“Qərb dairələri hüquqi prosedurları gözləsinlər” - MÜNASİBƏT BİLDİRİLDİ

“Qərb dairələri hüquqi prosedurları gözləsinlər” - MÜNASİBƏT BİLDİRİLDİ

“Ümumiyyətlə, Qərb dairələrinin Azərbaycanda həbs olunan şəxslərlə bağlı məhkəmə hökmü olmadan onları "siyasi məhbus" adlandırması hüquqi nihilizm təfəkkürüdür”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.

Elşad Məmmədli sözlərinə belə davam edib: “Qubad İbadoğlu hazırda istintaq altındadır və ona verilmiş ittihamlar üzrə araşdırmalar davam edir. İttihamlar isə kifayət qədər ciddidir və birbaşa dövlət mənafelərinə qarşı əməlləri ehtiva edir. Əgər bu ittihamlar təsdiqini istintaqla taparsa, bu cür əməlləri törədən şəxs istənilən ölkədə, ABŞ-da, Fransada, Norveçdə və s. - dünyanın hər yerində ciddi cəzalandırılır, burada hər hansı siyasi məhbus iddiasından söhbət getmir. Qubad İbadoğluya elan olunmuş ittihamlara sonda məhkəmə qərar verəcək. Yaxşı olar ki, Qərb dairələri hüquqi prosedurları gözləsinlər.

Biz hələ 2000-ci illərin əvvəllərindən Avropa Şurasının, Qərb institutlarının siyasi məhbus məsələsindən Azərbaycana qarşı siyasi təzyiq aləti kimi istifadə etməsinin şahidiyik.
Hətta terror törətmiş şəxsləri də onlar siyasi məhbus elan edərək, bundam eybəcər siyasi məqsədləri üçün istifadə etməyə çalışıblar.
Hesab edirəm ki, indiki həssas vaxtda siyasi məhbus iddialarının yenidən gündəmə gəlməsi birmənalı olaraq Azərbaycana qarşı təzyiq aləti kimi istifadə cəhdidir. Sülh prosesində bundan bizə qarşı yararlanmaq cəhdlərini də istisna etmirəm”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə