Moskva anklavlar məsələsinin həllinə köməklik göstərməyə hazırdır

Ərazilərin, o cümlədən, anklavların məsələsi, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir.

SİA xəbər verir ki, bu barədə bu gün keçirilən brifinqdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin (RF XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

“Biz, öz tərəfimizdən, Rusiyanın əlində olan unikal kartoqrafik materiallar və ekspertiza əsasında maksimum dərəcədə köməklik göstərməyə hazırıq. Analoji prinsiplər Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılmasına da aiddir”, - diplomat bildirib.

O xatırladıb ki, söhbət Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən, Ermənistanın Sünik vilayətinin (Zəngəzur – red.) ərazisindən keçən marşrutdan gedir.

Mariya Zaxarova vurğulayıb ki, kompromislərin inkişaf etdirilməsi üçün özünü doğrultmuş əsaslı mexanizm mövcuddur – bu, Rusiya, Azərbaycan və Ermənistan baş nazirləri müavinlərinin üçtərəfli işçi qrupudur.

“İşçi qrupunun 2023-cü il iyunun 2-də keçirilmiş sonuncu iclasında tərəflər regionda nəqliyyat-iqtisadi marşrutlarının açılması ilə bağlı kompleks şəklində, qarşılıqlı olaraq faydalı qərarın qəbul edilməsinə yaxın idilər. Biz tərəfdaşları siyasi iradə göstərməyə və üçtərəfli işçi qrupu da daxil olmaqla, yaradılmış üçtərəfli formatların qarşılıqlı fəaliyyətini bərpa etməyə çağırırıq”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə