dərhal təxribata meyilli olduğunu dəfələrlə görmüşük. Amma oyunlara alət olan Ermənistan, bu ölkənin hakimiyyəti, xüsusən də Nikol Paşinyan birdəfəlik başa düşməlidir ki, istər Qərb olsun, istər Avropa olsun, istərsə də Rusiya olsun, onların hər birinin öz maraqları var. Başa düşməlidir ki, tarixən ermənilərdən başqalarının geosiyasi maraqlarının təmin olunmasında "alət" kimi istifadə edilib. Nədənsə, Nikol bu təcrübəyə, bu tendensiyaya son qoymaq istəyində görünmür. Deməli, hələ də alət olmaq, marionet kimi çıxış etməkdən məmnundur. Ermənistan hakimiyyəti də, ictimaiyyəti də başa düşməlidir ki, sülh üçün tarixi şans yaranıb. Başa düşməlidirlər ki, İrəvan bundan, bu şansdan istifadə edərək, qonşularla barışmalı, normal qonşuluq siyasəti qurmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Əks halda elə təxribatçı kimi də hamıdan uzaq olmalı, marginallaşmış vəziyyətdə qalmalıdır. Paşinyan da, onun hakimiyyət komandası da, ölkənin müxalifəti də, ictimaiyyəti də dərk etməlidir ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti nə qədər də qərbyönümlü meyillər nümayiş etdirsə belə hazırda MDB-nin, həm KTMT-nin, həm də Avrasiya İqtisadi Birliyinin üzvüdür. Real olaraq nə ABŞ, nə NATO, nə də Aİ ilə heç bir hüquqi əsasları olan birlik formalaşdıra bilməz. Buna cəhd belə Ermənistan üçün fəlakət deməkdir. Məhz həmin fəlakətin ssenarisi artıq hazırlanıb və Ermənistan müti şəkildə həmin ssenariyə uyğun öz rolunu oynayır, özü də canfəşanlıqla.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB