Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Ermənistan təkcə Azərbaycan torpaqlarını deyil, Gürcüstan ərazilərini də işğal edib. Bunu Ermənistan rəhbərliyi öz bəyanatlarında da dolayısı ilə təsdiqləyib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri müsahibəsində Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, politoloq Hüseyin Yusubov söyləyib.

Onun sözlərinə görə, xeyli vaxtdır ki, Ermənistanın və Gürcüstanın yüksək səviyyəli rəsmiləri danışıqlar zamanı Gürcüstanın da müəyyən ərazilərinin qaytarılacağı, iki ölkə arasında sərhədlərin delimitasiya-demarkasiya işlərinin gücləndirildiyi barədə bəyanatlar verirlər. Xüsusilə Gürcüstanın Lori bölgəsinin Allahverdi rayonu ərazisində yerləşən Cılıza kəndinin Gürcüstana qaytarılması ilə bağlı bir çox iddialar ortaya atılıb. Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə Gürcüstan hökumətinin rəhbəri İrakli Kobaxidze ilə görüşündə sərhədlərin delimitasiya-demarkasiyası məsələsini yenidən gündəmə gətirib.

Paşinyan Gürcüstanın və Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin tanınmasının bəyannamədə mühüm element olduğunu bildirib.

Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan xüsusilə hansı ərazilərin demarkasiya edilməli olduğunu və Cılıza kəndinin də buraya daxil olub-olmadığına aydınlıq gətirib. O, Gürcüstanın və Ermənistanın baş nazirlərinin görüşündə demarkasiya işlərinə toxunulduğu və çoxdandır bu məsələ haqqında müzakirələrin aparıldığını bildirib.

Politoloq deyib ki, Ermənistan-Gürcüstan dövlət sərhədinin demarkasiyası məsələsi 1992-ci ildən müzakirə olunur. 1996-cı ildən iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası komissiyaları fəaliyyət göstərsə də, hələlik ciddi nəticə yoxdur və komissiya çox passiv rejimdə işləyir.

“Heç kimə sirr deyil ki, 100 il bundan əvvəl Gürcüstanın Lori bölgəsi fransızların və ingilislərin dəstəyi ilə əvvəlcə neytral ərazi elan edilib, sonra isə Ermənistanın nəzarətinə verilib. Bu gün məsələnin yenidən gündəmə gətirilməsi, xüsusilə də Ermənistan işğalı altında olan bu ərazilərin qismən də olsa qaytarılması barədə fikirlər Lori bölgəsinin işğalının de-yure tanınması deməkdir”, - deyə Hüseyin Yusubov vurulayıb.

Politoloq hesab edir ki, “dənizdən-dənizə” xülyası ilə yaşayan Ermənistan hər zaman xarici havadarlarının köməyi ilə qonşu ölkələrin ərazilərini işğal edib. Bu işğal ya silah gücünə, ya da kimlərinsə siyasi hoqqabazlığı, riyakarlığı səbəbindən baş verib. Bu gün istər Gürcüstan, istərsə də Azərbaycan ərazilərinin Ermənistan tərəfindən geri qaytarılması barədə səslənən fikirlər, irəli sürülən ideyalar yuxarıda dediklərimizi bir daha sübut edir.

“Ümid edirik ki, tarixi ədalət - ərazi bütövlüyümüz yaxın vaxtlarda bərpa olunacaq və biz regionda təhlükəsizlik, sülh şəraitində yaşayacağıq” – deyə, o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə