“2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi təsadüfi deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“COP29 tədbirinin keçirilməsi ümumilikdə dünya ekologiyasının qorunmasına, iqlimin təmiz olmasına bir çağırış məqsədi daşıyır. Dünya zaman-zaman planetin qorunmasının vacib olduğu qənaətinə gəlir. Keçirilən tədbirlər zamanı bütün dünyanı diqqəti həmin ölkəyə yönəlir. Lakin növbəti konfransların keçirilməsi növbəlilik əsasında deyil, daha çox konfransın keçirilməsinə layiq olan ölkənin səsvermə yolu ilə seçilməsi nəticəsində baş tutur. Azərbaycan isə bu statusu qazandı və konfransın keçirilməsi üçün ciddi hazırlıq işi görür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, 2024-cü ilin ölkə başçısı tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də təsadüfi deyil: “Bu il Azərbaycan dövlətinin məqsədi yaşıl dünyanın prosesində Azərbaycan nümunəsinin göstərilməsidir. Bu istiqamətdə ölkəmizdə yaşıl enerji məsələsinə xüsusi diqqət ayrılır, yeni layihələrin həyata keçirilməsi zamanın ekoloji normalara uyğunluğu yoxlanılır. İşğaldan azad olunan ərazilərdə ağıllı kənd, ağıllı şəhər prinsipi ilə yaşayış məskənləri bərpa edilir. Yaşıl enerji həmin bölgələrin elektrik enerjisi ilə təmin edilməsində böyük rol oynayır.

Tədbirin Azərbaycanda keçirilməsi isə dünyanın diqqətinin bir daha ölkəmizə yönəlməsinə, Azərbaycanın tək ekologiya uğrunda mübarizədə deyil, ümumiyyətlə müstəqil dövlətçilikdə qazandığı nailiyyətlərlə tanış olmasına gətirib çıxaracaq. Verilən ilkin xəbərlərə görə, 110 ölkənin hökumət və dövlət başçıları və 70 minə qədər konfrans iştirakçısı Azərbaycanın qonağı olacaq. COP29 təkcə Azərbaycan tarixində deyil deyil, bütövlükdə bu konfransların tarixində mühüm yer tutacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə